adalet.az header logo
  • Bakı 7°C
02 Dekabr 2020 13:21
64468
ƏDƏBİYYAT
A- A+

Aqil Abbasın qanadları... - Şahanə Müşfiq yazır

"Uçmaq üçün qanada ehtiyacımız yoxdur, kiçicik xoşbəxtliklər yetər" - demişdi vaxtilə bir nəfər... Maraqlıydı, bir o qədər də təəccüblü və qeyri-inandırıcı. Hansı xoşbəxtlik insana qanad taxıb səmaya qaldıra, sonsuz ənginliklərdə süzdürə bilər ki?

Görünür, onda insanı sevincdən dəli olacağı həddə çatdıran xoşbəxtliyin dadını bilmirdim. Belə xoşbəxtlik yaşayan insanlar da görməmişdim. Bu zamana kimi mənim maksimum sevinclərimdə qəlbim şiddətlə döyünər, gözüm yaşarardı. Elə başqa insanların da.

İki aylıq bu müharibə və ardınca qazanılan o böyük qələbə bizə həm də sevincdən qanad açıb uçmağı, xoşbəxtlikdən dəli olmağı, gülə-gülə ağlamağı, ağlaya-ağlaya gülməyi öyrətdi. İlk dəfə Cəbrayılın azadlığıyla bir cəbrayıllının ağlaya-gülə "mən daha qaçqın deyiləm" sözlərinin qanadında uçduğunu hiss etdim. 

Bir də o gün, bir videoda xoşbəxtliyin qanadlarıyla uçan adam gördüm. Ağ saçlı, ağ adam bu dəfə başqalaşmış, göy adam olmuşdu, uçurdu, Qarabağın, Ağdamın səmasında pərvazlanırdı. Ayaqları torpaqda olan adamın ağ saçları göylərə dəyirdi, xoşbəxtliyin qanadında süzdükcə süzürdü.

Tanıdığım bu illər ərzində sözünü Ağdamsız başlamayıb, Ağdamsız da bitirməyən millət vəkili, yazıçı Aqil Abbasdan danışıram sizə. Noyabrın 20-si Ağdamın işğaldan azad olunduğu xəbəri gələndə ilk xatırladıqlarımdan oldu. Təkcə mənim yox, məncə, onu tanıyan hamının. Onun Ağdam həsrəti o qədər böyük, sonsuz, müqəddəs idi ki, hərdən fikirləşirdim, bu sevincin şiddətinə qəlbi tap gətirərmi? Çox şükür gətirdi. Hələ o qəlb hamıdan qabaq qaça-qaça, uça-uça torpağının görüşünə də getdi. Qol götürüb oynadı da...

Şuşa Qarabağın, Azərbaycanın mədəniyyət mərkəzidirsə, Ağdam da başdan-başa istedadlar diyarıdır deyə bilərik. Yəqin çoxları razılaşar ki, ağdamlılar ağızlarını ya musiqiylə açarlar, ya da şeirlə. Ona görə də bu "ruhlar şəhəri"ni diriltmək üçün ora saz-söz, musiqi aparmaq şərt idi. Belə də oldu. İşğaldan azad olunmuş Ağdama ilk ayaq basanlar içərisində incəsənət nümayəndələrimiz də vardı. Xüsusən, əslən Ağdamdan olan, bu vətən müharibəsində qardaşı oğlunu şəhid verən Xalq artisti Mənsum İbrahimov özünün məlahətli səsindən düşmənin viran qoyduğu torpaqlara yeni can üfürdü. İstedadlar məskəni başqa nə cür diriləcəkdi ki?!

"Ruhlar şəhəri" deyirdilər Ağdama. Azadlığından sonra yayılan görüntülər insanı bir az da vahiməyə salırdı. Bir ad bir şəhərin bədbəxt, nakam taleyini necə dəqiq ifadə edərmiş. Azərbaycan Ordusu şəhəri təhvil alandan bir neçə gün sonra hökumət nümayəndəliylə bərabər bəzi ağdamlı jurnalistlər, incəsənət, mədəniyyət adamları, ziyalılar və illərdir Ağdamdan uzaqda Ağdamı təmsil edən "Qarabağ" futbol klubunun heyəti oraya ilk ayaq basanlardan oldular. Sosial media onların sevinc, fərəh dolu şəkilləri, videolarıyla çiçək açdı, xoşbəxtliyə büründü.

Amma bunlarla bərabər, içimizi ağrıdan məqamlar da az olmadı.

