Tariximizdən gələn qəhrəmanlıq: Eyni gündə şəhid olan qardaşlar...
Əbədi haqqımızın müdafiəsi olan Böyük vətən müharibəsi sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Ağdam, Kəlbəcər, Laçın rayonlarında bizə qarşı döyüşən Ermənistan ordusu döyüşsüz təslim olaraq, həmin rayonları Azərbaycan Ordusuna təhvil verdi.
Müharibə müddətində düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı. Hazırda məğlub ordu Azərbaycan dövlətininşərtlərini qəbul edir və etmək məcburiyyətindədir.
Bu şanlı tarixi bizə yaşadanigid oğullarımız, qəhrəman şəhidlərimizə ömrümüz boyu minnətdar və borcluyuq. Belə oğullardan bir neçəsini sizin nəzərinizə çatdırırıq.
Əli və İslam qardaşları
Mingəçevirdən olan şəhid qardaşlar - 27 yaşlı Əli oğlu (nişanlı) və 26 yaşlı İslam (subay) İlqar oğlu Əhmədovlar tariximizin yaddaşında, xalqımızın qəlbində min illər yaşayacaq fəxrlərimizdi.
Qeyd edək ki, İlqar sentyabrın 27-də, İslam isə 28-də Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olub.
İman və Bəhram qardaşları
Bakı şəhəri Binə qəsəbəsində doğulub böyüyən 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədovlar Rusiyada ali məktəbi bitirdikdən sonra Bakıya gəliblər və hələ hərbi xidmətə çağırılmaqlarına bir il qalsa da, bir gün sonra hərbi komissarlığa gedib qeydiyyata düşüblər. Sentyabrın 27-də döyüşlər başlayanda da ilk olaraq cəbhəyə gedənlərdən olublar. Döyüşlərə Füzuli rayonunda başlayıblar. Füzuli, Cəbrayıl və Zəngilanın kəndlərinin işğaldan azad edilməsində iştirak ediblər. Qardaşlar noyabrın 1-də Xocavənd rayonunun Qırmızıbazar kəndində gedən
qızğın döyüşlərdə şəhid olublar. Şəhid olduqları vaxt isə onların hərbi xidməti başa vurub gəlməklərinə iki ay qalırdı. Ataları Elman Məmmədov mediaya açıqlamasında bildirib ki, qardaşlar şəhid olmağı qarşılarına məqsəd kimi qoymuşdular. İman və Bəhrəm uşaqlıqdan qardaş kimi, dost kimi çox yaxın olublar. Məktəbə, idmana bir yerdə gediblər, tələbə kimi bir yerdə oxuyub hərbi xidmətə yollanıblar.
Qusar rayonunda hərbi xidmətdə eyni bölükdə olublar və ilk olaraq Bəhrəm kəşfiyyatçı olub, bu səbəbdən İman da kəşfiyyat bölüyünə keçib. Daha sonra İmanın səhhəti kəşfiyyatçı olmağa imkan vermədiyi üçün o bölükdən uzaqlaşıb, Bəhrəm də ona görə könüllü kəşfiyyatdan çıxıb. Onlar daim bir yerdə olublar, heç vaxt bir qardaş digərini tək buraxmayıb. Buna görə də hər kəs onları əkiz bilib.
Məlum olub ki, bu qardaşlara deyiblər ki, biriniz arxa cəbhədə qalmalısız, biriniz ön cəbhəyə gedə bilərsiz. Hər iki qardaş bu təklifdən imtina edib. Daha sonra onlara xəbərdarlıq edilib ki, hər ikiniz arxa cəbhədə qala bilərsiz. Bu təklifdən də imtina ediblər. Hər ikisi subay olublar.
Elgün və Altay qardaşları
Lerik rayonun Kəlvəz kəndindən olan 18 yaşlı Elgun və 20 yaşlı Altay artıq bütün Azərbaycanın fəxr etdiyi oğullardandı. Mövlanov qardaşları ikinci Qarabağ müharibəsində fəal iştirak ediblər. Onlardan biri sentyabrın 30-da, o biri isə oktyabrın 30-da - şəhid olub. ikinci qardaş şəhid olanda cibindən qardaşının yasında iştirak etmək üçün hərbi hissənin ona verdiyi 5 günlük icazə kağızı tapılıb.
Döyüş yoldaşları danışırlar ki, hərbi hissə komandirinə "hal-hazırda qardaşımın qisasını alıram, müharibədən sonra məzarını ziyarət edərəm" deyərək, digər şəhid qardaş 5 günlük icazədən imtina edibmiş. Şəhidlərimizin anası Sevda Novruzova mediaya açıqlamasında söyləyib ki, onlar övladı özləri üçün böyütməyiblər:"Biz övladlarımızı Vətən və torpaq üçün böyütmüşdük".
Ataları Tahir Mövlanov isə deyir ki, təsəllim odur ki, balalarımın qanı yerdə qalmadı. Məlumata görə, şəhidlərimiz Azərbaycanın sabiq prezidenti mərhum Heydər Əliyevin məşhur dostu olmuş çoban Xanış Şahıyevin nəvələridir. Hər iki şəhidimiz subay olublar.
Nazir və Tacir qardaşları
Ağdam rayonunun Çullu kəndində anadan əkiz qardaşlar Nazir və Tacir Allahverdiyevlər Azərbaycan üçün strateji zirvələri ələ keçirib, birlikdə şəhidlik zirvəsinə ucalıblar. (Əkiz qardaşlar haqqında qəzetimizdə geniş reportajı bu linkdən oxuya bilərsiniz)... Onların da hər ikisi subay olublar.
Ağdamlı 3 şəhid qardaş...
Yeri gəlmişkən, belə igidlik nümunələri ilk deyil... Ağdamdan olan 3 şəhid qardaşın vətən uğrunda göstərdikləri qəhrəmanlıqlar xalqımızın yaddaşına əbədi həkk olub. I Qarabağ müharibənin ilk günlərində Aslanovlar ailəsindən dörd nəfər hərbi xidmətə yollanır. Kazım Aslanov xeyir-duası ilə dörd oğlunu – Vidadi, Xaqani, Hasil və Sabiqi müharibəyə yola salır.
Qardaşlardan ikisi Ağdama, digərləri isə Xocalıya düşür. Qardaşlar bir müddət sonra göstərdikləri mərdliklərə görə komandir olurlar və ən gərgin döyüşlərdə iştirak edirlər. Hasil və Vidadi Aslanov 1993-cü ilin 23 iyul tarixində, Ağdam rayonu Şelli kəndi işğal olan gündə şəhid olublar. Xaqani isə Xocalıda gedən döyüşlərdə şəhid olub. 4-cü qardaş Sabiq Aslanov Ağdamda yaralanıb və hazırda qazidir.
Bütün şəhidlərimizin qarşısında baş əyirik! Hamısının ruhu şad olsun!
Əntiqə Rəşid
“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri