adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Aqil ABBAS: PREZİDENT ÜRƏYİMDƏKİ SONUNCU TİKANI DA ÇIXARTDI 

AQİL ABBAS
60448 | 2020-12-14 15:56

Şuşanın işğal günündən indiyədək bu 28 ildə ürəyimizə nə qədər  yaralar vurulub, nə qədər tikanlar batıb.  Əslində ürəyimiz ürək deyildi, budağından qopmaqda olan, saplağı saralmış, çürümüş bir armud idi. Və bəlkə də minlərlə qarabağlı bu yaralara, bu tikanlara  dözməyib budağından  qopdu.

Ağaclar yazda çiçəkləsə də, meyvələr yazda yetişsə də tarix döndü və bu dəfə  ürəyimiz payızda çiçəklədi, çürüməkdə olan armud  özünü yenidən tutmağa başladı.  

Bu 44 günlük Vətən Müharibəsi zamanı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin həm xarici mətbuata verdiyi hər bir müsahibə,  həm də xalqa hər bir  müraciəti  ürəyimizdəki  tikanları bir-bir çıxardıb, yaralarımıza məlhəm olurdu. Xüsusilə də möhtəşəm  Zəfər paradı bütün  yaralarımızı  sarıdı.

Amma mənim  ürəyimdə bir tikan hələ də  ilişib qalmışdı, ağrıdırdı məni. Bu  26 ildə ATƏT-in ürəyimi  yaralayan  tikanı idi. ATƏT yaranandan  mən bu  təşkilatın başımızın  altına  yastıq qoymaqla Ermənistanın Dağlıq Qarabağda daha da  möhkəmlənməsinə xidmət etdiyini yazırdım.

«Mən  həmsədrləri tanımıram, mən bilmirəm  onlar bura niyə gəlib-gedirlər. Gəlib yeyib-içirlər, orda erməni  konyakı, burda  bizim  «tutovkadan»  vururlar. Mənasız bir şeydir. Ümumiyyətlə, Minsk  qrupu  ləğv edilməlidir. Ondan sonra biz  məsələni  həll edə bilərik. Nə qədər ki ATƏT var, deməli, Qarabağ  məsələsi uzanacaq. 2017».

«Bunlar kənara   çəkildikdən sonra, yəni ATƏT,  biz Ermənistanla  söhbət edə bilərik, onları başa sala bilərik. Amma bunun əvəzində ATƏT-lə digər qurumlar prosesə qarışır, guya vasitəçilik edir və s. Bunlar kənara  çəkilsə, Ermənistan və Azərbaycan masa arxasında əyləşərək  problemi həll edər. Amma iş ondadır ki, bu qurumlar  kənara  çəkilməz. 2017».

«Mən ATƏT adında  təşkilat tanımıram. 23-24 ildir başımızın altına  yastıq qoyurlar. Elə yalandan  gəlirlər, gedirlər. Yalançı bir  təşkilatdı. Mən niyə ATƏT-in dediyinə açıqlama verməliyəm? Mən belə bir  təşkilat tanımıram. 2016».

«Həmsədrlər işğalçı ölkəyə haqq qazandırmağa  və ermənilərin Dağlıq  Qarabağda məskunlaşma aparmalarına  imkan yaradırlar. ATƏT bu ideyaya  qulluq edir. Bunu  hamı bilir. ATƏT-i  həmişə  öz yazılarımda, çıxışlarımda tənqid edirəm.  Prezident İlham Əliyevin modul tipli  hospitalın  açılışında  dediyi  fikirlər yol xəritəsidir. Biz apreldəki qələbəni  yenidən  təkrarlayıb  düşməni  məhv edə bilərik. Aqil Abbas hesab edir ki,  Azərbaycan Ordusunun gücü, qüdrəti nəinki Dağlıq Qarabağı  terrorçulardan xilas etməyə   imkan verir, Ordumuz hətta  İrəvana kimi gedə bilər.

Prezident  İlham Əliyevin  həmin çıxışı təkcə Ermənistana deyil, bütün  dünyaya  ciddi   mesajdır.  Ermənistan  yaxşı bilir ki, Azərbaycan Ordusu  Ali Baş Komandanın  döyüş  əmrini icra etməyə hər an  hazırdır. Növbəti döyüş, Apreldə olduğu kimi, bizim  qələbəmizlə yekunlaşacaq. Heç kimin buna  şübhəsi olmasın. 2020».

«Dövlət  başçımız  dəfələrlə bu  mövzuya toxunub və ATƏT-in  yarıtmaz vəziyyətindən söz açıb.  2020».

Necə ki 44 günlük  Vətən Müharibəsi qələbəmizlə yekunlaşdı.

Belə misalların sayını artıra  bilərəm, amma oxucunu  yormaq istəmirəm.

Gələk Cənab Prezidentin ürəyimdəki son tikanı  çıxarmağına.

Dekabrın 12-də Cənab  Prezident ATƏT-in Minsk  qrupunun  fransalı həmsədri  Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın  Azərbaycandakı  fövqəladə və səlahiyyətli  səfiri  Mixail Boçarnikovu, ATƏT-in fəaliyyətdə olan  sədrinin  şəxsi nümayəndəsi Anji Kaspşiki  qəbul edib. Qəbul zamanı Prezident İlham Əliyevin çıxışından bəzi nüansları oxuculara   çatdırırıq:

«Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin  həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün  Minsk qrupu  28 il ərzində müvafiq  mandata  sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla  çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar  heç bir  nəticə verməmişdir.  Reallıq  bundan  ibarətdir.

Beləliklə, Azərbaycan  bu məsələni özü həll etmişdir. Biz Ermənistanı  döyüş meydanında  məğlub edərək,  işğalçını  məğlubiyyətini  etiraf etməyə və Ermənistanın kapitulyasiyası  hesab  etdiyimiz Bəyanatı  imzalamağa  məcbur etdik».

«Sarkisyan və Köçəryan  hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidinin  qarşısında  çıxışımda dediyim  kimi, biz Sarkisyan və Köçəryanı  məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın  üzərinə  atmaq istəyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir. O, Sarkisyan və Köçəryan  rejiminə qarşı  etiraz dalğası  üzərində hakimiyyətə  gəlmiş  təsadüfi insandır».

«Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. Minsk qrupu  işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar  təşkil etmişdir – birində bu, faktaraşdırıcı  missiya  adlandırılmış, digər  vaxtda isə bunun adı vəziyyətin yerində qiymətləndirilməsi  missiyası idi. Anji Kaspşik bunu  yaxşı bilir. O, bu prosesin  veteranlarından olub. O da oralarda olub.

Eyni zamanda Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə  dəfələrlə  səfər etmişlər və Ermənistan  rejiminin hərbi  cinayətlərinin   şahidi olmuşlar. Şəhərlərimizin tam dağıdılmasının şahidi olmuşlar».

«Bununla,  mən  sözlərimi  yekunlaşdırıram ki, sizi  dinləyim, çünki  buraya gəlmək  sizin ideyanız idi. Bunu bir daha kameralar  qarşısında deyə bilərəm. Mən  Minsk  qrupunu səfərə  dəvət etməmişəm, lakin  mənə  məlumat verəndə ki, Minsk  qrupu  gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların  mənə  sözləri  var. Əgər siz bunu  kamera  qarşısında  söyləmək istəyirsinizsə, buyurun. Əgər  istəmirsinizsə, mən onlara  deyim  getsinlər. Necə istəsəniz. Buyurun, sizi  dinləyirəm».

Bəli, Cənab Prezident ATƏT-in həmsədrlərinə tarixi bir dərs verərək mənim  ürəyimdəki sonuncu tikanı da çıxartdı.

Bu günlərdə Parlamentdə belə bir  müzakirə getdi ki, Fransa ATƏT-in həmsədrliyindən  çıxarılsın. Onda mən də söz aldım və bildirdim ki, dostlar, ATƏT məhv oldu, gorbagor oldu. ATƏT var ki,  Fransanı da  həmsədrlikdən çıxaraq? İndi yeni bir ATƏT var: Ankara, Bakı və  Moskva.

Fransa dağılır. Hökumət də bu dağılmanın qarşısını ala bilmir. Belə bir  təklif vermək istəyirəm ki, Fransa hökuməti xahiş eləsin, bizim ATƏT, yəni  Ankara, Bakı, Moskva  bir Həmsədrlik institutu  yaradıb  gedib  Fransanı  abıra salsınlar.

P. S. Cənab Prezidentin ATƏT-in həmsədrləri ilə görüşdəki  çıxışının  tam mətnini  saytımızda  oxuya bilərsiniz.

TƏQVİM / ARXİV