adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

Aqil ABBAS: QİYAMƏT GECƏSİ VƏ YA KİM BİRİNCİ QOL VURSA     

AQİL ABBAS
99480 | 2020-12-12 18:00

Qəribə yuxuydu. Ayılandan sonra çox kədərləndim və ağladım. Deməli, məhləmizdə ocaq qalamışıq, uşaqlar yığışıb ocağın başına qızınırıq. Məhlə də deyəndə ki, salamat heç nə yoxdu. Amma biz indiki yaşda deyilik, uşaq yaşındayıq, 10-12 yaşlarında.

Uşaq vaxtı bu məhlə bizim futbol stadionumuz olub. Məhlənin eni olardı uzağı 25 metr. Qapılarda da dirəklərin yerinə daş qoyurduq. Və onda məhləmizdəki bu stadion bizə İmarət stadionu boyda görünürdü.

Bir haşiyə.

Deməli, gənc dostum Məmməd Əliyevlə bulvarın başında, “Dostluq”  kinoteatrının tinində maşından düşdük. Dedim Məmməd, gedək bizim məhləyə.

 Dedi:

- Aqil əmi, qoy girim öz həyətimizə, sən get, mən də gəlirəm.

Həyətləri də düşdüyümüz yerdən bir 20 metr aralıydı.

Mən yavaş-yavaş Nizami küçəsiylə  gedirəm 2 nömrəli məktəbə tərəf. O, xeyli gecikdi. Birdə gördüm qaça-qaça gəlir. Gəldi çatdı, gördüm ki, əlində bir tərəfi çürümüş tava və bir dənə də sapılca var.

- Ə, qardaşoğlu, bunlar nədi?

- Əmi, həyətimizdən tapdım. Mamam  bu tavada maa o qədər qayğanaq bişirib. Aparıb təmir elətdirəcəm.

Həhayət, məhlədəyik.

- Əmi, uşaq vaxtı bizim evdən sizin evə qədər  çox uzaq idi ey, indi çox yaxın gəldi. 

Güldüm, dedim:

- Ə, qardaşoğlu, onda balaca uşaqdın, yol uzun görünürdü. İndiki bir addımın o vaxtkı bir addımından beş dəfə böyükdü. Ona görə yol qısalıb.

Qayıdaq yuxuya.

Kimsə dedi ki, gəlin, futbol oynayaq. Yenə daşları qurduq. Yarıya bölünüb başladıq oynamağa. Həmişə nədənsə oynayırdıq.

Kimsə dedi ki,  nədən oynayaq?

Dedim, kim birinci qol vursa, yığışıb  birinci onların evini tikəcəyik.  Razılaşdıq.

Oyun başladı və ilk qolu da Əkrəm vurdu. O Əkrəm ki, Vasif Adıgözəlovun gözəlliyinə görə “Qərənfil” mahnısı qoşduğu jurnalist Vasif Quliyevin bibisi Qərənfil xalanın oğluydu...

... Bu Vasif Quliyevin də 6 bibisi olub, 6-sı da Qarabağın maralı, dünya gözəli. 4-ü Ağdamda yaşayırdı. Bir bibisi Qəmər xalanı da toyda görən Xan əmi gözəlliyinə necə hayıl-mayıl olmuşdusa, bədahətən, bu gün çox məhşur  olan “Ay Qəmərim, Qəmərim” mahnısını oxumuşdu. İmanımı yandıra bilmərəm ki, aralarında nəsə olub. Onda Xan əminin də özünün laçın vaxtlarıydı. Şuşa işğal olunanda Qəmər xalanın yaşı 90-nı keçmişdi. Nə illah eləmişdilər, uşaqları şəhərdən çıxara bilməmişdi. Üstünə benzin tökmüşdü ki, kim yaxın gəlsə, özümü yandıracam, mən bu yaşımdan sonra gedib harda basdırılacam və qalmışdı Şuşada. Və yəqin ki, elə ermənilər Şuşaya girəndə də özünü yandırmışdı...

... Əkrəmin atası Ərşad kişi də Qacarlardan idi, Bəhmən Mirzənin nəvəsiydi.

