adalet.az header logo
  • Bakı 7°C
02 Dekabr 2020 13:24
96468
ƏDƏBİYYAT
A- A+

DÜNYAYA VƏ ÖZÜMÜZƏ GÖRK BİR ABİDƏ YARADAQ...

Yazıçı-dramaturq,  filosof  Firuz Mustafanın FB-də bir təklifi ürəyimdəm xəbər verdi. Çox maraqlı və gərəklidir. Yazır: “Təklif edirəm: heç olmasa dağıdılmış yaşayış məntəqələrindən biri "Səma altında şəhid abidə" kimi saxlanılsın; bu, kənd də ola bilər, qəsəbə də, rayon mərkəzi də...”    

Əla təklifdi. Beloruslar vaxtilə bu addımı atıblar, faşist vəhşiliyinin nümunəsi kimi dağıdılnmış, yer üzündən silinmiş bir kəndi – Xatın kəndini maket-abidə kimi qoruyub saxlayır, dünyanın müxtəlif yerlərindən gələn qonaqları bu “kəndə” dəvət edir, təkcə belorus xalqına deyil, insanlığa yönəli vəhşilik, barbarlıq nümunəsi kimi  dünyaya göstərirlər. O kənddə olmusunuzmu, yanıb-külə dönmüş, sakinləri məhv edilmiş kəndin küçələri ilə yerimisinizmi...  

Mən olmuşam. Ağırdır, çox ağırdır. İli yadımda  deyil, Azərbaycandan bir qrup jurnalist Belorus Respublikasına Beynəlxalq bir  tədbirə dəvət edilmişdik. O vaxtkı “İnşaatçı” qəzetinin Bsaş redaktoru, rəhmətlik Oktay Cəfərovun rəhbərlik etdiyi nümayəndə heyətinə tələbə dostlarım Teymurşah Xaspoladov, Elman Qədirli, Azər Abdullayev, rəhmətlik Həsən Kərimov və respublikanın bir sıra nüfuzlu mətbu orqanlardan jurnalistlər daxil idi.    Zəngin və maraqlı səfər proqramı tutulmuşdu, alman faşistlərinin yandırıb külə döndərdiyi, belorusların maket-abidə kimi qoruduqları  Xatın kəndinə  ziyarət də nəzərdə tutulmuşdu. Sonradan öyrəndik ki, Belorusa gələn bütün qonaqlara faşist vəhşiliyin, insanlığa yönəli vandallığın nümunəsi kimi mütləq bu “kəndi” göstərirlər.    

Elə ki,  kənd-abidəyə daxil olursan, qucağında qətl edilmiş körpəsi möhtəşəm insan heykəli səni qarşılayır, kəndin “küçələri” ilə gəzdikcə narahat insan ürəyinin döyüntülərini xatırladan aramsız  saat səslərinin yaratdığı vahiməni sözlə ifadə etmək mümkün deyil...

Firuz müəllimin təklifi o günü, o kədəri yenidən yaşatdı, yenidən o duyğuların ahənginə qapıldım...O vaxt özüm üçün  kiçik qeydlər də etmişdim, yenidən xatırladım..Təklifə dəstək üçün paylaşıram. Biz də müharibə dağıntılarının maket-abidəsini saxlayaq, dünya görsün, özümüzə də dərs olsun deyə... “...Gözə gəlməz yaşıllığı, sözə gəlməz yaraşığı olub bu kəndin. Torpağının bərəkəti başdan aşıb. Adamları əllərinin istisinə qızınıblar, əllərinin qabarından ulduz kimi işıq saçıb ömürləri... Gözəlləri görənləri yoldan qoyub, igidləri at oynadıb, ad çıxarıb, dövran qoyub... Yaşıllığa sığınıb, yaxşılığa qovuşub beləcə ömür sürüb bu kənd, beləcə səadətlə  qoşa yaşayırmış bu Belorus kəndinin adamları. Demə  günləri var imiş...   Müharibə alov seli...yanıb bir kənd. Düşmən odu “sığal” çəkib aydıınlığa: canlısı da, cansızı da tüstü kimi göylərdədir, bulud olub, yağa bilmir, yurd axtarır, yuva gəzir...  Özü var idi, sözü qalıb bu kəndin,  Adı var idi, ahı-fəryadı qalıb bu kəndin... ...Abidələşib Xatın kəndi...Əbədiləşib Xatın kəndi...

