adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Dekabr 2020 13:18
123684
MÜSAHİBƏ
A- A+

İntiqam Əsədov: ”Erməni xislətini Xankəndidə tələbəykən kəşf elədim və...”- MÜSAHİBƏ

Bu gün maraqlı bir müsahibimlə sizi tanış edəcəyəm.O, q arabağlıların qorxmaz, savadlı, öz sahəsinin bacarıqlı mütəxəssisi kimi tanınan, I Qarabağ müharibəsinin iştirakçısı (1992-95) vətənpərvər soydaşımız İntiqam Əsədovdur. Müsahibim ərəb-fars, rus və əfqan dillərini mükəmməl bilir. Araşdırmaçı və eyni zamanda tərcüməçidir. Əlbəyaxa döyüş ustasıdır. Bundan başqa, 3-cü dərəcəli xarratdır, gözəl rəssamlıq qəbuliyyətinə də malikdir. Deməli söhbətimiz maraqlı alınacaq.

 

Beləliklə müsahibəni təqdim edirik:

 

-İntiqam müəllim, əvvəlcə özünüz haqqında qısa bir məlumat verməyinizi xahiş edirik...

 

- 1961-ci ildə Ağdam rayonunda - Mahrızlı camaatının hörmətini qazanmış Əziz kişinin ailəsində dünyaya gəlmişəm. 1977-ci ildə orta məktəbi bitirib, Sibirdə-, Perm vilayətində SSRİ-nin Daxili Qoşunları heyətində xidmətə yollanmışam, 1982-ci ildə hərbi xidməti başa vurandan sonra ən çox sevdiyim tarix fənni üzrə ali təhsil almağı qarşıma məqsəd qoydum. 1983-cü ildə Xankəndi (Stepanakert) Pedaqoji İnstitutuna daxil oldum. 1987-ci ildə təhsilimi başa vurdum və 8 illik Ağdam Dəmiryol Məktəbində ixtisasım üzrə fəaliyyət göstərdim . 1988-ci ildə isə kəndimizə döndüm və elə o vaxtdan Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbində işləyirəm. 1990-cı ildən 2014-cü ilə qədər Rahib Məmmədov adına Ağdam Döyüş Şöhrəti Muzeyində direktor vəzifəsində çalışmışam. Ailəliyəm, iki övladım var: bir oğlan, bir qız. Nəvələrim də var.

 

- İntiqam müəllim, bilirik ki, Xankəndi hər zaman daşnakların yuvası olub. Ən separatçı planlar məhz orda hazırlanıb. Şəhərə ilk erməni məskunlaşdırılan gündən bu saata qədər soydaşlarımız tərəfindən ora hər zaman “ilan yuvası” kimi dəyərləndirilib. Siz necə, 1982-87-ci illərdə orda separatizmini duyurdunuzmu, hiss edirdinizmi?

- Xankəndidə oxuyarkən erməninin xislətini kəşf elədim, iç üzünü tanıdım. İnstitutun rektorundan tutmuş bütün erməni tələbə və müəllimlərin hamısında azərbaycanlı tələbələrə qarşı bir antipatiya vardı. Amma bunu qismən gizlətməyə çalışırdılar. Gizlədə bilməyənlər də vardı. Məsələn, bizim bir idman müəllimimiz vardı. Senik Qriqoryan. O hər addımda azərbaycanlı tələbələrə qarşı istənilən kobudluğu edirdi. Hətta institutun böyük akt zalında keçirilən ümumi yığıncağında Senikin hərəkətləri ilə bağlı rektor Sarkisyana da şikayət etdim. Şikayətim o qədər gözlənilməz oldu ki, bütün tələbə və müəllimlər hətta rektor şok oldular. Mən institutdan çıxarılacağım risinə girsəm də, idman müəllimini separatçılıqda suçladım. Rektorun mənə təpki göstərəcəyini düşünürdüm. Amma əksinə oldu. O S. Qriqoryanı o boyda auditoriyada tənqid elədi. Hətta müəllimə aşağılayıcı bir nəzərlə də baxdı. Ürəyimdə inandım ki, deməli “yaxşı erməni ” də var. Amma yanılmışdım. Çünki il üstünə il gəldikcə, Qarabağda ədavətin ilk işartıları göründükcə, anladım ki, rektor müəllimə milliyətçilik etdiyinə görə yox, məhz milliyətçi, şovinist olduğunu büruzə verdiyi üçün əsəbləşmişdi.

