adalet.az header logo
  • Bakı 20°C
11 Dekabr 2020 09:47
52153
ƏDƏBİYYAT
A- A+

“YAŞIL SİMFONİYA”NIN SƏDALARI... - Barat Vüsal yazır

...Bizim taleyimiz muraz üstdəymiş,

Yad səsə,yad ruha qarışmamışıq.

Yaxşı ki,anamız namaz üstdəymiş,

Yaxşı ki,yad dildə danışmamışıq!

 

...İlanın musiqini çox sevdiyinibilirik.Sən demə,şeiri də çox sevirmiş.Həm də saxta olmayan,yad,özgə dilində yox.doğma dildə səsləndirmək istədiyin şeiri.

Şair Zabil Pərviz danışır ki,”Bir dəfə dostlarımla birgə Muğanın ucqar bir yerində süfrə açdıq.Sonra öyrəndim ki,həmin yer zəhərli ilanlar yatağıdır.”

Bəs onda nə yaxşı ilanlar onlara-Zabilgilə zərər vurmamışdılar?Cavab çox sadədir:

Onlar doğma Azərbaycan dilində şeirlər oxumuşdular!

Sehirlənibmişlər ilanlar.

Ovsunlanıbmışlar!

Adətən ilanla adamı ovsunlayırlar.

Bu dəfə şeirlə ilanları ovsunlamışdı şairlər!

Ölümsüz nəğmələr yazanlara,ölümsüz nəğmələr oxuyanlara kim qıyar ki?!

Tərs kimi də olasan ilan, özü də zəhərli!..

Bir məclisdəki ”Söz sözün oduna baş alıb getdi,şeir sahilinə,söz sahilinə!”orda o vaxt zəhərli ilanlar da necə çəkilməyə bilərdilər həmincə şeir-söz sahilinə?

Yazdığı və oxuduğu gözəl şeirlərə görə özünə və dostlarına ilanların belə toxunmadığı şairə necə toxuna bilərdilər.

Ona Yazıçılar Birliyinə üzv olmaq üçün zəmanətin birini böyük ustad-Xəlil Rza Ulutürk yazıbmış.

Heç kim inanmaz,desəm ki,bu gün 65-lə 70-in arasında olan çox istedadlı (və şəxsiyyətli!)şairimiz hələ də Birliyimizə üzv deyilmiş.

Niyə?!

Bu belə olub.

Gəlin,Zabil Pərvizin özünü dinləyək:

“Üç unudulmaz şair-Xəlil Rza Ulutürk,Əhəd Muxtar və Mustafa İsgəndərzadə mənə zəmanət verdilər.Yazıçılar ittifaqının katibi Cabir Novruz məni mehribanlıqla qarşıladı.Ərizəmin üstünə dərkənar qoydu.Sənədlərimi qeydiyyat şöbəsinə verəndə dedilər ki,bu sənədlər Moskvaya gedəcək.Moskvanın isə bu gün Xəlil Rzanı görən gözü yoxdur,onun zəmanətini dəyişdir,sakit,dinc bir adamdan zəmanət al.Yoxsa sənədlərin geri qayıdacaq.Qovluğu qoltuğuma vurub dedim:

-Mən Xəlil Rzanın zəmanətini Moskvanın üzvlük biletinə dəyişə bilmərəm!

Dedim və sənədlərimi götürüb getdim.”

Olsun ki, belə bir əsl kişi hərəkətini o vaxt qulaqardına vuranlar olmuşdu. Amma əminəm ki,ilanlar eşitmişdilər,”Əhsən,şair, Əhsən!”demişdilər!Və bu əhvalatı eşitdikləri vaxtdan insanların yerinə utanmışdılar...

“Pərviz “təxəllüsünü bu şair təsadüfən götürməyibmiş.Sən demə,”Pərviz”-qanadlı ulduz deməkmiş.Və ona görə də şeirlərindən birində “Biz qanadlı doğulmuşuq,yarı insan,yarı işıq!”deməyə haqqı vardır!

O,böyük nəfəsli şairdir!

Bunu mən demirəm,bunu onun öz şeirləri,bəndləri,beytləri deyir:

Mən nə yarımallaham

Nə “paxıl”heykəltəraş,

Mənim nəğmələrimdə

qanadlanıb uçar daş.

Məncə ilanlar Zabilin qanadlarını da görmüşdülər.Məncə ilanlar o gün Zabilgilə təkcə yazdıqları doğma ruhlu,doğma dilli şeirlərə görə yox,həm də yaxşı oğlanlar olduqları üçün toxunmamışdılar.Özlərinə məxsus və mənsub olduqları millətin ruhuna uyğun cəhətlərinin çox olduğu üçün dəyməmişdilər!

Zabilin adı çox güman ki,Zabil”Zabil-segah”sözündəndir.Odur ki,özü də etiraf etdiyi kimi,şeirlərində Muğam ruhu,Muğam havası yaşayır.Və bu ruhu duymayanları ustadı X.R. Ulutürk sayağı döyməkdən,qamçılamaqdan bezmir,usanmır, deyir:

Muğamlar qanadlı qızıl çayları,

Göyləri fəth edib döndü fatehə.

Allahla danışan kamanı,tarı.

Siz ki,duymursunuz,sizə “Fatihə!”

Çoxları oda düşməkdən qorxur.Yaşamaq odunamı?Şairlik odunamı?Sevgi odunamı?.

Bir sözlə,nə odu olursa olsun ...Zabil yazır:”Qorxuram bu oda bir də düşməyəm?!”

Özü də çəkinə-çəkinə yox,qanadlana-qanadlana,uça-uça!

O,əslində oda təzə ha düşməyib.Bəlkədə ana bətnindən,dünyaya gələndən düşüb.Elə yaşamağa başladığı gündən düşüb.

Şair olduğu gündən düşüb!

Həmişə od izindədir.

Özünü yaşıl Gülüstanlar içində sanır.

Təkcə şeir ha yazmır,bəstəkarlıq da edir,”Yaşıl simfoniya”sını bəstələyir,ərzə bəyan edir...

Onun şeirlərində nə varsa yaşıllığa bürünüb.

Hər misrasında baharla payız qol-boyundur.

Baharında payız qoxusu...payızında bahar var.

Bu bahar –payız (bu od – bu yaşıllıq içində!)ilk kitabını “Yarı qönçə,yarı gül”adıyla çap etdirən şair ömrü boyu”vətəndaş”markalı vətənbazlara anlatdı ki,gəlin “Yarı gül,yarı da insan olaq biz.”Bunu da deməyi özünə borc bildi ki,”İnsanı bir misra möcüzə, sehr Allahlar yanında zirvəyə çəkər.”

Bu misraları yazanda inanıram ki,o,ulu şeyx Nizaminin “Şeir səni Sidrədə oturan bir şəxs edər”fikriylə tanış deyildi.

Zabil bir şeirini dil- ədəbiyyat müəlliminə həsr edib.Sən demə,o müəllim hər dəfə şagirdlərinə sözün təzə sətirdən,abzasdan necə başlamağın sirrlərini də öyrədirmiş.

Bu mənada məncə hər şair də təzə sətirdən,abzasdan başlanır.Zabil Pərviz kimi.

Sən bura dünəni qırıb gəlmisən,

Demirsən yazarsan təzə bir dastan?!

Bacarırsan,buyur,bu meydan,bu sən,

Amma...təzə sətir,təzə abzasdan!

Zabil Pərviz gözü –könlü tox şairdir.Şeirlərində nə istəyirsən var:Çöl genişliyi.Böyük şair amalı!Çeşmə duruluğu!Bütöv Vətən yanğısı!

Şair üçün bundan böyük nə mükafat ola bilər ki!

O,Allahdan xələt,könüldən mükafat uman şairlərdəndir.Doğru demirmi, görün:

Ölümsüz nəğmələr yazaq,

Ömrü ölümdən qoparaq.

...Əsl ölməz mükafatı

Ey könül.səndən qoparaq!

...Ağac kölgəliyi adətən burulub sərinlənməkdən,altında dincəlməkdən ötrüdür.

Zabil kimi şairlər üçünsə kölgəlik yalnız yorğunluğunu çıxarmaqdan ötrü deyilmiş:

Söykənmişəm qirx illik,

Gövdəli bir söyüdə.

Yaxır, yandırır məni

Onun kölgəliyi də.

Və şairlik həm də beləcə başlayırmış.Ağac kölgəsində sərinləyə,dincələ bilməməkdən!Bu hissləri şairin “Yaşıl simfoniya”poemasını(əsərini!)oxuduqca keçirtdim.

Z.Pərvizin ürəyi yanından asma su kanalları keçən yerlərin,ağacların,otların yanındadır.Onun asma kanalllardan xoşu gəlmir.O,doğru qənaətə gəlir ki,belə kanallar olan yerdə betonlar imkan vermir ki,yanındakı (lap sahilində -burnun ucundakı)ağaclar,otlar su içsin.Belə yerlərdə şair çox düz deyir ki:

Qıvrılıb ilan kimi

Ot yanır,yarpaq yanır.

Üstündən sular keçir,

Altında torpaq yanır!

Şairin nəzərində az qala Araz da asma(beton)kanaldır.

O tayını da yandırır,bu tayını da!

Di gəl ki, bu boyda yanğıların(yanğınların)quraqlıq bərkçilərinin içində şairin bütün sözləri baharla doludur,yaşıllıq (lar)içindədir.

Onun şeirləriylə ömrün xəzanında,ömrün 90-ında,yüzünə də ömrün yaşıllığına –baharına qayıtmaq olar!

Dünya yaxşılardan ,təmiz ürəkli adamlardan xali deyilmiş hələ ki:

Dünyada təmizlik qalıbdı vallah,

Gözün bağlanmasın zalım balası!

...Dünyada yaxşı .şair də (şairlər də)qalıbmış hələ ki:

Əsl sənətkara,əsl sənətə,

Hələ bu dünyada qulaq asan var!

...Hələ yaradan var,hələ yazan var!