adalet.az header logo
  • Bakı 18°C
18 Dekabr 2020 09:11
54488
ƏDƏBİYYAT
A- A+

Can-qan qardaşım -Türk Əsgəri, xoş gəldin

1992-cı ilin 15 sentyabrı idi. M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanaya “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan mətbuatı (1918-1920-ci illər)” sərlövhəli məqaləmlə bağlı material toplamaq üçün gəlmişdim. Kitabxananın Mətbuat bölməsinin oxu zalında mətbuatımızın, ədəbiyyatımızın, teatrımızın canlı salnaməçisi olan Qulam Məmmədli ilə görüşdüm. (Yeri gəlmişgən qeyd edim ki, Qulam Məmmədli və görkəmli yazıçımız Qılman İlkin uzun illər mənə arxivlərdə tədqiqat işi aparmaqda dəstək oldular. Hətta xəstə olanda belə kömək etdilər, qayğı ilə yanaşdılar. Bu gün bu sahədə az-çox nə naliyyətlər əldə etmişəmsə ilk olaraq onlara borcluyam. Hər ikisinin məzarı nurla dolsun). Salam-kalamdan sonra Qulam müəllim oxuduğu məqaləni göstərərək dedi: Qızım, bu məqalə Bakının qurtuluşuna həsr eduilib. (Qarşısındakı 1918-ci ilin oktyabrında Bakıda çap olunan “Azərbaycan” qəzeti idi). Heyif, çox heyif ki, bu günkü gəncliyin bu böyük zəfər günü haqqında məlumatı yoxdu.15 sentyabr qurtuluş günüdür. Bu zəfəri bizə türk qardaşlarımız yaşatdı. Qafqaz İslam Ordusu 1918-ci ilin 15-sentyabrında Bakını ruslardan, ermənilərdən, yerli bolşevik gedalarından azad etdi. Qızım Türk ordusunun Azərbaycana gəlişinə xalqımız necə sevinirdi. Mən bunun şahidi olmuşam. “Daha qorxu yoxdur” deyə hamı bir bir-birini təbrik edərək, gözaydınlığı verirdi. Heyif Türk ordusu Azərbaycanı çox tez tərk etdi. Ondan sonra ölkəmizdə vəziyyət get-gedə pisləşdi. Gənc Milli hökumətimiz hər tərəfli təziqlərə məruz qaldı”.

            Görkəmli yazarımız Qılman İlkin demiş “Türklərdən sonra yeni Azərbaycan Respublikası bir növ yetim qaldı”. Bəli. Əslində Azərbaycanın yetimliyi nə az, nə çox düz 70-ildən çox çəkdi. Qan libasına bürünmüş Sovet imperiyasının “xalqlar dostluğu və qardaşlığı” pərdəsi altında başımıza gətirdiyi müsibətlər, qanlı-qadalı faciələr bəşər tarixində görünməyən bir haldır. Doğma qardaşdan uzaqlaşaraq, (əslində Sovetlərin zor gücünə uzaqlaşdırılaraq) düşməndən qardaş etmək xülyasına düşdük. Amma zaman sübut etdi ki, “İblis elə həmişə iblis imiş”.                    

            

Bunları 10 dekabr 2020-ci ildə Bakının Azadlıq meydanında kecirilən Zəfər paradını seyr edərkən xatırladım. Bu zəfərimizə, sevincimizə şərik olan can-qan qardaşımız Türk əsgəri, Can-Azərbaycana xoş gəldin. Qanı-canı bir qardaşını (Şuşa döyüşlərindəki igidliyi ilə dünya hərb tarixinə düşən-Azərbaycan əsgərini) meydanda tək qoymadın, arxa oldun, dayaq oldun. Sevgini, sayğını əsirgəmədin. Gəlişinlə bir daha sübut etdin ki, “arxalana biləcəyimiz ən etibarlı və yeganə qüvvət damarımızdan axan türk qanıdır”. Dünyanı igidliyin və cəsurluğunla heyrətləndirən Türk Əsəgəri- gəlişin o qədər sevinç bəxş etdi ki, onu sözlə vəsf etmək mümkünsüzdür. Bu gəlişini nə az, nə çox düz 102-il gözlədik. Gəlişinlə “geni bir, dili bir, dini bir qardaşlarının” qəlbinə rahatlıq,  əmin-amanlıq gətirərək sübut etdin ki, “Türk ulusu, Türk yurdu, Türk dövləti, Türk törəsi pozulmaz!”. Türkün yenilməz ruhunu birləşdirərək tarixin ən çətin anlarında qan-can qardaşlarına “Türkə-yiyə Türkiyədir” deyərək alınmaz, basılmaz bir qala kimi dayaq oldun -qardaşına.

          

“Türkiyə təkcə bir ölkənin adı deyil, arxasında Türk cümhuriyyətləri, küllən Türk milləti dayanan möhtəşəm bir Türk qibləgahıdır” anlamını bütün dünyaya bəyan etdin. “Nə xoşbəxtdir Türkəm deyən” sözlərini cəsarətinlə, qəhramanlığınla, mərdliyinlə “lövhələrə yox, könüllərə yazdın”. “Türk, törədən-Turana gedir” deyiminlə düşmənlərini lərzəyə saldın. Yüksəlişini həzm edə biləyən düşmənlərin belə şüçayətini, şöhrətini etraf etdi.  