 

- Bir dəfə tələbə yoldaşınız , tanınmış jurnalist Rövşən Kəbirli ilə söhbətimiz əsnasında o bildirdi ki, İntiqam dəfələrlə ermənilərə dağ çəkib. Hətta o bir dəfə institutda həddən çox ərköyünlük edən, yetənə yetən, yetməyənə bir daş atan, Azərbaycanlı tələbə qızlara söz atan erməni tələbəni təpiyin altına salıb döydü. Erməninin ağzının qanını tökdü. Onu elədiyi hərəkətə peşman elədi. Sonralar aydın oldu ki, qondarma “DQR”in milli qəhrəmanı Aşot Quluyan İntiqamın döydüyü həmin erməniymiş...

 

-Hesab edirəm ki, tələbə olanda ermənilərə ən böyük zərbəni 1985-ci ildə vurdum. Həmin il Mingəçevirdə Almaniya faşizmi üzərində qələbənin 40 illiyi ilə bağlı respublikanın tələbələri arasında çoxnövçülük idman növü üzrə yarış keçirilirdi. 15 respublikanın hər birinə qalibiyyət üçün 25 yer verilmişdi. Respublikada kim qalib gələcəkdisə, onu ümumittifaq yarışına göndərəcəkdilər. Mingəçevirə bizim institutdan 2 erməni idmançı qatılmışdı . Tələbə yoldaşım Nazim Binnətovla mən isə ansabl ( yaxşı qarmon çalırdım) kimi onlarla birgə getdik. Yarış zamanı müsiqiçi kimi gəldiyimi bilməyən münsiflər heyəti məni də yarışa qəbul etdi. Uzağa tullanma, qaçış, dağa dırmaşma, üzgüçülük, turniklə hərəkət və sair növlərdə göstərdiyim yüksək nəticələrə görə, Azərbaycandan ümumittifaq yarışına gedən dəstənin üzvü oldum və 2 erməni namizədin heç biri o yarışa gedə bilmədi. O vaxt Azərbaycanlı komanda heyətinin sədri, tarixin özü kimi tarixləşən şəxsiyyət, akademik Ziya Bünyadov idi. Tura şəhərində iştirakımız uğurlu oldu . 15 respublikanın içində 1-ci yeri Türkmənistan, 2-ci yeri isə biz qazandıq. Ermənistan isə elə ilk yarışdan uduzaraq meydanı tərk etməli oldu. O vaxt bizim komanda Bakıya qayıdanda əsl qalib kimi qarşılandıq. Bu mənim müəllimlərimdə qısqanclıq hissi də yaratmışdı. İdman müəllimi Sünik dərslərdə iştirak etmədiyimi əsas gətirib, mənə “kəsir” yazmışdı . Məktəbdən qovulmaq ehtimalım da vardı. Çox böyük mübarizədən sonra haqqıma qovuşdum, axır ki. erməni müəllimləri başa sala bildim ki, mən dərsdən yayınmamışam, respublikanın adını ucaltmaq üçün yarışlara qatılmışam. Nəhayət idman müəllimi də cəzalandırıldı.

- Sonra müharibə başladı...və siz döyüşə atıldınız....

 

- Qaradağlı səhra hospitalının müdafiyə və mühafizə bölməsinin komandiri kimi xidmətə başladım. Daha sonra yaralıların döyüş bölgəsindən çıxarma qrupunun komandiri oldum. Könüllü olaraq hərbi tibb maşınları ilə qaynar nöqtələrə gedib atəş altında olan yaralı əsgərləri çıxarılmasında iştirak etməyə başladım. Elə olurdu ki, bir yaralını çıxarmaq üçün dəqiqələrlə, saatlarla döyüşə girməli olurduq. Ən çətin döyüş isə 1992-ci il dekabrın 7-si Ağdamın Mərzili kəndində oldu. Orada vəziyyət çox pis idi. Kənd uğrunda güclü döyüşlər gedirdi. Tam silahlanıb iki sanitar maşını ilə Mərziliyə yollandıq. Kəndin mərkəzində qarşımıza bir UAZ bir ZİL çıxdı. Hər iki maşın hərbiçilərlə dolu idi, biz də, onlar da maşından düşməyə başladıq. UAZ-dan düşən komandir bizə əli ilə onlara tərəf gəlməmizi işarə elədi.

