Şuşanın işğal günündən indiyədək bu 28 ildə ürəyimizə nə qədər yaralar vurulub, nə qədər tikanlar batıb. Əslində ürəyimiz ürək deyildi, budağından qopmaqda olan, saplağı saralmış, çürümüş bir armud idi. Və bəlkə də minlərlə qarabağlı bu yaralara, bu tikanlara dözməyib budağından qopdu.
Ağaclar yazda çiçəkləsə də, meyvələr yazda yetişsə də tarix döndü və bu dəfə ürəyimiz payızda çiçəklədi, çürüməkdə olan armud özünü yenidən tutmağa başladı.
Bu 44 günlük Vətən Müharibəsi zamanı cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin həm xarici mətbuata verdiyi hər bir müsahibə, həm də xalqa hər bir müraciəti ürəyimizdəki tikanları bir-bir çıxardıb, yaralarımıza məlhəm olurdu. Xüsusilə də möhtəşəm Zəfər paradı bütün yaralarımızı sarıdı.
Amma mənim ürəyimdə bir tikan hələ də ilişib qalmışdı, ağrıdırdı məni. Bu 26 ildə ATƏT-in ürəyimi yaralayan tikanı idi. ATƏT yaranandan mən bu təşkilatın başımızın altına yastıq qoymaqla Ermənistanın Dağlıq Qarabağda daha da möhkəmlənməsinə xidmət etdiyini yazırdım.
«Mən həmsədrləri tanımıram, mən bilmirəm onlar bura niyə gəlib-gedirlər. Gəlib yeyib-içirlər, orda erməni konyakı, burda bizim «tutovkadan» vururlar. Mənasız bir şeydir. Ümumiyyətlə, Minsk qrupu ləğv edilməlidir. Ondan sonra biz məsələni həll edə bilərik. Nə qədər ki ATƏT var, deməli, Qarabağ məsələsi uzanacaq. 2017».
«Bunlar kənara çəkildikdən sonra, yəni ATƏT, biz Ermənistanla söhbət edə bilərik, onları başa sala bilərik. Amma bunun əvəzində ATƏT-lə digər qurumlar prosesə qarışır, guya vasitəçilik edir və s. Bunlar kənara çəkilsə, Ermənistan və Azərbaycan masa arxasında əyləşərək problemi həll edər. Amma iş ondadır ki, bu qurumlar kənara çəkilməz. 2017».
«Mən ATƏT adında təşkilat tanımıram. 23-24 ildir başımızın altına yastıq qoyurlar. Elə yalandan gəlirlər, gedirlər. Yalançı bir təşkilatdı. Mən niyə ATƏT-in dediyinə açıqlama verməliyəm? Mən belə bir təşkilat tanımıram. 2016».
«Həmsədrlər işğalçı ölkəyə haqq qazandırmağa və ermənilərin Dağlıq Qarabağda məskunlaşma aparmalarına imkan yaradırlar. ATƏT bu ideyaya qulluq edir. Bunu hamı bilir. ATƏT-i həmişə öz yazılarımda, çıxışlarımda tənqid edirəm. Prezident İlham Əliyevin modul tipli hospitalın açılışında dediyi fikirlər yol xəritəsidir. Biz apreldəki qələbəni yenidən təkrarlayıb düşməni məhv edə bilərik. Aqil Abbas hesab edir ki, Azərbaycan Ordusunun gücü, qüdrəti nəinki Dağlıq Qarabağı terrorçulardan xilas etməyə imkan verir, Ordumuz hətta İrəvana kimi gedə bilər.
Prezident İlham Əliyevin həmin çıxışı təkcə Ermənistana deyil, bütün dünyaya ciddi mesajdır. Ermənistan yaxşı bilir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın döyüş əmrini icra etməyə hər an hazırdır. Növbəti döyüş, Apreldə olduğu kimi, bizim qələbəmizlə yekunlaşacaq. Heç kimin buna şübhəsi olmasın. 2020».
«Dövlət başçımız dəfələrlə bu mövzuya toxunub və ATƏT-in yarıtmaz vəziyyətindən söz açıb. 2020».
Necə ki 44 günlük Vətən Müharibəsi qələbəmizlə yekunlaşdı.
Belə misalların sayını artıra bilərəm, amma oxucunu yormaq istəmirəm.
Gələk Cənab Prezidentin ürəyimdəki son tikanı çıxarmağına.
Dekabrın 12-də Cənab Prezident ATƏT-in Minsk qrupunun fransalı həmsədri Stefan Viskontini, ABŞ-dan olan həmsədri Endrü Şoferi, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikovu, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Qəbul zamanı Prezident İlham Əliyevin çıxışından bəzi nüansları oxuculara çatdırırıq:
«Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir.
Beləliklə, Azərbaycan bu məsələni özü həll etmişdir. Biz Ermənistanı döyüş meydanında məğlub edərək, işğalçını məğlubiyyətini etiraf etməyə və Ermənistanın kapitulyasiyası hesab etdiyimiz Bəyanatı imzalamağa məcbur etdik».
«Sarkisyan və Köçəryan hərbi cinayətkardırlar. Dağıdılmış Ağdam məscidinin qarşısında çıxışımda dediyim kimi, biz Sarkisyan və Köçəryanı məğlub etdik. Onlar məsuliyyəti Paşinyanın üzərinə atmaq istəyirlər. Ancaq mən demişəm ki, Paşinyan heç kimdir. O, Sarkisyan və Köçəryan rejiminə qarşı etiraz dalğası üzərində hakimiyyətə gəlmiş təsadüfi insandır».
«Qanunsuz məskunlaşdırma hərbi cinayətdir. Minsk qrupu işğal edilmiş ərazilərə rəsmi olaraq iki dəfə missiyalar təşkil etmişdir – birində bu, faktaraşdırıcı missiya adlandırılmış, digər vaxtda isə bunun adı vəziyyətin yerində qiymətləndirilməsi missiyası idi. Anji Kaspşik bunu yaxşı bilir. O, bu prosesin veteranlarından olub. O da oralarda olub.
Eyni zamanda Minsk qrupunun həmsədrləri işğal olunmuş ərazilərə dəfələrlə səfər etmişlər və Ermənistan rejiminin hərbi cinayətlərinin şahidi olmuşlar. Şəhərlərimizin tam dağıdılmasının şahidi olmuşlar».
«Bununla, mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim, çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm, lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəsəniz. Buyurun, sizi dinləyirəm».
Bəli, Cənab Prezident ATƏT-in həmsədrlərinə tarixi bir dərs verərək mənim ürəyimdəki sonuncu tikanı da çıxartdı.
Bu günlərdə Parlamentdə belə bir müzakirə getdi ki, Fransa ATƏT-in həmsədrliyindən çıxarılsın. Onda mən də söz aldım və bildirdim ki, dostlar, ATƏT məhv oldu, gorbagor oldu. ATƏT var ki, Fransanı da həmsədrlikdən çıxaraq? İndi yeni bir ATƏT var: Ankara, Bakı və Moskva.
Fransa dağılır. Hökumət də bu dağılmanın qarşısını ala bilmir. Belə bir təklif vermək istəyirəm ki, Fransa hökuməti xahiş eləsin, bizim ATƏT, yəni Ankara, Bakı, Moskva bir Həmsədrlik institutu yaradıb gedib Fransanı abıra salsınlar.
P. S. Cənab Prezidentin ATƏT-in həmsədrləri ilə görüşdəki çıxışının tam mətnini saytımızda oxuya bilərsiniz.