Faiq QİSMƏTOĞLU: BAŞIMIZIN ALTINA YASTIQ QOYUB YATMAYAQ

FAİQ QİSMƏTOĞLU
60883 | 2020-12-02 11:53

Biz görünən düşmənə qarşı 44 gün mübarizə apardıq... 44 gün birləşib bir yumruq olduq və görünən düşməni məhv elədik. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altında olan bütün şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi, rayonlarımızı yağılardan azad elədi. Artıq Ağdam bizimdi... artıq Füzuli bizimdi... artıq Cəbrayıl bizimdi... artıq Zəngilan bizimdi... artıq Qubadlı bizimdi... artıq Hadrut bizimdi... artıq Şuşa bizimdi... artıq Kəlbəcər bizimdi... artıq Laçın bizimdi... artıq cəmi Qarabağ bizimdi... Bunlar hamısı bizim həyatımız, bizim nəfəsimiz, bizim bu günümüz, bizim sabahımızdır. Biz böyük Qarabağ Savaşında Böyük Qələbə qazandıq. Bunlar çox gözəl. Allaha şükürlər olsun!

Amma bu gün ölkəmizdə tamamilə başqa bir müharibə gedir. Başqa bir dünyanın və başqa bir aləmin içindəyik. Bu, bəşəriyyəti cənginə alan COVİD-19 virusudur ki, onunla mücadilə, mübarizə aparmaq, bununla döyüşmək elə də asan deyil. Biz fikirləşirdik ki, bu ilin yaz, yay mövsümündə bu bəlanın qarşısını tamamilə ala bilməsək də, heç olmasa onun sayını aşağı endirəcəyik. Düzdür, yaz və yay mövsümündə uzaqbaşı bu virusa yoluxanların sayı 550-dən artıq olmamışdı, yəni 600 nəfərə çatmamışdı. Bu da onunla bağlı idi ki, ölkədə tam rahatlıq

idi, sabitlik idi. Müharibə başlamamışdı, bütün qüvvələr, bütün güclər bu virusla mübarizəyə yönəldilmişdi. Ancaq Qarabağ Savaşı millətin başını qatdı və bu məsələyə önəm verdik. Və şükürlər olsun ki, Qələbə çaldıq. Amma bu gün görünməyən düşmən artıq Azərbaycanı öz ağuşuna alıb. Hər gün, hər saat, hər dəqiqə koronavirusa yoluxanların sayı artır... hər gün, hər dəqiqə, hər saat bu bəladan dünyasını dəyişənlərin sayı artır... hər gün, hər saat, hər dəqiqə biz bu xofun, bu qorxunun, ölüm vahiməsinin içindəyik. İndi necə eləyək ki, hansı yolu tutaq ki, hansı yolu keçək ki, bu böyük bəladan, bu böyük xəstəlikdən, dünyanı cənginə alan bu böyük bəladan xilas olaq.

Bəli, bu mücadilədə hamıdan çox həkimlər mücadilə aparırlar. Həkimlər döyüşürlər, həkimlər bizim həyatımızı xilas eləyirlər. Amma koronavirusa yoluxanların sayı günü-gündən artır. Bugünkü rəqəmə görə, yəni dekabrın 2-də Azərbaycanda koronavirusa yoluxanların sayı 4426 nəfər olub. Dünyasını dəyişənlərin sayı isə 41 nəfərdir. Yəni ölüm hadisəsi bu gün daha çox baş verib. Bu nə deməkdir? Bu, əməlli-başlı bu dalğanın, ölüm kabusunun bizim hər birimizin qapısını döyməsi deməkdir. Bu o deməkdir ki, bir balaca ayağımızı yan atsaq, bir balaca səhlənkarlıq eləsək, bu rəqəm 500-600-ü keçəcək. Bu o deməkdir ki, biz bu virusa qarşı, bu görünməyən düşmənə qarşı fəal mübarizə aparmalıyıq.

Nazirlər Kabineti Yanında Operativ Qərargah lazım olan addımı atıb. Səhiyyə Nazirliyi və eləcə də TƏBİB-in qurumları bu sahədə lazımi reallıqları gerçəkləşdirir.

