adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Aqil ABBAS: KOROĞLU BİR QOYUN YEYƏ BİLƏR, AMMA… 

AQİL ABBAS
59135 | 2020-12-08 10:30

Dünən sosial şəbəkələrdə oğlu şəhid olmuş bir ananın ürək dağlayan  bir hekayəsini paylaşıblar. Həmin ananın hekayəsini mən də həm öz saytımızda, həm də qəzetimizdə dərc edirəm.

Məsələ nədir?  Bir ana oğlunu döyüşə yola salan zaman cibində olan  xurmanı  verir  uşağa. Sonra oğlu döyüşlərdə şəhid olur  və çantasından anasının ona verdiyi çürüməkdə olan xurma çıxır.

Bəli, başlayıblar ki, o vaxta  qədər  xurma  qala  bilməzdi və sair və ilaxır, hətta  lağ eləyənlər də var.

Dostlar, bir xüsusi  təyinatlının  videosunu paylaşmışdılar.  Şuşanı azad edən həmin igid heç demə, balasının  papuclarını  özüylə götürübmüş.  Yəqin ki,  hər döyüşdən  öncə övladının qoxusu hopmuş  həmin  papucları öpə-öpə  iyləyirmiş. Çox müqəddəs hissdi.

İndi görünür həmin  oğul da elə anası yadına  düşdükcə xurmanı  iyləyirmiş.  Və həmin xurma da ona ruh verirmiş.

Nə isə. Lap  tutaq ki, belə bir  hadisə olmayıb. Hansısa usta bir qələm  sahibi  yazıb bu hekayəni. Nə vaxtsa o bir  dastan olacaq və bu 44 günlük müharibəyə, şəhidlərimizə, qazilərimizə,  evlərinə  sağ-salamat qayıtmış əsgərlərimizə  nə qədər  dastanlar qoşulacaq. Elə mən özüm də həmişə  yazmışam və  yenə  yazacam.

Necə olur Koroğlu bir oturuma bir qoyunu, nə  bilim  neçə qazan plovu yeyə  bilir, amma bir  əsgər  anasının ona son dəfə  verdiyi  xurmanı  çantasında saxlaya  bilmir?!

Nə isə…

TƏQVİM / ARXİV