Əkrəm İsmayılov (əslində İsmayılbəyovdular, represiyadan sonra qorxularından “bəy” sözünü soyadlarından silmişdilər) Birinci Qarabağ Savaşında qəhrəmancasına şəhid oldu. Ölümündən sonra Ulu Öndər Heydər Əliyev tərəfindən “Azərbaycan bayrağı” ordeniylə təltif edilmişdir.

Əkrəmlə bir məktəbdə oxumuşduq, məndən də yaşca kiçikdi, qonşuyduq, böyük qardaşı Asiflə də bir sinifdə oxuyurduq. Əkrəm haqqında “Qiyamət gecəsi” povestimdə yazmışam.

“Dayanmışdı və ölmüş həyətin ortasında  böyük bir başdaşsız qəbrə oxşayan, daş yığnağına çevrilmiş Ölmüş Məktəbə baxırdı. Gün gələcəkdi O, televizorda verdiyi vədə əməl edib Bakıdakı evini satacaqdı və Ölmüş Məktəbi dirildəcəkdi, əvvəl necə var elə də tikdirəcəkdi. Və onda daş yığnağını müharibədə sağ qalmış sinif yoldaşları ilə birlikdə  öz əlləriylə təmizləyəcəkdi və bu daşları təmizləyəndə altından “Şərəf lövhəsi” tapacaqdı. Və Şərəf lövhəsindəki bir şəklin gözlərindən biləcəkdi ki, bu elə Onun şəklidi. Bax, o Şərəf lövhəsini necə tapmışdısa, əl vurmadan bir müharibə xatirəsi kimi eləcə də vuracaqdılar əvvəlki yerinə, nəvələri də o Şərəf lövhəsinin qarşısında dayanıb hamının yanında fors edəcəkdilər:

- Bax, o bizim babamızın şəklidi!

Çox istəyəcəkdilər bu Ölüb Dirilmiş Məktəbə Onun adını versinlər, razı olmayacaqdı. Onun xahişi ilə məktəbə müharibədə  şəhid olmuş Əkrəmin adını verəcəkdilər və bu həyətin ortasında da Əkrəmin büstünü qoyacaqdılar. Amma indi qarşısında dayandığı, Qaz Qubadın qardaşı Nizaminin o Cincilim qızın üstündə ona şillə vurduğu darvazanın ağzına belə bir lövhə vuracaqdılar: “Yazıçı Aqil Abbas da Əkrəm İsmayılov adına bu məktəbi bitirib”.

O günə hələ vardı. Hələ gün bu gün idi. Dayanmışdı, daha doğrusu, mıxlanmışdı darvazanın ağzına.” (“Qiyamət gecəsi” povesti 1998-ci il.)

Ağdama ilk səfərimdə getdim oxuduğum 2 nömrəli məktəbə. Mənim və 7 bacı-qardaşımın oxuduğu və “Əli müəllimin məktəbi” deyilən məktəb elə yuxarıda təsvir elədiyim kimi daş yığnağıydı. Və bir divarı qalmışdı, o da  Ölmüş Məktəbin  başdaşına oxşayırdı. İnşallah, biz o məktəbi yenidən tikərik. Bu, mənim boynumun borcu!

 

Yenə qayıdaq yuxuya.

Davakar Əkrəm yenə davakarcasına hamını itələyib birinci qolu özü vurdu.

Uşaqlar hamısı “urrraaa” deyə qışqırdı və hamımız getdik Əkrəmgilin həyətinə, başladıq  həyətdəki qalaqlanmış daşları təmizləməyə.

Allah bütün belə yuxuları çin eləsin!

P.S. Mən ilk dəfə Ağdama  1998-ci ilin şaxtalı bir qış günündə getmişdim. Həmin səfərimlə bağlı “Qiyamət gecəsi” adlı povest yazmışdım. Kitab kimi də 2000-ci ildə kiril əlifbasıyla çap elətdirmişdim. Kitabı da rəhmətlik dostum, naşir Adil Abbasov mənim ad günümə hədiyyə eləmişdi, özü də 5000 tirajla. Çalışacam tezliklə kitabı yenidən nəşr etdirim və qoyam Evoğlunun üstündə Ağdama gedən yoldakı birinci posta. Əsgərlərimiz Ağdama keçib gedənlərə hədiyyə eləsin.

Və povesti isə saytımızda hissə-hissə yerləşdirim və oxucular görsünlər bu neçə ildə mən və bütün ağdamlılar nələr çəkmişik.

TƏQVİM / ARXİV