...Ayaqlarımdan elə bil daş asılıb, arxamca zorla sürüyürəm. Abidə-kəndin dünyadan ağır dərdi çiyinlərimi əzir. Sanki narahat, buz kimi soyuq beton döşəmədə deyil, ürəyimin üstü ilə yeriyirəm. Yanaşı addımladığım qoca döyüşçüyə daha çətindir. Gəlmədir, hansı millətin nümayəndəsidir, soruşmuram, əhəmiyyəti də yoxdur, insandır, insanlığa yönəli faciənin, vəhşiliyin ağrı-acısını yaşayır. Onsuz da ağır-ağır hərəkət edən dəstə ilə ayaqlaşa bilmir. Gedir, dayanıb nəfəsini dərib bir də gedir. Yaşı çox olsa da dərdi qocalıq deyil, müharibənin ürəyində gəzdirdiyi sağalmaz yaradır, incidir. Ayaqlarını beton döşəməyə elə ehmalca qoyur ki, elə bil yanıb kül olanların ruhuna toxunmaqdan qorxur...   Kənd yoluna boz dəmir-beton plitələr düzülüb. Seyrək döşəmədə yerimək çətindir, xüsusilə əlində çəlik qocalar üçün...Döşəməyə diqqət edərək ehtiyatla  getməli olduğun belə seyrək beton düzülü yolu bir də Anqarada, Mustafa Kamal Paşanın  məqbərəsinə, Atanın ziyarətinə  gedəndə görmüşəm. Abidə-kəndin “qonaqlarını” həlak olmuş övladını qolları üstündə tutmuş, hüznlü, dözülməz kədərin üzə bilmədiyi məğlubedilməz qoca  heykəli  “qarşılayır”. Baxmaq mümkün deyil, bu dərdə şərik olmaq mümkün deyil...    

Kəndarası yollar beton döşəmə - bozumtul  yol müharibə alovunda yananların külü səpələnmiş rəmz kimi düşünülüb. Qarşıdakı beton tökmə  üzərindəki qırıq hissə qətl edilənlərin son mənzilini xatırladır.    Xatının kəndarası yolları sağa-sola burulur, küçələr boyu beton evlər sıralanıb, hər birinin üzərində də “ev sahiblərinin”- yanıb kül olmuş xatınlıların adı yazılıb. Evlərdən ucalan boz beton sütunlar faşistlərin insanları diri-diri yandırdığı sobaların borusunu xatırladır. Hər birinin üzərində də zəng qoyulub, aramsız çalır, çağırır Xatın zəngləri... Faşistlər tərəfindən Belorus torpağından tamamilə dağıdılıb, silinmiş,  məhv edilmiş kəndlərə salınmış qəbristanlıq heyrət doğurur. Faşistlər 186 kəndi yerlə yeksən ediblər. Onların indi nə adı var, nə ünvanı, Xatındakı abidə qəbristanlığında kənd-kənd məzarlaşıblar...”  Dostumz Firuz Mustafanın "Səma altında şəhid abidə" təklifi yenidən yaşatdı, yaddaşıma əbədi həkk olunmş bu sızıltıları..  Haqlıdır, Firuz müəllim, “Səma altında şəhid abidə” erməni faşizminin vəhşiliyini dünyaya göstərmək üçün çox vacibdir. Təkcə dünyayamı...Özümüz də baxıb dərs almalıyıq, başımıza nə gəlibsə unutqanlığımızdan gəlib. Biz hiyləyə inanıb unutmuşuq, amma tarix yaşadıb. 1905-1906-cı illərdə təxminən 300-ə yaxın kənd, qəsəbə dağıdılıb, 10 minə qədər insan həlak olub. 1918-1920-ci illərdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri və o dövrdə “milli qırğınlar” kimi tarixə düşən cinayətlər və soyqırımdan dərs aldıqmı..  

Sonrakı faciələri, məcburi köçürülmələri bu günkü nəsl xatırlayır. Amma yenə unutmuşuq, “erməni nəvazişinə, erməni hiyləsinə” aldanmışıq. Başımıza nə gəlibsə bax, bu unutqanlığımızdan, ürəyi yumşaqlıqdan doğan sadəlövhlüyümüzdən gəlib...  

Qarabağdan köçən bir erməni deyir ki, biz müharibəni deyil, minilllər boyu apardığımız döyüşlərdən birini uduzmuşuq. Deməli, onlara görə hələ bitməyib bu qovğa, hələ yaşayır, erməni xisləti...   Dünyaya görk, özümüzə isə dərs olacaq bu abidəni  xatırlamaq, dünyaya göstərib inandırmaq, “məsum erməni mifini” parçalayıb, o vəhşi simanı göstərmək üçün yaratmalıyıq. Gəlsinlər, baxsınlar, mənim uzun illərdir Xatında gördüklərimi bu günkü kimi xatırladığım kimi həmişə xatırlasınlar...
 

Vaqif Tanrıverdiyev