adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Dekabr 2020 13:08
50946
ƏDƏBİYYAT
A- A+

Fərid Hüseyn: Həsrətimi danışsam...

Qəlbin qürbətində,
ağlın vətənində,
yaşayacam haçanacan?
Həsrətimi danışsam,
göz yaşlarınızın boyu uzanar
dar ağacınacan.
Susuram,
susuram,
susuram,
səsimi qəlbimin dənizinə tökülən
lallığımda boğuram...
Ətrini getdiyi hər yerdə
miras qoyan 
bir qadını xatırlayıram.
Onunla mənə maraqlıydı,
istərdim ki,
nə etsəm, o saat bilsin,
yersiz söz salardım
son xəbərlərimdən,
elə bilərdim heyrətlənəcək,
təəccübdən gözləri irilənəcək,
və mənim əksim daha 
böyük görünəcək gözlərində.
Mənim sevgimdə bir qocalıq vardı,
məni danışdıra bilənləri sevərdim,
İndi ilk dərs günü geydiyim
paltar qoxusu kimi xatırlayıram onu,
hər gün bayram olmur ömür,
dəftərimi cıran müəllimə 
əlləri də yadıma düşür.
Dəyməzdi,
dəyməzdi,
daha gözəl şeylər vardı yaşamağa,
ancaq onlara da dəyməzdi.
Çətini filmi yox, 
filmin bitdiyini anlamaqdı.
bir dəqiqə vaxtım vardı,
baxdım, 
baxdım,
baxdım:
dünya maraqlıydı.
Ömürsə qısadı,
köynəklərimizi
köhnəltməyə çatmır, 
yatmır,
yatmır,
yatmır
tale laylamıza yatmır.