Yüksək səviyyədə tibbi personallar, peşəkar həkimlər, eyni zamanda, xarici ölkələrdən dəvət olunmuş mütəxəssislər hamısı Azərbaycandadır. Amma koronavirusun qarşısını tək həkimlərin, xaricdən gələn mütəxəssislərin köməkliyi ilə almaq mümkün deyil. Burda Operativ Qərargahın da zəif nöqtələri var. Yəni zəif nöqtə ondan ibarətdir ki, bir balaca boşluq yarandı, rejim yumuşaldıldı, sərt karantin rejimindən sadə rejimə keçirildi. Və nəticədə nə oldu? O oldu ki, koronavirusa yoluxanların sayı 600-dən 4426 nəfərə qalxdı. Bu rəqəm adi rəqəm deyil. Bu rəqəm koronavirusun çox təhlükəli olmasından xəbər verir. Bu, bizim hər birimizi gələn sel kimi apara bilər.

Əvvəllər ölkəmizdə bu virusa inananların sayı çox az idi. Vaxtilə TƏBİB sədri deyəndə ki, sizin, bizim hər birimizin evində, qohumunda, qonşuluğunda yoluxan olacaq, onun dediyinə inanmırdıq. Bəli, bu gün doğurdan da belədir. Hansı qohumun, hansı əqrəbanın, hansı dostun qapısını döyürsən, görürsən orda koronavirusa yoluxmuş insanlar var. Şəxsən mənim iki yaxın dostum – Füzulidə xəstəxananın baş həkimi Natiq Şükürov və yazıçı-publisist, Prezident təqaüdçüsü Səməndər Məmmədov bu virusdan əziyyət çəkirlər. Mən bütün xəstələrə, o cümlədən yaxın dostlarıma Allahdan şəfa diləyirəm. Eyni zamanda, doğma kəndim Böyük Bəhmənlidə neçə-neçə yaxın qohumum iki-üç gün bundan əvvəl koronavirusdan dünyasını dəyişiblər.

Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, bizim bir çoxumuz həkim məsləhətlərinə, lazımi tövsiyələrə,

deyilənlərə qulaq asmırıq, sanitar-gigiyenik qaydalara əməl etmirik, lazımi ara məsafəsi saxlamırıq. Bu xəstəliyin yaranmasının əsas səbəblərindən biri ondan ibarətdir ki, kütləvi yerlərdə, yas məclislərində insan sıx ünsiyyətdə olur, maskalardan istifadə eləmirlər. Bu yaxınlarda Füzuliyə şəhidin yas məclisinə getmişdim. Həmin məclisdə cəmi iki-üç nəfər tibbi maskadan istifadə edirdi. Kənddən gələndən sonra eşitdim ki, həmin məclisdə iştirak edənlər arasında bu virusa yoluxanlar olub.

Bəli, bu gün biz dərk eləməli, fikirləşməliyik ki, yas məclislərini əvvəlki kimi eləməli deyilik. Əvvəllər bizim kənddə yas məclisində 1000-2000 adam iştirak edirdi. İndi buna məhdudiyyətlər qoyulmalıdı. Bunlar insanları təhlükəyə, ölümə, faciəyə aparan yollardır. Bundan çıxış yolu ondan ibarətdir ki, Bakı şəhərində koronavirusa yoluxma halları ölkədə ən yüksək səviyyədədir. Buna laqeyd yanaşmaq olmaz. Bu məsələlər tək Səhiyyə Nazirliyinin, TƏBİB-in, Operativ Qərargahın işi deyil. Bu məsələ hər bir azərbaycanlının, hər bir vətəndaşın, hər bir insanın üzərinə düşən missiyadır ki, özünü bu virusdan, bu təhlükədən qorusun. Koronavirusa yoluxmanın ən münbit şəraitlərindən biri də ictimai nəqliyyatdı.

Heç kimə sirr deyil ki, ictimai nəqliyyatda bu gün vəziyyət çox acınacaqldı. Operativ Qərargah bu barədə nə düşünür? Niyə ölçü götürmür ki, avtobuslarda adam əlindən tərpənmək mümkün deyil. Metro da işləmədiyinə görə, insanlar M-1, M-2 , M-3, “BakBus”un digər avtobuslarında o qədər basabas olur. Bu, birinci virusun

