KƏNDƏ ŞƏHİD GƏLİR - Şahnaz Şahin yazır

42883 | 2020-12-02 10:06

Sərlövhədən bəlli olur yazdıqlarımızın ovqatı, ilk enerji toqquşması oxucunu burda tutur. Adından başlayır insanların da taleyi, deyirlər adlar, ordakı hərflərin məna tutumuna görə birbaşa insan taleyinə təsir edir. Adamlar da elə öz adlarına bənzəyir bir növ. Adların da ölçüsü var, o da geyim kimi insana ya uyğun gəlir, ya böyük, ya da kiçik olur. El arasında uşağa ad qoyarkən “Adıyla böyüsün”, “Adına layiq övlad olsun” və s alqışlar edilir. Hərflər hərəsi ayrı-ayrılıqda müəyyən məna daşımaqla enerjiyə malikdir və onun bütün varlıqlara təsirini öyrənən bir elm də var ki, bu “Huruf” adlanır. Adamın adındakı hərflərin onun taleyinə təsiri ilə Qədim Misirdən tutmuş ta Roma imperatorluğuna qədər bütün cəmiyyətlərdə maraqlanmış, araşdırmışlar. Romalılarda hətta “nomen est omen” deyə bir deyim də vardır, yəni “adımız taleyimizdir”. Sevgili peyğəmbərimiz Hz.Məhəmməd də “Övladlarınıza gözəl adlar qoyun ki, onları gözəl insan olaraq xatırlasınlar” deyə buyurmuşdur.

...O, Sabirabad rayonunun Bulduq kəndində doğulmuşdu, ailənin beşinci, ata-anasının isə tək oğlu idi. Yox, onu qurban-qazanla tapmamışdılar, gəlişinə nəzir-niyaz deməmişdilər, amma dualar edib Allahdan oğul payı da istəmişdilər. Axı azərbaycanlılar oğula həm də “düşmən çəpəri “ deyir. Allah da eşitmişdi, bu, öz əlinin zəhmətilə dolanan ailəni günlərin bir günü sevindirmişdi. Qohum-qonşular tökülüb təbrikə gəlmişdilər, evdə onun dünyaya gəlişi əsil bayrama dönmüşdü... Uşağa ad vermişdilər, özü də bir deyil, iki ad. Şəhadətnaməsində Vahıb yazılsa da evdə Toğrul çağırırdılar, heç məktəbə gedənəcən əsil adını özlərindən başqa bilən yox idi. Adının mənası da dərindi, Vahıb-“bağışlayan, hədiyyə verən, ərməğan edən”deməkdi. Bacıları hər nazını çəkir, bu “kişi qırığı”nın şıltaqlığına sevə-sevə dözür, hələ bir az da ərköyün böyüdürdülər. Kənd uşağı idi, işi-peşəsi torpağın içində oynamaqdı, taxtadan yalançı tüfəng düzəldib yaşıdları ilə dava-dava oyunu qurub -düzəltməkdi. Özü də həmişə bu oyunların tam mərkəzində olur, qəhrəman hiss edirdi özünü. Axşam hava qaralanda anası güclə gətirirdi evə, yaşıdlarından ayrılmaq istəmirdi.

Böyüdükcə ərköyünlüyü, şıltaqlığı keçir, yerində boy-buxunlu, iti baxışlı, ağıllı, yetkin bir gənc formalaşırdı. Orta məktəbi yüksək qiymətlərlə oxumasa da, yadda qeyrətli, dürüst, mərd oğlan kimi qalmışdı. Müəllimləri də onun tərbiyəsindən razı idilər. Eldə belə uşaqlara “üzüyola”, “mərifətli”, “qanacaqlı” deyirlər. Beləcə illər dağ çayı kimi sürətlə axıb keçdi, orta məktəb illəri geridə qaldı, artıq bacıları da ailə qurmuş, atası isə xəstə olduğundan evin ağırlığı demək olar ki, onun çiyninə düşmüşdü. Zəhmətkeşdi, evdə, həyət-bacada hər işin qulpundan tutur, anasına kömək eirdi. Artıq hərbi xidmət yaşı da çatmışdı, əsgərliyə çağırılanda Vətən borcunu vermək üçün həvəslə yola düşdü. Əsgəri xidmətini Ağstafa rayonunda keçib sağ-salamat evinə qayıtdı. Atası da elə o hərbi xidmətdə olarkən dünyasını dəyişdi. İndi lap tək qalmışdı, sığınacaq yeri bircə anası idi...

Torpaqlarimizin erməyiyə qalması ilə barışa bilmirdi, son vaxtlar cəbhə xəttindən aralı olan rayonlarımızın , onun dinc sakinlərinin atəşə tutulması Vahibin qaynar qanını bir az da coşdururdu. İçi erməniyə nifrətlə, qisasla dolu idi, bütün gənclər kimi o da torpaqlarımızın yad

əllərdən geri alınmasını arzulayırdı. Amma qaydalara tabe olmalıydı, vaxt yetişməmişdi, Azərbaycan dövləti sülh yolunu dəstəkləyirdi.

Demə ocağının bir dənəsiyəm,

Mən zəfər nəğməsi, haqın səsiyəm.

Geri qalib kimi bil dönəsiyəm,

Kövrələ-kövrələ baxma oğluna,

Arxamca bir ovuc su səp, ay ana!..

Azərbaycanın səbir kasasının dolduğu 28 sentyabr gecəsi, ermənilərin azğınlaşması hamımızın sinirlərini tarım çəkmişdi. Elə 29 sentyabr səhəri artıq başqa sabah kimi gəldi, Günəş Azərbaycan sərhədlərində qarşıladı əsgərlərimizi. Artıq Ali Baş Komandanın bircə əmrilə Ordumuz düşmənin başına od ələməyə başladı. Elə həmin gün də Vahıb könüllü olaraq cəbhəyə getdi. Qısa vaxt ərzində hərbi hazırlıq təlimlərini uğurla başa vurub ön cəbhəyə yollandı. Bəzən qəhrəmanları hardasa kənarda axtarırıq, amma onlar çox zaman elə bizim ətrafımızda olur... Azərbaycan Ordusunda xidmət etməyi özünə şərəf bilən bu gənc oğlan əsgər yoldaşları ilə bərabər ta şəhid olduğu günə kimi kiprik qırpmadan, qorxu bilmədən döyüşdü. Rayonlarımızın işğaldan azad edilməsində iştirak etdi, şəhidlik məqamı isə onu Qubadlıda haqladı... Bir can idi, ona da ərazi bütövlüyümüz uğrunda qıydı, təəssüflənmədi, qorxmadı, bir an da geri çəkilmədi. Amma ürəyində Şuşa həsrəti, Xankəndi yanğısı qaldı...

Bu gənclərin taleyinə müharibə düşdü, elə bizim də. Gör neçə idir ki, evdə, ailədə hamı bir yerə yığılanda, bir süfrə arxasında əyləşəndə həmişə ilk söhbət əsirlikdə qalan ellərimiz, torpaqlarımızdan düşürdü. Hər il neçə gözəl rayonlarımızın, bağ-bağatlı kəndlərimizin işğal günü qeyd olunurdu, bu hər kəsə əzab verir, incidir, yaralarını təzələyirdi. Bir az da utanırdıq, amma dözürdük, səbir edirdik. Arxayın idik həm də, inanırdıq ki, Azərbaycan dövləti, onun Prezidenti əsir torpaqlarımızın taleyini düşünür, onun üçün böyük işlər görür. İşğal sona qədər qala bilməzdi və qalmadı da!

