adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
09 Dekabr 2020 15:08
56223
MÜSAHİBƏ
A- A+

Qarabağ qazisi: “30-40 saniyə heç nə hiss etmədim” -  VİDEOMÜSAHİBƏ

“Ədalət” qəzetinin qonağı II Qarabağ müharibəsinin iştirakçısı, Qarabağ qazisi Zaur Həkimovdur. Onun qəzetimizin baş redaktorunun birinci müavini Əbülfət Mədətoğlu ilə söhbətini sizə təqdim edirik.

-Hər vaxtınız xeyir olsun, Zaur. Qarabağı sevənlərin gözləri aydın olsun. Zəfər savaşında millət öz birliyini ortaya qoydu və biz 30 illik həsrətimizin sonuna gəldik, çatdıq. Təbii ki, hərbi geyimdə olan hər kəs bu gün Azərbaycan xalqı üçün əzizdir. Sizinlə “Ədalət” redaksiyasında görüşmək bizə şərəfdir, bizim üçün xoşdur. Bütün kollektiv adından sizə təşəkkür edirik. İstərdik ki, bizə və bizi izləyənlərə özünüz haqqında məlumat verəsiniz...

-Zaur Həkimov. 10 ildən artıq müddətdir ki, hərbi xidmətdəyəm, hərbi qulluqçuyam. Sanitar təlimatçı kimi çalışıram. Sülhməramlı Qüvvələrin Əməliyyat İnkişafı Konsepsiyası taborunda xidmət edirəm.

-Bilirik ki, siz Qarabağ müharibəsi başlayandan bu günə qədər Ordunun tərkibində olmusunuz. Bir az da çalışdığınız sahə ilə bağlı danışaq...

-İxtisasca həkiməm. Döyüşüb xəsarət alanlara yardım göstərirdim. Bu da ki, borcumuz idi. Vəzifəm budur ki, yaralıları döyüş meydanından çıxarım və onlara tibbi yardım edim.

-Siz Sülhməramlı olaraq ölkədən kənar haradasa xidmət etmisiniz?

-Xarici dövlətlərdə təlimlərdə olmuşam. Almaniya, Gürcüstan, Serbiya, Bolqarıstan, Ukrayna, Türkiyə kimi ölkələrdə təlimlərdə iştirak etmişəm.

-Deməli, siz başqa ölkələrin hərbçiləri ilə də təmasda olmusunuz. Bizlə onların fərqi nədir?

-Çox fərqlənirik. Dözümlüyük biz.

-Sülhməramlı olaraq qürbətdə olduğunuz günlər və bu 44 gün...

-Düzünü deyim ki, 44 gün daha şərəfli idi. Qismət oldu və getdik, döyüşdük. 44 gün bir tarixdir. Döyüşdən əvvəl danışırdıq, söhbətlər olurdu, hələ onda belə deyirdik ki, kaş müharibə olaydı və biz də onun bir parçası olardıq. Tale elə gətirdi ki, olduq da.

-Hansı istiqamətdə döyüşmüsünüz?

-Füzuli və Cəbrayıl.

-Qarabağı dağılmış bir vəziyyətdə görərkən nə hisslər keçirirdiniz?

-Hisslər qarışıqdır. Sarsıldım da. Xarabalığa çeviriblər. Qarabağın təbiəti, sözsüz ki, möhtəşəmdir. Onu ancaq televizorda, internetdə izləmişdim, amma gedib öz gözlərimlə gördüm, canlı şahidi oldum.

-Döyüşlərlə bağlı yadınızda qalan hansı xatirəniz var?

-Bir yaralı əsgər var idi, onu döyüş meydanından çıxaranda minaatandan bir mərmi düşdü və qəlpə dəydi ona. Onda pis oldum.

-Heç hansısa yaralı əsgər deyibmi ki, mənə icazə verin, döyüşə gedim?

-Bəli. Qanaxmanın qarşısını alırdıq, deyirdi ki, mən də döyüşmək istəyirəm.

-Necə oldu ki, yaralandınız?

-Döyüş yoldaşımı xilas edərkən yanımıza mərmi düşdü. Onun təziqi məni maşına çırpdı. 30-40 saniyə heç nə hiss etmədim. Sonra özümə gəldim, lakin qulaqlarım eşitmirdi. Durub kənddə bir evə doğru gedirdim ki, növbəti dəfə mərmi düşdü və bundan sonrasını xatırlamıram.

-Bildiyim qədərilə oğlunuz idmançıdır...

-Bəli, cüdo üzrə idmanla məşğul olur. 9-10 yaşı var. Ölkə daxilində, bununla yanaşı İranda, Gürcüstanda da yarışlarda iştirak edib. Gürcüstanda yarışda hətta erməniləri məğlub da edib.

-Sizdən öncə ailədə hərbçi olubmu?

-Xeyr, atam polis işçisi olub. Amma I Qarabağ savaşında iştirak edib. Qarabağ veteranıdır. Qardaşım da hərbçidir, Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edir.

-Demək istədiyiniz hansısa sözünüz varmı?

-Allah Şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa diləyirəm...

Söhbəti qələmə aldı: Rövşən Tahir