yoluxma mənbəyidir. Qoy xalq da, hökumət də bilsin ki, koronavirusun birinci yoluxma mənbəyi ictimai nəqliyyatdı, ikincisi yas məclisləridi. Bu barədə tezliklə ciddi addımlar atılmasa, ciddi ölçü götürülməsə, faciə daha ağır olacaq. Yəni bir gündə onlarla insan dünyasını dəyişəcək, minlərlə insan bu virusa yoluxacaq. Bu qədər xəstəni harda yerləşdirmək olacaq? Nə xəstəxanalarda, nə modul tipli hospitallarda xəstə əlindən tərpənmək mümkün deyil. Bunun çıxış yolunu tapmaq lazımdır. Ona görə Operativ Qərargah bu barədə oturub ciddi düşünməlidir, sərt karantin rejimi tətbiq olunmalıdır. Ay səlahiyyətli insanlar, ay vəzifə sahibləri, virus bu sürətlə yayılsa, vəziyyət çox acınacaqlı olacaq. Sərt karantin rejiminə keçmək lazımdır. Iş yerləri dayandırılmalıdır. İctimai nəqliyyatın fəaliyyətində ayaq üstə sərnişin aparılmalı deyil. Birmənalı olaraq, ictimai nəqliyyatda ayaqüstə sərnişin getməməlidir. Ciddi karatnin rejimi tətbiq olunmasa, 90-100 min xəstəni harda yerləşdirmək mümkün olacaq? Operativ Qərargah, Nazilər Kabineti zəhmət çəkib bunun çıxış yolunu tapmaldır və bu barədə ciddi düşünməlidir. Əhalini bu təhlükədən qurtarmaq üçün daha optimal, daha orijinal, səmərəli çıxış yolları tapılmalıdır.

Artıq həkimlərin əksəriyyəti bu xəstəliyə yoluxub. Neçə-neçə həkim dünyasını dəyişib. Və bu gün də əksər həkimlər təhlükənin içindədir. Onlar görünməyən ölümlə döyüşürlər. Və ən nəhayət, böyük bir yük insanların üzərinə düşür, bu xəstəliyi saymayanların üzərinə düşür. Hər bir adam öz evində, ailəsində zəhmət çəkib ailəsini inandırmalıdır: maskasız çölə çıxma, evə gələndə əlini yu,

gigiyenik-sanitar qaydalara əməl elə. Ailədə bir nəfər bu xəstəliyə yoluxur, onun həkimə getməməsi evdə olan digər ailə üzlərinin yoluxmasına gətirib çıxır. Yəni cəmiyyətin özü də ictimai fəallığı artırmalıdır, cəmiyyətin özü də çıxış yolu tapmalıdır. Birmənalı olaraq bu gün Azərbaycan xalqı necə ki, birləşib cənab Prezidentin rəhbərliyi ilə müzəffər Ordumuzla torpaqlarımızı işğaldan azad etdi, bu gün də o cür birləşib görünməyən düşməndən xilas yolu tapmalıyıq. Yalnız birləşərək, həkimlərin məsləhət və tövsiyələrinə qulaq asaraq, Operativ Qərargahın qərarlarına əməl eləyərək, bundan çıxış yolu axtarıb tapmalıyıq.

Mən pessimist adam deyiləm və inanıram ki, bir qaranlıq gecənin işıqlı sabahı da var. Amma bu qaranlığı yaradan da bizik, işığa çıxaran da bizik. Deməli, hamı özündən başlamalıdır. Əgər hamımız bu görünməyən düşmənə qarşı mücadilyə qalxsaq, savaşa qalxasaq, döyüşə qalxsaq, tezliklə bunun qarşısını ala bilməsək də, koronavirusa yoluxanların sayını azalda bilərik. Fikirləşsək ki, qarşıdakı aylarda bizi böyük təhlükə gözləyir, onda nələrin baş verəcəyini təsəvvür etmək elə də asan olmayacaq.

Ona görə də bir daha xalqımdan, ziyalılardan, televiziyalardan, ictimai fikrə təsir edən təbliğat vasitələrindən xahiş edirik bu məsələləri gündəmdə saxlasınlar. Həkimlərlə yanaşı, ziyalılar, kütləvi informasiya vasitələri təbliğat aparsınlar.

Ay camaat, ay insanlar, özünüzü qoruyun! Əks təqdirdə, bizim hər birimizin evində hər bir kəs bu virusun qurbanına çevriləcək. Bunun yeganə çıxış yolu birlikdə mübarizə aparmaqdır.

TƏQVİM / ARXİV