Müharibənin də öz qanunları var, ona hazırlıq, başlanma, gedişat müddəti və rəsmi bitmə zamanı olur. Bu aradan keçən 30 ilədək müddət ərzində Azərbaycan bir dövlət olaraq inkişaf etdi, möhkəmləndi, gücləndi. Milli Ordumuzun isə maddi-texniki bazası, hərbi potensialı artırıldı, şəxsi heyətin döyüş hazırlığı ilə bərabər mənəvi-psixoloji hazırlıq səviyyəsi də yüksəldildi. Ən müasir silahlarla təchiz olunan və onu yüksək hərbi səriştə, məharət və bacarıqla idarə edə bilən hərbçilərilə Ordumuz bu gün düşmənə qan uddurmaqla yanaşı dünya güc birliklərini də həyrətə salmışdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev müxtəlif zamanlarda dönə-dönə bəyan etmişdi : “..Bizim ordumuz istənilən vaxtda torpaqlarımızı düşməndən azad etməyə qadirdir.” Amma Azərbaycan humanist ölkə olduğundan sülh tərəfdarı idi, erməni tərəfi isə anlamaq istəmirdi. Elə buna görə də döyüş meydanından qaçdı, hər şeyini atıb qaçdı!

Bəli, müharibə itkisiz olmur. Torpaqlarımız neçə-neçə igid oğulların canı, qanı bahasına qaytarılır. Azərbaycan anası da qəhrəmandır bu gün, cəbhəyə övlad yola salan ana, “qələbə ilə

qayıt”-deyə yola salır balasını. Azərbaycan xalqı bu gün həm arxa, həm də ön cəbhədə yenilməz güc və birlik nümayiş etdirir dünyaya. Bu birliyin, bu gücün qarşısında isə düşmən acizdir!..

... “Döyüş parad kimi görünən bir hücum deyil, çırpınan plakatlarla döyüş deyil... Müharibə dəhşətli dərəcədə fövqəladə bir yorğunluq..., heyrətamiz dramlarla kəsilən sonsuz çətinliklərin monotoniyasıdır...” Amma müharibə həm də bir cəsarətdir! Mənə elə gəlir ki.., yox, mən tamamilə əminəm ki, müharibədə iştirak edən hər bir əsgər qəhrəmandır, rəsmi ya qeyri-rəsmi, qəhrəmandır, vəssalam! Bu gün hələ heç ilk sevginin dadını duymağa macal tapmayan nə qədər gənc bircə Vətən eşqinə uf demədən döyüşlərə atılır, Azərbaycan Bayrağını sol döşünün üstündə gəzdirir, şirin canına qıyır, torpağına isə yox!..

... O gün bir ana oğlunun şəhid xəbərini almışdı, rayon ziyalıları, bir neçə kəndin camaatı tökülüb gəlmişdi onu qarşılamağa. Bir evin oğlu kimi getmişdi, bir elin, bir xalqın oğlu kimi gəlirdi Vahıb... Elə qısa ömrünü də adının mənası kimi yaşadı, canını-qanını Vətəninə bağışladı, torpaqların azadlığı yolunda qurban verdi, yurdun bir gülünə, çiçəyinə ərməğan etdi... Kənd qəbristanlığında bir ziyarət yeri də artdı,bir şəhid məzarı qədər böyüdü, genişləndi Vətən!.. İkinci Qarabağ savaşında bu kəndin ilk şəhidiydi Vahıb, həm də son olsun! Ölkə Başçısının apardığı düzgün və məqsədyönlü siyasəti qalan torpaqlarımızın- Ağdam, Kəlbəcər və Laçın rayonlarının da sülh yolu ilə geri qaytarılmasını təmin etdi.

...Savaş sıldırım qayalar üzərindən keçən elə bir körpüdür ki, ordan yol yalnız irəliyə aparır. Qırx dörd günlük müharibə ilə tarixi ədaləti bərpa edən dövlətimiz yenə sülhün tərəfindədir. Qoy bir də analar ağlamasın, atalar çiyinlərində oğul nəşi daşımasın, hər tərəfdən uşaq qığıltısı himni eşidilsin, oğullar yenə də meydanlara cəngi sədaları altında rəqs etmək üçün atılsınlar...

...Vətən deyib döyüşlərə girənin,

Qan uddurub, yağı leşi sərənin.

Namusunu candan əziz bilənin

Gündə yüz yol baş əyirəm ruhuna,

Matəm yaraşmayır qəhrəmanlara!..

TƏQVİM / ARXİV