adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Dekabr 2020 11:05
46095
MÜSAHİBƏ
A- A+

Mustafa Mehmandarov: “Soyadımın məsuliyyəti son nəfəsimədək davam edəcək”

"Xəzər virtuozları” orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru, eyni zamanda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov Azərbaycan Demokratik Respublikasının hərbi naziri, general leytenant Səməd bəy Mehmandarov və Azərbaycanın ilk ali təhsilli həkimlərdən biri, tanınmış ictimai xadim Əbdülkərim bəy Mehmandarovun nəslinin davamçısıdır. "Toplum TV” gənc dirijorla müsahibəni təqdim edir.

 

- Yaxşı musiqiçi olmaq üçün fitri istedad vacibdirmi, yoxsa əsas şərt çox çalışmaqdır? Məsələn, Siz uğurlarınızı daha çox hansına borclusuz?

 

- Professional musiqiçi olmaq və bu sahədə ciddi fəaliyyət göstərmək üçün sadaladığınız iki amil də olmalıdır. Bunlardan biri olmadıqda, boşluq yaranır. Amma musiqi tariximizdə bir neçə böyük şəxsiyyətlər olub ki, onlar istisnadır. Yarımçıq təhsil alıblar, ya da fəaliyyət göstərdikləri sahədə ümumiyyətlə təhsilləri olmayıb, amma yüksək və təkrarolunmaz istedada malik olublar. Bir şeyi də nəzərə almaq lazımdır ki, onlar da zaman keçdikcə öz savadlarını artırıblar. 

 

- İxtisasca skripka ifaçısısınız, buna həyatınızın 15 ilini sərf etmisiz. Sonra dirijorluğa keçmisiz. Bu iş daha əhəmiyyətli göründü sizə, yoxsa ifaçılığa marağınız azaldı?

 

- Doğrudur, mən 15 il skripka ifa etmişəm, hətta 3 beynəlxalq müsabiqənin laureatı da olmuşam. Amma skripka ifa etdiyim zamanlarda belə dirijorluğa böyük marağım olub, hətta bir neçə dirijorla çalışmışam. Onların iş üslubunu və digər xırda detalları izləmişəm. Eyni zamanda, bu sənətin nə qədər çətin olduğunu da anlamaq lazımdır. Əksər hallarda bir çox musiqiçilər dirijorluğu asan və primitiv idarəetmə sənətinə bənzədirlər. Amma müəyyən addımlar atdıqdan sonra ortaya çox böyük uğursuzluqlar çıxır. Dinləyicilər də, orkestr üzvləri də bütün bu səhvlərin şahidi olurlar. Odur ki, mən bütün bunları anlayır və bu sənətin bütün çətinliklərini bilirdim. Dirijorluğa başlamağıma gəlincə, öz ixtisasımda qalsaydım, işim ancaq solo ifadan ibarət olacaqdı. Mənsə bununla kifayətlənə bilməzdim. İri həcmli musiqiyə lap əvvəldən maraq vardı və bu məni dirijorluq sənətinə gətirib çıxardı. 

 

- Vyanada təhsil aldığınız dövrdə Üzeyir Hacıbəylinin "Koroğlu” operasına yazdığı uvertüranı tədris proqramına saldırmısız. Buna necə nail oldunuz?

 

- Buna tək yox, mərhum professorum Maksimilian Çençiçin köməyilə nail ola bildim. Ona bir Azərbaycan musiqisinin də konsert proqramına salınmağını istədiyimi demişdim. Heç ağlıma da gəlməzdi ki, belə bir şey mümkün olar, çünki bu, çox çətin məsələydi. Professor təklifimi müsbət qarşıladı və yarım il ərzində orada təhsil alan bütün tələbələr bu əsəri öyrənməyə başladılar. Mən dahi bəstəkarımız Üzeyir bəy və bu əsər haqqında onlara geniş məlumat verirdim. Təhsil aldığım yerdə imtahanlar publik konsertlər şəklində olurdu, həmin konsertlərdən birində "Koroğlu” uvertürası səsləndi. Avstriya tarixində ilk dəfə idi ki, Azərbaycanın simfonik musiqisi Vyanada ifa olunurdu. 

 

- Müsahibələrinizin birində demisiz ki, dirijor olmaqla bağlı qərarınızı maestro Rauf Abdullayevin müsbət rəyinə  görə qətiləşdirmisiz, bəyənməsə, vaz keçəcəkmişsiz. Başqa birinin  qiymətləndirməsi insanı məqsədindən, hədəfindən niyə yayındırsın ki?

 

- Qeyd etdiyim kimi, mən dirijorluq sənətinin nə qədər çətin olduğunu anlayırdım. Bu sənətə meylim daha da artdıqdan sonra maestro Rauf Abdullayevin rəhbərlik etdiyi konsertlərə gedirdim və dirijor pultu arxasında nələrin baş verdiyinə diqqət yetirirdim. Onun işini müşahidə etdikcə anladım ki, heç bir dirijorda bu qədər ciddiyyət görməmişəm. Heç kim məndən inciməsin, amma bu günədək dünyada belə dirijorla qarşılaşmamışam. Mənə bu sənəti sevdirən, məni ilhamlandıran məhz maestro olub. Çünki onun dirijorluğu qeyri-adi, eyni zamanda çox təbiidir və bütün musiqiçilərə aydındır. Bu sənətə sevgini məndə ilk növbədə o yaratdı. Məntiqli olan da bu idi ki, son qərarı məhz ondan gözləyirdim. Bilirdim ki, mənim görməyəcəyim tərəfləri o görəcək. Bu səbəbdən onun yanına getdim və o da təmannasız olaraq mənə iki dərs keçdi və bu dərslər sayəsində mən Vyana Konservatoriyasına daxil ola bildim. Mən bunu heç zaman unutmaram, fürsətdən istifadə edərək maestro Rauf Abdullayevə dərin minnətdarlığımı bildirirəm. Bu hadisə mənim bioqrafiyamın ən önəmli mərhələsidir. 