Gördük ki, uşaqlığı, gəncliyi o gözəl yurdda keçənlər 27 illik ayrılıqdan sonra belə hər nöqtəni, hər künc-bucağı necə əzbər tanıyır, necə dəqiq xatırlayırlar. İki dənə yanaşı daşa, yanındakı balaca qum təpəciyinə baxıb deyir: "Bura Ağdamın kinoteatrı". Başqa 4-5 dənə üst-üstə daş, sən demə, nə vaxtsa muzey olub. Bir dənə uçuq divara Ağdam Dram Teatrı deyib əzizləyirlər. Kol-kos basmış, çöllükdən fərqlənməyən sahəyə "İmarət" stadionu deyib kubok qaldırır, futbol oynayırlar. Yerlə bir olmuş həyəti qurumuş ağacdan tanıyıb "bizim ev" deyib hönkürürlər. Təkcə özlərinin yox, qonşularının, qohumlarının evlərini axtarır, əslində isə o dağıntılar arasında uşaqlıqlarını, gəncliklərini gəzirlər. Bizim burdan - ekran arxasından ürəyimiz göynərkən, onlar nələr hiss etdilər, hansı ağrılar keçirdilər, kim bilir... Amma yenə də xoşbəxt idilər.

Mənsum İbrahimovun Ağdamın mərkəzində, quruca çöldə oxuduğu məşhur "Qarabağ" mahnısının videosunu izləyərkən fərqinə varırsan ki, canına yeni can gələn, ruhu dirilən təkcə o torpaqlar deyil, həm də ordakı vətən həsrətli insanlardır. Ən çox yenilənən, saçından dırnağınacan xoşbəxtlik, fərəh süzülən isə şübhəsiz, Aqil Abbas idi. Mənsum İbrahimovun səsiylə birgə Aqil Abbasın kürəyində sevinc qanadları peyda oldu. Kənardan görünməyən, amma hər halıyla hiss edilən o qanadlar onu torpağın üzərindən alıb səmanın ənginliklərinə, düz Allahın yanınacan apardı. Mahnının sədaları altında qol götürüb oynayan ağ adamın sinəsi altda həyəcanla, fəxrlə, sevinclə, həsrətlə, çaşqınlıqla döyünən qəlbinin hərarətini ekrandanca duymaq olurdu.

O qanadlar kürəyinə dağ vüqarı gətirmişdi, boyunu ucaltmışdı, sinəsini qabartmışdı. Mahnının ritmiylə yuxarıya qalxan əlləri Ağdam məscidi üzərində küləklə bir ahəngdə dalğalanan bayraq kimi yellənirdi. O əllər sevinirdi - torpağına toxunmuşdu. O əllər bayram edirdi - sığala həsrət evinin divarını sığallamış, "sahiblərin qayıtdı" - demişdi. O əllər minnətdar idi - Allaha şükranlıqla açılmışdı. O əllər fərəhli idi - sahibini 27 ildir intizarında olduğu yurda qovuşdururdu. O barmaqlar çırtıq çalıb oynayırdı sevincindən. O əllər başını itirmişdi xoşbəxtlikdən...

Aqil Abbas rəqs etdikcə ayaqlarını torpağa elə xəfif, elə asta, elə ehtiyatla basırdı ki, sanki qorxurdu torpağın 27 ildir əsirlikdə üzülmüş canını bir də özü ağrıdar. O ayaqlar səssizcə pıçıldayırdı vətənin qulaqlarına: "Sən azadsan! Bax, oğulların görüşünə gəlib!" O ayaqlar sanki yenidən öyrənirdi yeriməyi, rəqs etməyi. O ayaqlar da hiss edirdi üzərindəki bədənin əzəmətini, qamətin şaxlığını...

Bir şəkildə gördüm Aqil müəllimin gözləri qan çanağına dönmüşdü. Hiss etdim ki, çox ağlayıb. Bəlkə də bütün səfər boyu gözünün yaşı dinməyib. Bu, həm sevinc, fərəh göz yaşları, həm də uçuq-sökük yurda ağı idi. O gözlər heç bir videoda, heç bir şəkildə yerində dayanmırdı, elə hey acgözlüklə ətrafa baxırdı. Sanki yurdunda gördüyü ən xırda detalı belə hərisliklə yaddaşına köçürməyə, xatirə boğçasına yığmağa çalışırdı. Hətta mahnının sədası altında ağır-ağır süzərkən də gözlər axtarışda idi, ətrafa baxmaqdan doymurdu...
27 ildir yurduna həsrət gözlərin aydın olsun, Aqil Abbas! Qanadların mübarək!

525.az