adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
18 Dekabr 2020 13:51
110157
ƏDƏBİYYAT
A- A+

Tofiq Bayram son nəfəsinə kimi “Qarabağı vermərəm!”- dedi

Bu gün babam, Azərbaycanın əməkdar incəsənət xadimi, şair Tofiq Bayram yaşasaydı, 86 yaşı tamam olacaqdı. Mən babamı görə bilməsəm də, daima onun sənət və yaradıcılığının pərəstişkarı, şeirlərinin vurğunu olmuşam. Hələ uşaq ikən babamın yaradıcılıq tədbirlərində iştirak etmiş, onun şeirlərini söyləmişəm. Mən onun ömür-gün yoldaşı olan rəhmətlik nənəmin adını daşıyıram. Rəhmətlik Zərifə nənəm bizimlə birgə yaşadığı üçün hər axşam mənə onun yaradıcılığından bəhs edərdi. Facebook sosial şəbəkəsində “Tofiq Bayram” səhifəsində tez-tez çoxsaylı oxucularının istəklərinə əsasən şeirlərini nənəmlə birgə yazır, şəkillərini paylaşırdıq. Nənəm mənə hər zaman deyərdi ki, "Bir gün dünyadan köçsəm, sən onun şeirlərini təbliğ etməyə davam et, onun yaradıcılığını ən gözəl şəkildə işıqlandır". Şair Tofiq Bayram son nəfəsinə kimi “Qarabağı vermərəm!”- söylədi! Rəhmətlik nənəm həmişə danışardı ki, 1988-ci ildən bəri başlayan mənfur ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər babamı çox narahat edirdi. Babamın Qarabağın işğal olunduğu hadisələri görməməsinə rəğmən, hələ o dövrdə düşmənin öz mövqeyini necə ortaya qoyduğunu, Azərbaycanın ən gözəl, ayrılmaz hissəsi olan Qarabağda gözü olduğunu görürdü. Bütün bunlardan təsirlənən babam o dönəmdə "Qarabağı vermərəm" şeirini yazmaq qərarına gəlir. İllərdir bu şeir dərsliklərdə, uşaqların, hətta gənclərin dilində səslənir. Belə bir vətənpərvər ruhlu şairin nəvəsi olmaq həqiqətən mənə fəxarətdir. Bu gün ölkəmiz özünün ən şanlı tarixini yaşayır, Qarabağ öz doğma evinə qayıdıb. İkinci Qarabağ müharibəsi müddətində hər dəfə cənab Ali Baş Komandanımız prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” - deməsi və işğaldan azad olunan torpaqlarımız haqqında xəbəri eşitdikdə, babamın ruhunun necə şad olduğunu təsəvvür edib, şad oluram. Babam elə bir şair idi ki, onun hər mövzuya aid şeirləri var idi. Amma o, əsasən vətənpərvərlik mövzusunda yazdığı şeirləri ilə seçilirdi. Onun vətənpərvərlik mövzusunda yazdığı şeirləri indi də öz aktuallığını qoruyub, saxlayır:

 

Ən gözəl

 

Ey könül, ümmanlar coşsun səsində,

Şeirin qanad açan günüdür bu gün.

Bütün ölkələrə Yer kürəsində

De ki, Azərbaycan günüdür bu gün!

 

Dostları şad görüm, yadları dalğın,

Arzumun gül açan günüdür bu gün.

Şöhrətli vətənin, qeyrətli xalqın

Tarixə nur saçan günüdür bu gün.

 

Payızdan xoş ətri gəldi baharın,

Elimin sevinci aşıb-daşıbdır.

Sifəti nurlanıb ağsaqqalların,

Ağbirçək analar cavanlaşıbdır.

 

Dünyanı mat qoyub bu arzu, həvəs,

Xalqımın öyünən günüdür bu gün.

Bütün ürəklərin həmrəy, həmnəfəs

Sevinclə döyünən günüdür bu gün.

 

Bayramın mübarək, ey ana Vətən!

Hünərlər, zəfərlər izləyir səni,

Şöhrətin ən uca zirvəsindəsən,

Hələ çox zirvələr gözləyir səni!

 

  Babamın sayəsində şeirə olan marağım o qədər artmışdı ki, mən də vaxtı ikən əlimə qələm alıb, şeir yazmaq qərarına gəlmişdim. Və 2003-cü il öz şeirlərimdən ibarət "Mənim sirli-sehrli dünyam" adlı kitabım işıq üzü görmüşdü. Şeirlərimin arasında babama ithaf etdiyim "Mənim şair babam" adlı şeirim də dərc olunmuşdu.

Mən qısa da olsa, babam şair Tofiq Bayram haqqında xatirələrimi sizinlə bölüşməyi özümə borc bildim. Çünki, babam mənim idealımdır, mən babamla fəxr edirəm!

 

Zərifə Bayramova