 

- Hazırda Azərbaycanın həm klassik, həm də populyar musiqisində bəstəkar problemi  yaşanır - bu fikirlə razısınızmı? 

 

- Bu problem həqiqətən də var. Əslində, təbii haldır. İstedadlı, bacarıqlı insanların meydana çıxması, onların püxtələşməsi uzun bir prosesin nəticəsidir, bir neçə önəmli amildən asılıdır. Məsələn, yüksək səviyyəli təhsil, mənəvi məsələlər və məişət qayğıları kimi. Əfsuslar olsun ki, cəmiyyətimizdəki problemlər ucbatından əksər hallarda keyfiyyətsiz musiqi əsərləri yaranır. İndiki vəziyyət sadaladığım faktorların məntiqi nəticəsidir. Çalışmalıyıq ki, bunu dəyişək. Yeni kadrlar, yeni istedadlar ərsəyə gəlməli, onlara  qayğı göstərilməli, onların yaradıcılıqla məşğul olmasına şərait yaradılmalıdır. Çünki gündəlik həyatında problemləri, hətta məişət problemləri olan istedadlı insanın yaradıcılıq haqqında düşünməsi mümkün deyil. Ona hərtərəfli qayğı göstərilməlidir ki, əsas işiylə məşğul ola bilsin. Əlbəttə, hamının həyatında problemlər var, amma yaradıcı insanlara qarşı xüsusilə həssas olmaq lazımdır. Klassik musiqiyə gəlincə, o, heç vaxt kütləviləşməyib. Cəmiyyətin müəyyən bir hissəsinə, xüsusilə elitar təbəqəyə və musiqi ilə ciddi məşğul olan kəsimə yönəlib. Biz nə qədər çalışsaq da, bütün toplumu buna cəlb edə bilmərik.

 

- Müsahibələrinizin birində demisiz ki, soyadınıza xələl gəlməmək üçün səhv buraxmamağa çalışırsız. Buna nail ola bilirsizmi? Ümumiyyətlə, Siz nələri səhv hesab edirsiz?

 

- Hər bir insan üçün öz ailəsi və kökləri əzizdir, üstündür. Mənim həyatımda bu ikiqat üstünlük təşkil edir. Mehmandarovlar nəsli Azərbaycan tarixində bir çox ilklərə imza atıb. Öncəliklə Azərbaycanın ilk ali təhsilli həkimlərindən olan ulu babam Əbdülkərim bəy Mehmandarovun adını çəkməliyəm. Eyni zamanda, o, "Difai” partiyasının Qarabağ özəyinin rəhbəri olub. Azərbaycan Demokratik Respublikasının qurulmasında xüsusi rol oynamış digər ulu babam Səməd bəy Mehmandarovun da adını qeyd etməliyəm. Bu səbədən soyadım məndə hər zaman böyük bir məsuliyyət hissi yaradıb və bu, son nəfəsimə qədər davam edəcək. Ona görə də atdığım addımların ən azından zərərli olmamasına və soyadıma layiq olmasına çalışıram. 

 

- Şuşada sizin nəslinizə aid malikanə olduğunu və onu görmək istədiyinizi demisiz. İndi belə bir imkan yaranıb. Getməyi düşünürsüzmü? Yeri gəlmişkən, Qarabağdakı sonuncu müharibə haqqında da fikirlərinizi bilmək istəyirəm.

 

- Bəli, belə bir malikanə var. Şükürlər olsun ki, bu illər ərzində dağılmayıb. Yanında ulu babam Mirzə Əli bəyin tikdirdiyi, sonradan əczanə kimi istifadə olunan məscid də durur. Bunu da qeyd edim ki, Yuxarı Gövhər ağa məscidi ilə bizim malikanənin memarı eyni şəxs, Kərbəlayi Səfixan Qarabaği olub. 

 

Şuşaya getməyi, əlbəttə ki, düşünürəm. İlk fürsət yaranan kimi tək mən yox, bütün ailə üzvlərimiz gedəcək. Müharibə haqqında  düşüncələrimsə müsbətdir. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olanlara Allahdan rəhmət diləyirəm. Onlar canları bahasına tarixə böyük imza atdılar. Çox qısa müddət ərzində mənfur düşmənlərimizi torpaqlarımızdan qovduq və tarixi ərazilərimizə dönüş etdik. 

 

- Neçə vaxtdır pandemiyaya görə konsertlər keçirilmir. Bu boşluğu necə kompensasiya edirsiz?

 

- Doğrudur, mart ayından bu yana fəaliyyətimizdə böyük bir boşluq yaranıb. Bu müddət ərzində əvvəllər vaxt ayıra bilmədiyim işlərimlə məşğul olmuşam. İndi əlavə olaraq kitab oxumağa, film izləməyə də zamanım var, bəzi bəstəkarların əsərlərinin redaktəsinə də vaxt tapa bilirəm. 

 

- Gələcək karyeranızla bağlı planlarınız varmı, bundan sonrakı hədəfiniz nədir?

 

- Mən heç vaxt bu haqda danışmağı sevməmişəm. Burada hər zaman dediyim ifadəni təkrar etmək istərdim. Allahı güldürmək istəyirsənsə, ona gələcək planların haqqında danış.

Nigar Səmədli