adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

“Bu toy edənləri hara yazım?”- Rövşən Tahir

Rövşən Tahir
120397 | 2020-12-05 22:08

Açığı ilk dəfədir ki, “Yazıya necə başlayım, haradan başlayım?” kimi suallarla üz-üzə qalıram. “Vətən” anlayışındanmı başlasam? Yox, o insanlar “Vətən nədir?” bilməzlər. “Şəhid” ifadəsinin mahiyyətinimi izah etsəm onlara? Məncə, bu qədər şərəfli bir anlayışı da qavramayacaqlar. Qavrasaydılar, hər halda əl qaldırıb oynamazdılar. Mənim üçün onlar şərəfsizdirlər. Şərəfsizə şərəfli bir ifadənin nəyindən bəhs edəsən?

Həftə ərzində aldığım iki xəbər açığı məni sarsıtdı. Naxçıvanda Siyaqut restoranında toy edənlərin və özünə ad günü keçirən model Razi Əliyevanın xəbəri. Görəsən, vicdanları ilə baş-başa qalanda özlərinə sual veriblərmi ki, biz nə edirik? Axı bu ölkənin 2783 Şəhidi var, axı onlar bizim üçün Şəhid olublar. Modeli hardasa başa düşürəm ki, əşi, onsuz da o mini yubkalı rəfiqələri ilə “Vətən”, “Şəhid” anlayışlarını düşünəcək ağla sahib deyillər. Bəs bu toy edənləri hara yazım? Yəni bu qədərmi insan qansız olar ki, əl qaldırıb oynasın?! Kadra baxanda hələ yaşı başından böyük, başı isə yaşı qədər olmayan arvadların vur-çatlasınını demirəm. Mənə çox maraqlıdır. Maraqlıdır ki, görəsən, o arvadların (Mən onlara “ana”, “qadın” deyə bilmərəm) yaxınları ölsəydi (Şəhid demirəm, çünki o müqəddəs addır), əl açıb oynayacaqdılarmı? Biz el adəti ilə belə görüb-götürmüşük ki, kiminsə yaxını rəhmətə gedəndə 1 il toy etməz. Bu gün o Şəhidlərin hər biri bizim yaxınlarımızdır, bəs niyə toy edirsiniz? Heç utanmırsınızmı? Yerinizə utanıram. Bu yerdə Şairə Nazilə Səfərlinin fikirlərini də əlavə edib yazıram: “Naxçıvana təyyarə ilə enən səhmanlı Şəhid karvanından o bəyin yerinə mən üzr istəyirəm”. Elə şairənin fikirləri ilə də yekunlaşdırıram:

“Yaz da deyil, deyəm, qanın qaynayır,

Sənə bəymi deyim, belə bəy olmaz!

Şəhid qanı üstdə anan oynayır,

Vətən yas saxlayır hələ toy olmaz!”

TƏQVİM / ARXİV