adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

Şərəf məsələsi

MEHMAN CAVADOĞLU
112588 | 2020-11-27 11:45

Fransa senatı ölkə hökumətini Dağlıq Qarabağın müstəqilliyini tanımağa səsləyən qətnamə qəbul edib. Qətnamənin mətni qərəz və nifrətdən doğan o qədər yalan, uydurma faktlarla “bəzənib” ki, qələminə hörmət eləyən istənilən yazar ondan hətta qırıq-qırıq sitatlar gətirməyə də xəcalət çəkər. Özünü dünyanın lider dövlətlərindən biri, demokratiyanın beşiyi sayan bir ölkənin senatorlarının qisasçılıq hissiylə yoğrulmuş belə bir çızmaqaraya az qala elliklə səs vermələri korafəhm xislətin bariz nümunəsidir. Siyasi sənəddən daha çox qaraçı vay-şüvəninə, kiçik bacısı cavan ölmüş böyük bacının hamıya və hər kəsə, hətta tanrının ünvanına yağdırdığı nifrin və qarğışlara oxşayır. Odur ki, Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin onu adi bir kağız parçası adlandırmasını təkcə hüquqi əhəmiyyət daşımaması anlamında yox, həm də bu konteksdə qiymətləndirmək lazımdır.

Azərbaycan ordusunun vur-tut 44 gün ərzində Dağlıq Qarabağ separatçılarının, Ermənistan ordusunun, Suriya, Livan və Fransa terrorçularının birləşmiş qüvvələrini darmadağın etməsi rəsmi Parisin siyasi kuluarlarında elə bir çaşqınlıq yaradıb ki, indi Ermənistan yalan olub, onlar doğru. Bu qələbəni hər fürsətdə Türkiyənin, “virtual cihadçıların” ayağına yazmaq cəhdləri də elə həmin çaşqınlığın, öz uğursuzluqlarını ört-basdır eləmək istəyinin nəticəsidir.

Türkiyə Azərbaycana siyasi dəstək verdiyini heç vaxt gizlətməyib, prezident R.T. Ərdoğan başda olmaqla ölkənin bütün ranqlardakı rəsmiləri bunu dəfələrlə bəyan ediblər. Özü də Yelisey sarayının divarlarına çat salan gur səslə bəyan ediblər. Amma bu dəstək Minsk qrupunun həmsədri kimi tərəflərə neytral yanaşmağa borclu olan Fransanın Ermənistana verdiyi dəstəkdən çox olmayıb ki, az olub.

Senatorların bu hərəkəti qələmə verildiyi kimi heç də guya müxtəlif hakmiyyət qollarının müstəqilliyindən qaynaqlanan demokratiya nümunəsi-zad deyil. Məsələnin kökündə məhz hökumətin, konkret

desək, prezident Makronun hələ hərbi əməliyyatların gedişi vaxtı heç bir diplomatik və əxlaqi normalara sığmayan həyasız mövqeyi dayanır. Sonradan səhv etdiyini, daha doğrusu, ölkəsinin Minsk qrupunun həmsədrliyində qalmaq şansını itirdiyini dərk etdiyi üçün ifadələrinə candərdi korrektələr etməyinə baxmayaraq, ox artıq yaydan çıxmış, Fransa siyasi elitasının, onsuz da, heç kimə sirr olmayan paxırı onun başçısının öz dilindən açılmışdı. Qətnamənin mətni də həmin rüsvayçı çıxışın icmalından başqa bir şey deyil.

Əli dirsəyinə kimi müstəmləkə xalqlarının qanına bulaşmış Beşinci Respublikanın yuxarı palatasında qəbul edilən bu bədnam sənəddə Türkiyənin adının dəfələrlə hallanmasının, az qala Azərbaycandan çox çəkilməsinin başlıca səbəblərindən biri də bu gün dünya siyasətində, xüsusilə Yaxın Şərqdə, Aralıq, Egey və Qara dəniz hövzələrində formalaşmaqda olan yeni geopolitik düzənlə, bu düzəndə rəsmi Anqaranın gün-gündən artan rolu və nüfuzunu sinirə bilməməklə bağlıdır. İndi Fransayla birlikdə digər Qərb ölkələrindən də hər addım başı eşidilən “Siz orda nə edirsiniz?” ritorik sualına aldıqları “Sizin etdiyinizi edirik” konkret cavabı, görünür, yuxularına əməlli-başlı haram qatıb. Çünki eyni işi onlar görəndə adı “demokratiya”, Türkiyə görəndəsə “yeni osmançılıq” olur.

Hazırda Suriya cəbhəsində canavar kimi üz-üzə dayanmalarına rəğmən, öz ölkələrindəki PKK-çıları və digər terrorçuları Azərbaycana qarşı savaşa göndərən və ya buna göz yuman “liberal-demokrat” Makronla ideoloji kimliyini artıq özü də unutmuş, siyasi legitimliyini çoxdan itirmiş Əsədin Qarabağ cəbhəsində qol-boyun olmaları da bir ayrı metamorfozdur. Onların Dağlıq Qarabağla bağlı verdikləri açıqlamalar eyni səngərdən oxunan əsgər xoruna oxşayır. Odur ki, bu məqamda Türkiyə müdafiə naziri Hülusu Akarın bu üzdəniraq həmsədr ölkə haqqında söylədiyi çox dəqiq və mükəmməl bir fikri sitat gətirmədən ötüşmək olmur: “Fransa Qarabağ münaqişəsinin həllinin yox, probleminin bir hissəsidir”. Üstəlik, Fransa siyasətçiləri, ölkənin ali hakimiyyət orqanları nəinki beynəlxalq hüquqa, hətta adi siyasi və əxlaqi normalara sığmayan bu cür qərəzli yanaşmaları, açıq-aşkar

həyasız mövqeləriylə demokratiyanın hava-su kimi lazım olduğu cəmiyyətlərdə necə bir xəyal qırıqlığı yaratdıqlarının, onun əleyhdarlarının əlinə dəstəvuz verdiklərinin də fərqində deyillər.

Azərbaycan ordusunun möhtəşəm hərbi qələbəsinin rəsmi olaraq təslim aktıyla başa çatmaması üçün Ermənistanın qanının arasına girənlərin aşırı canfəşanlığı bu müharibənin də dünya tarixindəki əksər müharibələr kimi əvvəl-axır danışıqlar masasında sona çatacağını qaçılmaz edir. Həmin masanın münsiflər kürsüsündə əyləşənlərin isə erməni sevdalı olması heç kimə sirr deyil. Fransadan fərqli olaraq digərləri bunu dilə gətirməsələr də, diplomatik etika naminə beynəlxalq hüququn Azərbaycanını tərəfində olduqlarını söyləsələr də, 30 illik təcrübə göstərir ki, bütün varlıqlarıyla əks qütbün yanındaydılar. Elə danışıqların “uzadaq unutdurarıq” düşüncəsiylə acı bağırsaq kimi sonsuzluğa qədər uzadılması da bitərəflərin bu birtərəfli rəğbətindən qaynaqlanırdı. Status-kvo Azərbaycandan başqa hamını qane etdiyi üçün prosesin dalana dirənməsi heç kimi narahat etmirdi, hətta qarşı tərəfi “yeni müharibə, yeni ərazilər” iştahasına düşməyə həvəsləndirirdi.

İndisə vəziyyət kökündən dəyişib, münaqişə bölgəsi Azərbaycanın hərbi-siyasi nəzarəti altına düşüb. Belə bir durumda erməni havadarları, çətin ki, yendən danışıqları uzatma taktikası seçsin. Üstəlik, Türkiyə ordusunun da monitorinq missiyasına başlamasının getdikcə uzanması bəzi şübhələrə yol açır, üçtərəfli bəyannamə və onun əlavə protokollarına tam şəkildə əməl ediləcəyinə olan inamı sarsıdır.

Hər halda qarşıda bizi növbəti, həm də çətin danışıqlar mərhələsinin gözlədiyi sirr deyil. Minsk qrupuyla birdəfəlik vidalaşmaq, özünü çoxdan nüfuzdan salmış bu formatın yeni reallıqların tələblərinə uyğun bir formatla əvəzlənəcəyinə ümid də yoxdur, ən azından bizdən başqa heç kim buna həvəsli görünmür. Odur ki, mümkün olanı əldə eləməyə çalışmaq, məsələn, Minsk qrupunun bütün diplomatik çərçivələri aşan ən odioz üzvündən – Fransadan yaxa qurtarmaq lazımdır. Bunuçün daşdan keçən səbəblər var və güman edirik ki, öz qətiyyətini və prinsipiallığını artıq bütün dünyaya sübut eləmiş Azərbaycan hakimiyyətinin buna da gücü çatacaq. Sözü gedən qətnaməni nə qədər “lazımsız kağız parçası”, “məsləhət xarakterli sənəd” adlandırsaq da, unutmaq lazım deyil ki, Senat nə hər hansı bir müxalifət partiyası, nə QHT, nə də diskussiya klubudur, ali hakimiyyət orqanıdır. Odur ki, onun bu qətnaməsindən sonra sonra məhz Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi mövzusunda Fransa nümayəndələriylə eyni masa arxasında oturmaq artıq Azərbycan diplomatları üçün həm də bir şərəf məsələsidir.

M. Cavadoğlu

TƏQVİM / ARXİV