adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Aqil ABBAS: DEYƏSƏN, BÜTÜN BEYNƏLXALQ QANUNLAR BİZİM ÜÇÜN YAZILIR 

AQİL ABBAS
205647 | 2020-12-17 18:00

Əsirlərlə sərt rəftar etdiyinə görə dörd əsgərimiz haqqında Respublika Prokurorluğu cinayət işi qaldırıb. Mən bir yazıçıyam, bildiyiniz kimi, yazıçılar da çox humanist olurlar, bəzən lap çox humanist olurlar.

«Kurtlar vadisi»ndə Muro deyir: «Lənət olsun içimdəki insan sevgisinə». İndi bu söz elə mənə də aiddi. Mənə də aiddi, bizə də aiddi: «Lənət olsun içimdəki insan sevgisinə». «Lənət olsun içimizdəki insan sevgisinə».

Və bu sevgilər bizi çox bəlalara salıb və hələ salacaq da. Amma heç vaxt biz bu insan sevgisindən vaz keçməyəcəyik, çünki bizim min illərdi qanımıza hopub.

Mən əsirlərlə sərt davranan əsgərlərimizin hərəkətini təqdir etmirəm və belə videolara baxanda da bərk dilxor oluram.

İndi gəlin məsələyə başqa tərəfdən baxaq. Zəngilanda meşəyə su içməyə gedən Nurlan Atakişiyevi erməni quldurları tutub böyük işgəncələr vermiş, sonra da başını kəsib videosunu yayımlamışdılar. Yaralı halda əsir düşmüş Amini elə rus jurnalistinin gözü qarşısında təhqir edib işgəncələr vermişdilər. Dilqəm və Şahbaza 6 ilə yaxındır ki, işgəncələr verirdilər. Məşhur yazıçıları Zori Balayan körpə azərbaycanlı qızın dərisini soyduğunu və necə ləzzətlə tamaşa elədiyini yazır. Başqa bir cəllad azərbaycanlıların nəşindən körpü düzəldib şəstlə çaydan keçdiklərini deyir.

Ananın gözü qarşısında oğlunun başını kəsirlər. Diri-diri başqa bir ananın qarnını yarıb bətnindəki körpəni çıxarırlar və can verməkdə olan ananın gözləri qarşısında körpəni tankın altına atırlar.

Ermənistanın sabiq prezidenti Sərkisyan BMT-nin yüksək tribunasından Xocalıda necə genosid etdiklərini söyləyir və sair və ilaxır, belə misallar çox çəkə bilərəm.

Amma dünya ictimaiyyəti buna göz yumur və bu günədək Ermənistan prokurorluğu bu hərbi cinayətlər haqqında bir dənə də cinayət işi qaldırmayıb. Əksinə, həmin şəxslərə, prezident İlham Əliyev demiş, dəmir-dümür paylayıblar.

Gələk bizim əsgərlərə qarşı qaldırılan cinayət işinə. Müharibə çox ağır hadisədir. Müharibədə olmayanlar onun dəhşətini duya bilməzlər. Heç duyub infarkt olmalarını da istəmirəm.

Birinci Qarabağ Müharibəsində bu dəhşətləri çox görmüşəm. Bir-ikisini deyim. Zakir Fəxrinin qardaşı Kamili, onun döyüş yoldaşı ilə birgə ermənilər əl-ayaqlarını məftillə bağlayıb yandırmışdılar. Mən Kamilin yanmış nəşini qucağımda Ağdam məscidinə gətirmişdim, kəfənləyə də bilmədilər.

Ağdamda sambist Eldarın parça-parça olmuş tikələrini ağacların budaqlarından və Püstə xalanın kitabxanasının damından yığdılar.

General Ərşad tikə-tikə olmuşdu. Bu misallardan da çox çəkə bilərəm.

Hörmətli oxucu, bilirəm sizi yordum, amma oxuyun.

Gələk cinayət işi qaldırılmış dörd əsgərə. Dedim axı, müharibə dəhşətdi. Bəlkə bu dörd əsgər anasının gözü qarşısında başı kəsilən oğulun qardaşlarıdılar, əmisi oğlanlarıdılar? Dərisi soyulan qızcığazın qardaşlarıdılar, əmisi oğlanlarıdılar? Bəlkə Nurlan Atakişiyevin döyüş yoldaşlarıdılar?

Bəlkə bir an öncə ermənilərin atdığı mərmidən tikə-tikə olmuş şəhidlərimizin döyüş qardaşlarıdılar? Bəlkə Çingiz Mustafayevin qucağına aldığı qızcığazın əmiləridilər, ya qardaşlarıdılar?

Bəlkə Zori Balayanın dərisini soyduğu o körpənin əzizləridilər? Bəlkə Aminə işgəncə vermə videonu görən əsgərlərimizdi?

Affekt deyilən bir vəziyyət var. Həmin vaxt insan nə etdiyini bilmir, anlaqsız olur və hərəkətlərinə cavabdeh deyillər. Və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində də bununla bağlı yüngülləşdirici hallar var.

Və bəlkə bu əsgərlərimiz həmin vaxt affekt vəziyyətində olublar, anlaqsız olublar?!

Mən bir daha qeyd edirəm, əsgərlərimizin hərəkətini təqdir etmirəm, amma onların cinayət işini aparan müstəntiqlərdən xahiş edirəm, məsələyə daha dərindən yanaşsınlar. Onların hansı vəziyyətdə olduqlarını aydınlaşdırsınlar. Ekspertiza buna aydınlıq gətirə bilər.

İnanıram ki, istintaq ədalətli keçəcək. Onlara verilən cəza da ədalətli olacaq.

Qardaşlar, biz bəzən həddən artıq tolerant oluruq, humanist oluruq, beynəlxalq qanunlara riayət edirik.

Bu beynəlxalq qanunlar yalnız bizim üçünmü yazılır?

Bəzən nə qədər humanist olsam da, hərdən beynəlxalq qanunlara tüpürmək istəyirəm.

TƏQVİM / ARXİV