adalet.az header logo
  • Bakı 13°C
27 Noyabr 2020 13:51
88493
ƏDƏBİYYAT
A- A+

Daha qərib deyilsən, aşıq!

(Bəhmən Vətənoğlunun “Darıxdım” şeirini sazda segah üstündə yanğılı oxuyan naməlum aşığa ithaf edirəm)

 

Axşam da qəribdi, mən də qəribəm,

Nələr ürəyimdən keçdi, darıxdım.

Zalım ayrılığın kamil ovcusu,

Ox atdı, sinəmi deşdi, darıxdım.

 

Nə kövrək saatdı, nə kövrək andı,

Nəfəsim təngidi, ürəyim yandı.

Kəpəzdən bir çəngə bulud boylandı,

Xəyal uzaqlara getdi, darıxdım.

 

Qoy yazım varağı, qalmasın ağı,

Kim çəkər həsrəti Bəhmən sayağı?

Çox da müqqədəsdi Gəncə torpağı,

Kəlbəcər yadıma düşdü, darıxdım.

Dərdli anlarımın, yüklü ürəyimin, qəmli çağlarımın həmdəmi, adını, ünvanını bilmədiyim, bir neçə ildir yanğılı səsinin ovsunundan çıxa bilmədiyim, qərib aşıq. Məni məndən alan, gözümün yaşını selə, içimdəki üsyanı vulkana döndərən dərd ortağım! Səsinin çalarında nə acılar sızlayır? Zəngulənin xırdalıqlarında nə haraylar, nə hayqırtılar üsyan edir? Sənə illərin sirdaşı olan sazının sarı siminə toxunan barmaqların nədən bu qədər qəmli havalar çalır? Nimdaş geyimindən, fağır görkəmindən, küskün baxışlarından nisgilini görmədilərmi, qərib aşıq. Kef məclislərində sümük dingildədən, ruh oynadan nəğmə sifariş etdilər, ilik donduran, can alan hava çaldı barmaqların, qərib aşıq. Şərab badələrinin cingiltisindən, köz üstündə yağlı tikələrin cızıltısından məst olanlar gözündən süzülən yaşın şırımını, alnındakı qırışın dərinliyini görə bilmədilər, səsindəki, avazındakı naləni, içindəki dərdin, ələmin hıçqırığını, hayqırtısını eşitmədilər.

Qərib aşıq, axşamın qəribliyində ürəyindən nələr keçdi, darıxdın? Nəydi nəfəsini təngidib, ürəyini yandıran? Şər qarışanda örüşdən qayıdan mal-qaranın böyurtüsümü, ağac budağında, hində, damda gecələməyə yerini rahatlayan toyuq-cücənin qanadlarının şappıltısımı gəldi qulağına? Çoban itlərinin hürüşməsimi, boğuşmasınımı eşitdin? Qızılı tayalara diş batıran yabanın parıltısımı gözlərini nəmləndirdi? Ürəyini darıxdıran səs-səda nəydi, qərib aşıq? Badyaya sağılan südün şırıltısımı? Sıra-sıra yaşmaqlı dağların arxasında gizlənən günəşin qürub qızartısımı? Qoyun-quzunun qabağını qaytaran uşaqların fiti, fışqırığımı? Həzin-həzin yanıb közərən ocağın çırtıltısımı? Dağ yamacından tox enib oynaqlayan köhlənlərin fınxırtısımı? Yoxsa bulaqların həzin zümzüməsimi? Nəydi gözlərini yaşardan, qərib aşıq? Bərəkət ətirli bacaların, pıqqapıq qaynayan samovarın

tüstüsümü? Bağdan-bostandan, zəmidən qayıdan qız-gəlinin gülüşünün cingiltisimi? Bayatı çəkən nənələrin məlahətli səsimi? Hansını sorum, sorğulayım, qərib aşıq, dərdli aşıq? Gün çıxandan gün batana el-oba həsrətini, nisgilini unutmadın, eləmi? İllər ötdü, gördüklərin, eşitdiklərin xatirəyə döndü yaddaşında, yumağa döndü köksündə, buluda döndü gözündə, dərdli aşıq.

Ürəyindən nələr keçdi, qərib aşıq? Zalım ovçunun sinəni dəlib keçən ayrılıq oxumu sızlatdı səni belə qərib-qərib, dərdli-dərdli, yetim-yetim? Nədən belə kövrək anlarını, kövrək saatlarını sayırsan, qərib aşıq? Sənin qəribliyin, yurd həsrətin ana, saata sığmaz axı! Sənin qəribliyinin, yurdsuzluğunun, qaçqınlığının tarixi 27 sənə, 330 ay, dərdinin, nisgilinin ağırlığı, çəkisi Dəlidağ boyda, Murovdağ boyda, Şişdağ boydadır axı. Kəpəzdən boylanan çəngə buludların üstündən qanadlanan xəyalın o dağlaramı uçdu, qərib aşıq? Müqəddəs Gəncə torpağında nazını çəksələr də, xatirini əziz tutsalar da, yurd, el-oba, Kəlbəcər həsrətlisi oldun, darıxdın, eləmi?

Dünən son dəfə qulaq asdım yanqılı səsinə - Kəlbəcərin düşmən işğalından qurtulduğu gün. Son dəfə kövrəldim nisgilli səsinə, qərib aşıq. Daha yanıqlı oxuma, daha gözlərini yumub xəyallarını varaqlama, daha buludlara baxıb gözlərini doldurma, aşıq! Daha qərib, daha qaçqın, daha yurdsuz deyilsən! Axı, sən Kəlbəcərlisən!

 

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru