adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
26 Noyabr 2020 13:54
28546
GÜNDƏM
A- A+

Ruhun qarşısında baş əyirəm - Orxan Saffari yazır

Şəhid Cavad Hüseynovla tələbə yoldaşı olmuşduq. 1-ci kursda oxuyanda universitetin qabağında mübahisəm düşmüşdü. Həmin günün gecəsi qaldığım kirayə evə uşaqları görmək üçün gəlmişdi, elə orda da dostlaşmışdıq. Gecə özümüz üçün içirdik, söhbət açıldı, dedi, "qaqaş, xətrinə dəyməsin, amma yaman borzu uşağa oxşayırsan. Danışanda elə deyilsən, di gəl, paxodkan elədi. Davadan sonra uşaqlar dedi ki, bir həftə əvvəl də 4-cü kurs uşağı döymüsən. Eşitmişdim, amma bilmirdim sənsən. Deməli, o kələ sən imişsən. Qardaşyana bir şey deyim, belə getsə, axırın heç yaxşı olmayacaq. Yeyərlər səni.

Mən də gülüb, cavabında yarı zarafat, yarı ciddi "narahat olma, brat, mən çörəyi qulağımın dibinə yemirəm ki, dünənki uşaq-muşaq gəlib mənə qaqalıq eləsin. Bu universitetdə qaqa uşaqları dənləyəcəm. Yaxşılar qalacaq. Sən də yaxşı oğlana oxşayırsan, qalacaqsan"

Üstündən bir müddət keçmişdi. Bir dəfə siniflərin birində patoka gəlib qızlara sataşdığı üçün uşağın birinə şillə vurmuşdum. Cavad da həmin vaxtı ordan keçirdi. Ara yatandan sonra dedi, Allah aqqı, şillənin səsinə diksindim. Yazığın qulağı deşildi. Sonra da zarafatla "Tanımayıb da səni, əmisi. Bilməyib ki, sən olan patoka gəlib nidrazmeniya salmaq olmaz. Amma sən də adam deyilsən də. Nə boyda adamsan, sənə turizm lazımdı? Yeri get işini gör də, neynirsən oxuyub?!..

Sonuncu söhbətimiz isə universiteti bitirənə yaxın olmuşdu.

Dayanıb siqaret çəkirdim, gəldi, dedi, balaca, necəsən? Dedim, sağ ol, böyük qardaş, yaxşıyam. Niyə gedib dərsə girmirsən? Nə qədər kəsrin var, bitirə bilməyəcəksən. Cavabında "hə, brat. Onsuz əlimi üzmüşəm. Çıxıb gedəcəm əsgərə, gələndən sonra da imkan edib bir yer götürüb işlədəcəm" demişdi...

Gələ bilməyən Cavadım...

İstəyin qəlbində qaldı, əziz dost. Xatirələrini qəlbimdə yaşadacam. Hər dəfə qatarda bir gedib gələndə verdiyimiz hoqqalar, etdiyimiz davalar, içdiyimiz içkilər, kayflı günlərimiz, bura yaza bilməyim daha nələr, nələr.

Bir dəfə də dedin e, "brat, səni internetdə, televizorda gördüm, yanımda uşaqlara dedim, bizim uşaqdı, qardaşdı. Sevindim e, sənöl. Kafedə sakitlik yaradıb sənə qulaq asdıq. Sən savadlı oğlansan, oxuyursan, amma eyni zamanda avaralıq edirsən. Gələcəyin yaxşı olacaq. Boyun, buxunun, istedadın, savadın, hər şey varındı. Hekayələrindən də oxudum. Mən kitab oxuyan deyiləm, amma xoşum gəldi. Televizorda da zor danışırsan. Bu uşaq-muşaq sənlik deyil e. Başını niyə bunlara qoşursan ki? Uşaqlara bir yandan kitab verirsən, deyirsən, oxumaq lazımdı, bir yandan da avarasan. Qəribə adamsan, ala sənöl. Qardaşsan sən.

İndi Cavadcan, mənim savadım da, sənin gözündə olan avaralığım da cəsarətin qarşısında acizdi. Ruhun şad olsun. Baş əyirəm.