         

Hələ 18-ci yüzillikdə fransız filosofu Şarl Lui Monteskye yazırdı ki, “Dünyanın heç bir xalqı fatehlik şöhrəti və əzəməti ilə Türklərlə yarışa bilməz”. Unutmaq olmaz ki, şərəfli və zəngin tarixə malik olan Türkün “qüdrəti onun vətən əxlaqındadır”. Böyük türkçü Ziya Gökalp boşuna deməyib “Türk tarixi başdan-başa əxlaq üstünlüklərinin sərgisidir”. Türk qüruru, saflığı və qəhramanlığı, təfəkkürünün qüdrəti zəfər dolu kemişindən, şanlı gələçəyinə yön alan bir yoldur. Ona görə də tarixdə baş verən bütün hadisələr, tarixi faktlar bir daha sübut edir ki, “Türk imperiyaları işğal yolu ilə yox, Vətən sevgisi yolu ilə yaranıb”. “Parçala, höküm sür” siyasətindən uzaq olan, “mayasında ümumbəşərilik heç vaxt öləziməyən” Türk dünyası dünyaya dahiyanə elm, mədəniyyət, ədəbiyyat nümunələri bəxş edib.      

       Qafqaza sahib olmaq istəyənlər, imperiyalarını qan-qada gücünə yaradanlar, qan tökməkdən zövq alanlar unutmayın “Qafqaz millətləri tarix boyu, məhz Türklərin sayəsində bu regionda rahat yaşayıblar”. Çünki, idarəçiliyində hər zaman haqqa, ədalətə sığınan “yalnız öz azadlığını hədsiz dərəcədə sevən bir xalq başqalarının da sərbəstliyinə imkan verə bilər”. Elə ona görə də “Türkçülük Qafqazda ən güclü ideologiya oldu”. Onu unutdurmaq üçün Sovet Rusiyası hər alçaqlığa əl atdı. “1936-cı ildə İ.Stalin Konstitusiyaya dəyişiklik etdirərək dilimiz “Türk” dilindən “Azərbaycan”, milliyyətimiz isə “Türk”dən “azərbaycanlı”ya çevrirdi”. Azərbaycan türklərinə şərəf dolu tarixini, soy-kökünü unutdurmaq, can-qan qardaşlarından uzaq salmaq üçün, “haqsızlığın, ədalətsizliyin, hər cür qeyri-insani münasibətlərin icracısı olan” Sovet “KQB”si ən rəzil, ən çirkin işləri belə törətməkdən çəkinmədi. Odur ki, “milli mənsubiyyətini dananlar, mənsub olduğu xalqın tarixindən, etnoqrafiyasından xəbərsiz olanlar, özünü başqa millətlərə calaq etmək istəyən” manqurtlarımız da oldu və çox təəssüf ki, bu gün də var. Axı “meşə çaqqalsız olmaz” deyiblər. Milli kimliyindən uzaq düşmüş bu manqurtlar unudurlar ki, “milli mənliyini bilməyən millətlər başqa millətlərin şikarıdır”. Bu manqurtlar unudurlar ki, sevgi uzaqları yaxın edir. “Bu sevgi araya yollar, illər girsə belə, həmişə təzə, təravətli qalar, zərrə qədər azalmaz”. Bu təmənnasız qardaş, dost sevgisidir ki, “ən çətin anlarımızda kədə

rimizi sevgisində əridən, ayağımız büdrəyib yıxıldığımızda əlimizdən tutan, güvənc yerimizdir”.

          Xoşbəxtlikdən “Əcdadımızın müştərəkan mənşəyi Turan” deyən böyük türkçü-turançı Əli bəyin və Ziya Gökalpın “Vətən nə Türkiyədir türklərə, nə Türküstan, Vətən böyük və müəbbəd bir ölkədir-Turan” vəsiyyətlərini gizli-gizli yayanlarımız da oldu. Nə xoşbəxt ki, bu gün biz də bu Böyük Turan Dünyasının sakinləriyik. Zamanın gərdişi bir daha sübut etdi ki, “Türklərin birliyi ittihadla, özlərinin ortaq soy-kökə, ortaq tarixə, ortaq dilə və mədəniyyətə malik olduqlarını dərk etmələri ilə mümkündür”. “Əcdadı nurdan törənmiş Türkün ruhu günəşdən nur aldığı” üçün Türkçülük Türk millətini daima nura qərq edərək yüksəldir.    

          

Bu nurdan gözləri qamaşan, qaranlıq bayquşları, “xristian təəssübkeşləri” uzun illər bizi can-qan qardaşlarımızdan uzaq saldılar. Lakin “Tarixin gərdişi göstərdi ki, şovinist Rusiya demokratik libasa bürünsə belə, yenə də dünya siyasətində “xristian təəssübkeşliyi” onun əməli fəaliyyətində başlıca yer tutur. 1813-1990-cı illərdə Qafqaz regionunda hakim olan rus şovinistlərinin riyakar “xristian təəssübkeşliyi” siyasətinin nəticəsidir ki” zaman-zaman yüzlərlə, minlərlə Azərbaycanlı öz evindən eşiyindən didərgin düşdü, fəlakətlərə dücar oldu, dədə-baba yurdu, yuvası xarabazara çevrildi.  

       

Amma unutdun ki, Türk törəsi bu haqqsızlığı, nadürüstlüyü sənə bağışlamaz və bağışlamadı da. Böyük Türk-Turan dünyasına daima çirkab atmaq istəyən İblislər. Unutmayın ki, “Tarix türk birliyini möhkəmləndirmək üçün bizə daha bir şans verdi”. Bu bizim birlikdə olan gücümüzdədir, qəlbimizdə olan sevgimizdədir, damarımızda axan qanımızdadır! Ulu Tanrı bu birliyi, bu gücü, bu sevgini var etsin. Amin! Və uzun illər başımıza gətirilən bu müsibətlər bir daha bizə sübut etdi ki, “düşmənin qabağına düşmən kimi çıxmaq lazımdır. Bu həqiqəti dərk etmək vaxtıdır!”.

   Qərənfil Dünyaminqızı

   Əməkdar jurnalist