Aramızdakı məsafə 35-40 metr olardı... Birdən ZİL-dən düşən təxminən 40-a yaxın döyüşçülərdən biri digərinə ermənicə sual verdi. Onların erməni olduğunu bildik. Döyüşçülərin bir hissəsi daş hasarın arxasına, digər hissəsi su kanalının betonunun arxasında döyüş vəziyyəti alıb dərhal onlara atəş açmağa başladıq. Düşməndən tez döyüş mövqeyi seçib atəş açdığımıza görə, bir neçəsini yerə sərdik. Qızğın döyüş başladı, pərən-pərən düşdülər. Məcbur qalıb texnikalarını, yaralı və ölü döyüşçülərini qoyub geri çəkilməli oldular. Biz də düşmənin qoyub qaçdığı texnikalarını Ağdam batalyonuna təhvil verib geri döndük. Həmin gün yadımdan heç vaxt çıxmayacaq. Çünki mənim və dəstəmin qalib ayrıldığı ilk döyüş idi. Evə gələndən sonra gördüm ki, əlim qolum qıçım bərk sivrilib. Qanın içində idim...

 

- Qeyd etdiniz ki, Rahib Məmmədov adına Ağdam Döyüş Şöhrəti Muzeyində direktor vəzifəsində çalışmısınız... Nə vardı o muzeydə?

 

- Savaş vaxtlarında əsgərlərin çoxu patron gilizinin içərisinə özü haqda şəxsi məlumatlar yazıb qoyurdular. Onları götürürdüm. Bundan başqa onların ölümünə səbəb olan güllə başlıqlarını, qəlpələri götürüb hamısının tarixini yığıb saxlayırdım. Sonra baxdım ki, xeyli sayda əşyalar toplamışam. Mədəniyyət və Turizm Nazirliyindən icazə alıb Rahib Məmmədov adına muzeydə “Qarabağ Şəhidləri” guşəsi yaradıb həmin əşyaları ora yığdım. Muzey Azərbaycanda analoqu olmayan muzeydir.

 

-Çap olunmuş kitablarınız haqqında da məlumat verərdiniz...

 

- Fars dilindən tərcümə etdiyim Cavad Heyətin "Türk dil və ləhcələrinin tarixinə nəzər", Məhəmməd Təqi Zəhdabi Kirişçinin "İran türklərinin qədim tarixi", Məhəmməd Əhməd Pənahi Simnaninin "Şah İsmayıl Səfəvi", Məhəmməd Əhməd Pənahi Simnaninin "Böyük Şah Abbas" və "Ağa Məhəmməd Şah Qacar" kitablarıdır. Sonuncu kitabım isə artıq nəşrə hazırdı.

 

-Rəşadətli ordumuz 30 ildir, ürəyimizdə yara olan torpaq həsrətimizə son qoyub. Hər kəsin azad yurdla bağlı bir arzusu, bir diləyi var. ..

 

- Azərbaycanın Milli Qəhrəmanı Nadir Əliyevlə yaxın dost idim. Bir dəfə -ölümündən xeyli əvvəl mənə bir patron verdi və dedi ki, birdən mənə bir şey olsa, biz qalib olsaq, bu patronu Xankəndidə göyə at. Qoy, bilim ki, artıq Qarabağ bizimdi... Bu gün sevinirəm ki, ordumuz dostumun bu arzusunu yerinə yetirməyə şərait yaradıb. İnşallah tez bir zamanda şəhidimizin bu arzusunu yerinə yetirəcəyəm.

 

-İntiqam müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkür edirik. Sağ olun.

 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbir