adalet.az header logo
  • Bakı 20°C
24 Noyabr 2020 12:03
59879
ƏDƏBİYYAT
A- A+

Erməninin çökməsi, fransızın təpməsi

Hamıya məlumdur ki, dünyada ermənilərin, erməniçiliyin arxasında duranlar çoxdu. Bəlkə də, çoxdan çoxdu. Daşnakları müdafiə edən dövlətlərin, xalqların siyahısını tutmaq fikrinə düşsək, yəqin ki, bir-iki vərəq kağızı korlamalı olarıq. Kağıza hayıfım gəldiyinə görə bu fikrimdən vaz keçirəm. Onsuz da, erməninin arxasında dayananları hamı tanıyır, hansı rəngdə olduğunu bilir.

Ermənilərin böyür-başına fırlananlardan biri də fransızlardı. Həmişə görmüşük ki, balaca xalqlar böyük xalqlara yaltaqlanar, onun ora-burasına fırlanar, bığının altından keçər, saqqalını sığallayar, başına dolanar, qadasın alar. Amma fransızlarda bu, əksinədir. Onlar həm sayca çoxdular, həm də tarix və mədəniyyətləri qədimdir. Yəni ki, ermənilərin tayı-tuşu deyillər. Erməni hara, fransız hara. Gör onların dünyaca məşhur olan nə qədər dahi yazıçı və şairləri, alimləri, sərkərdələri var. Tarixləri də qədimdən qədimdir. Ermənilərdə isə nə belə yazıçı və şairlər var, nə də qədim tarixləri. Olanının da hamısı saxta və uydurmalardan ibarətdir. Amma o boyda fransızlar ermənilərə elə sırınırlar ki, sanki onların yanında gözü kölgəlidirlər.

Fransızlar erməniləri ekiz qardaşdıları kimi müdafiə edirlər. Biz də neçə illərdi ki, Minsk qrupunun həmsədrlərindən biri olan bu ölkəyə Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını həvalə etmişik. Arxayın olmuşuq ki, Fransa dövləti danışıqlar prosesində ədalətli mövqe tutaraq xalqımızın haqqını müdafiə edəcək. Amma neçə illər ötüb keçsə də, heç bir dəyişiklik baş vermədi. Bu illər ərzində Minsk qrupunun həmsədrləri olan ölkələrin heç biri Ermənistanın xətrinə dəyib onu öz adı ilə – İŞĞALÇI kimi tanımadı. Bir dəfə də olsun Fransa dövləti demədi ki, ay ermənilər, siz işğalçısınız, çəkin qoşunlarınızı olan Qarabağdan, yeddi rayondan. Ermənilər də bu sözləri eşitmədiklərindən başladılar qudurub cızıqlarından çıxmağa. Bilirsiniz ki, qudurğan da ya qırx, ya qırx dörd gün, ya da uzaqbaşı qırx beş gün çəkər.

İkinci Qarabağ müharibəsi başlayar-başlamaz Fransanın prezidenti Makro erməniləri müdafiə etmək üçün telefonunu əlindən yerə qoymadı. Gün ərzində ölkəmizin başçısına üç-dörd dəfə zəng vuraraq ermənilərin xeyrinə döyüşləri dayandırmağı xahiş etdi. Bir növ, ermənilərin döyüşlərdə üstünlük qazanmasına çalışdı. Amma farslar demiş, çi fayda. İyirmi səkkiz il idi onların dedikləri ilə oturub-durduğumuz bəs edərdi. Artıq torpaqlarımızın erməni işğalından azad edilməsinin zamanı gəlmişdi. Bu zamanı əldən buraxmaq olmazdı. Yeni ərazilərimizi ələ keçirmək üçün mövqelərimiz üzərinə hücuma keçən işğalçıların qarşısı alınmışdı, əks-həmlə əməliyyatı başlanmışdı. Ermənilər geri qovulurdu, torpaqlarımız kənd-kənd, şəhər-şəhər işğaldan azad olunurdu. Uğurlarımız, zəfərlərimiz çoxaldıqca üzümüz gülürdü. Bax, belə bir vaxtda Makro ölkəmizin başçısına zəng vurub xahiş

edir ki, döyüşü dayandırın. Heç belə bir vaxtda da döyüşü dayandırmaq olar? Deyəsən, Fransanın prezidenti erməniləri Paşinyandan da çox istəyir. Çünki Makronun əksinə, Ermənistanın baş naziri döyüşləri dayandırmaq istəmir. Heç bilmirəm ki, bu Makro erməniləri niyə bu qədər çox istəyir? Arvadı da erməni deyil ki, deyəm ondan qorxur, onun sözünə baxır. Arvaddan söz düşmüşkən onu da deyim ki, eşitdiyimə görə Makronun arvadı özündən xeyli yaşlıdır. Yalan-gerçək deyillər ki, arvadı onun müəlliməsi olub, Makroya dərs deyib. Allah bilir, dərsini bilmədiyinə görə neçə dəfə də qulağını çəkib. Bəs onda onun ermənilərə sevgisi haradan qaynaqlanır?

Hələlik sualı açıq saxlayıb qarşısında boş yer qoyuram. Cavabını tapan kimi həmin yerə yazacam. Məni əsəbiləşdirib bu sətirləri yazmağa vadar edən təkcə Makro deyil. Fransa xarici işlər nazirliyinin ermənipərəst nümayəndələrindən biri Şuşa haqqında danışarkən bu qədim və gözəl şəhərimizin adını olduğu kimi deyil, “Şuşi” deyə ifadə edib. Bilməyənlərə deyim ki, ermənilər gül kimi Şuşa şəhərinin adını dəyişib “Şuşi” qoymuşdular. Başlarına dəysin bu ad ermənilərin, Prezidentimiz demiş “gorbağor olsun, cəhənnəmə getsin”. Nazirliyin nümayəndəsinin Şuşaya “Şuşi” deməsi onun ermənipərəst xislətindən xəbər verir. Fransızların Şuşamıza “Şuşi” deməsi məni xeyli əsəbiləşdirdi. Əsəbilərim sakitləşənə qədər mən də bu gündən Fransaya Transa deyəcəm. Qoy indi də fransızlar hirslənsinlər.

Burnunuzdan gəlsin, Fransa Müqavimət Hərakatında yüzlərlə azərbaycanlı iştirak edib. Fransızların torpağını nemeslərdən azad edərkən canlarından keçib. Əhmədiyyə Cəbrayılov kimi cəsur oğullarımız faşistlərə qarşı hünərlə vuruşub. Buna görə də bizim cəsur eloğlumuz Fransanın Milli Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülüb. Heç bilmirəm ki, o vaxtlar ermənilər Fransa uğrunda vuruşublar yoxsa, yox? İnanmıram ki, daşnaklar oralarda vuruşsunlar, çünki onlar Paşinyanın babası başda olmaqla hamısı daşnakın daşnakı olan Nijdeyə qoşulub, faşistlərə satılmışdılar, Hitlerin tərəfinə keçmişdilər. Fransızlarsa bu gün az qalıblar ki, əllərinə silah götürüb Qarabağa gəlib bizimlə vuruşsunlar. Hansı ki, fransızlar gərək elə təkcə Əhmədiyyə Cəbrayılova görə xalqımızın haqq işini müdafiə etməliydilər. Onlar isə haqsız olan erməninin tərəfini saxlayırlar. Fransızlar yaxşı-yaxşı oturub düşünsələr, bəlkə də, fikirlərini dəyişərlər. Artıq bu gün ermənilər çökür. Erməninin çökməsi ərəfəsində fransızın təpməsi yerinə düşmür.

Vahid MƏHƏRRƏMOV