adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
23 Noyabr 2020 16:10
68156
MƏDƏNİYYƏT
A- A+

“İncəsənətin incəlikləri çoxdur” - MÜSAHİBƏ

“Bizə uşaqlıqdan həmişə deyirdilər ki, ağladanın yanında oturun, güldürənin yox. İnkişaf etmək üçün tələbkar müəllimin yanında olmaq lazımdır. Tənqiqçilər tərəfindən ifaya hansısa təndiqi bir fikir varsa, ondan incimək lazım deyil. Əksinə nəticə çıxarmaq lazımdır”. “Ədalət” qəzetinin qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, tarzən Səxavət Məmmədovdur.

-Söhbətimizə elə tar sənətinə gəlişinizdən başlayaq...

-İlk olaraq onu deyim ki, ailəmiz əslən Qarabağdandır. Ağdam rayonundanıq. Bütün Qarabağlılarda olduğu kimi, bizim də ailədə musiqiyə böyük həvəs var idi. Atam “Qarabağ bülbülləri”ində ifa edib, xanəndə olub. Atamın istəyi ilə tar sənətinə gəlmişəm. Tar sənətini seçdiyim üçün özümü xoşbəxt hiss edirəm. Tarın hələ də bəlli olmayan böyük bir sirləri var. Hər yaş artdıqca insan nələrisə öyrənir. Bütün gücümlə tar alətini öyrənib inkişaf etdirməyə çalışıram. Bilirsiniz ki, artıq tar ifaçılığı dünyada böyük səhnələrdə yer alır. Özüm də müxtəlif tədbirlərdə iştirak edib ölkəmizi təmsil etmişəm. Bundan sonra da nə qədər ömür var, tar sənətini yaşadacam.

“Tarı rütubətdən, çox istilikdən qorumaq lazımdır”

-Tarın incəliklərini kimdən öyrənmisiniz?

-Tarın incəliklərini ilk olaraq musiqi məktəbində təhsil aldığım müddətcə İlqar müəllimdən öyrənmişəm. Düzdür, başlanğıcda tarın məsuliyyətini dərk etmirsən, uşaq olanda sadəcə onu ifa edirsən, amma sonra belə deyil.

Musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına Musiqi Kollecinə daxil oldum. Orada Respublikanın Əməkdar artisti muğam üzrə Elçin Həşimovdan, not üzrə isə Əməkdar müəllim Umud İbrahimovdan dərs aldım. Həmin ərəfədə Cəfər Qafarovdan da öyrəndiklərim oldu. Konservatoriyada da müəllimim Elçin Həşimov oldu. Not təhsilimi isə Umud müəllimin sinfində davam etdirdim. Bakalavr təhsilimin 3-cü və 4-cü kurslarında isə not müəllimim Şəhriyar İmanov oldu. Bütün sahələrdə olduğu kimi, tarın da inkişaf mərhələləri var. Magistr pilləsində not müəllimim Umud müəllim, muğam müəllimim isə professor Vamiq Məmmədəliyev oldu. Bir neçə müəllimdən bəhrələnərək təqribən 15 il ərzində tar alətini yüksək şəkildə öyrənməyə çalışdım.

-Deyirlər ki, alətə hörmət etməsən, o, sənin üzünə gülməz... Bu fikrə münasibətiniz...

-Alətə hörmətsizlik etmək qətiyyən olmaz. Niyə? Mən belə hesab edirəm ki, bütün milli alətlərimiz, o cümlədən şah alətimiz olan tarımız taxta parçasından ibarət deyil. Onun ruhu var. Alətə necə hörmət qoysan, o da sənə elə cavab verəcək. Bizim böyük sənətkarlarımız həmişə deyib ki, tara qulluq eləməsən, səhnədə hansısa uğurun yarımçıq qala bilər. Onun simləri, pərdələri hər bir şey qulluq tələb edir. Adicə alətin hər bir mövsümə uyğun saxlanmasına fikir verilir. Bu qaydaya bütün tar ifaçıları birmənalı şəkildə riayət edir. Tarı rütubətdən, çox istilikdən qorumaq lazımdır. Bunu ona görə etmək vacibdir ki, tar səhnədə kökdən düşməsin. Tara mənəvi olaraq da hörmət etmək lazımdır. Baxın bizə uşaq vaxtı deyirdilər ki, tarı yerə qoymayın. Uşaqlıqda bunu insan dərk eləmir. Amma illər keçdikcə cümləni anlamağa başlayırsan. Tar ifaçının səsini dinləyicilərə ötürür. Xanəndələr, qiraətçilər sözlə fikrini rahat izah edə bilir. Amma insturmental alətlərdə bu fərqlidir. Sən alətə necə sevgi göstərirsənsə, dinləyici də o dərəcədə musiqini sevir. Odur ki, alətə hörmətsizlik etmək olmaz. Həmişə aləti göz bəbəyimiz kimi qorumalıyıq.

“O muğamla yarışda birinci yerə çıxmışdım”

-Ruhumuzu oxşayan və bizi xəyallar aləminə aparan muğamlardan danışaq. Muğam sizin üçün nə deməkdir?

-Deyim ki, bütün muğamlarımız çox gözəldir. Hər birinin öz mənası var. 7 əsas muğamımız var ki, hərəsinin də öz gözəlliyi. “Rast” bizim muğamlarımızın babasıdır, “Bayatı-Şiraz” muğamların gəlinidir, “Segah” ana laylamızdır, “Çahargah” mərdlikdir. Hər bir muğamın öz adı və öz gözəlliyi var. Hansısa birini digərindən ayırmaq çətindir. Bilmirəm, ailədənmi, aid olduğum Qarabağ bölgəsindəmi, nədəndirsə, biz tərəfdə “Segah” daha çox ifa edilir. Həmişə məndən xahiş ediblər ki, “Segah” ifa elə, qulaq asaq. “Segah”ın haqqını vermək üçün təhsil lazımdır, yaş lazımdır. Uşaq vaxtı “Segah” ifa edəndə əziyyət çəkirdim, amma yaşım artdıqca onu rahatlıqla ifa edə bildim.

-Sizin ruhunuza hansı muğam daha yaxındır?

-Elə mənə də “Segah”. “Segah” muğamı qeyd etdiyim kimi, ana laylasıdır. Hətta o vaxt Qarabağda deyirdilər ki, uşaq “Segah” üstdə ağlayır. Qeyd edirdilər ki, fikir verin, bir uşaq ağlayanda səsinin çalarlarında “Segah” ahəngi var. İfamda daha çox “Segah”a üstünlük vermişəm. 2012-ci ildə Əhməd Bakıxanovun yubileyi münasibətilə Musiqi Kollecində (o zaman özüm də Asəf Zeynallı adına Musiqi Kollecində oxuyurdum) tələbələr arasında müsabiqə təşkil edilmişdi. Mən də qoşulmuşdum. Elçin müəllimlə birlikdə “Zabul segah” muğamı hazırladıq. O muğamla yarışda birinci yerə çıxmışdım.

-Solo, yoxsa trio ifa etmək?

-Belə deyərdim, uşaqlıqdan ki, biz tar təhsili alırıq, yəni əvvəlcə özümüz öyrənməliyik, sonra kollektiv şəkildə ifa etməliyik, ona görə ilk növbədə solo ifa. Zamanla insan dərk edir ki, solo ifada özünü rahat şəkildə göstərə bilir, çünkü səhnədə tək olur. Odur ki, solo ifalara üstünlük verirəm. Təbii ki, trioda da ifa edirəm. Bizim xanəndələrimiz tar və kamançanın müşayiəti ilə ifa edirlər. İstənilən halda həm trio, həm solo ifa etmək gözəldir.

“Tənqidi normal qəbul edirəm”

-Tənqidə qarşı necəsiniz? Heç olubmu ki, hansısa kiçik xətalara yol vermisiniz və sizi tənqid etsinlər?

-Tənqidi çox normal qəbul edirəm. Bizə uşaqlıqdan həmişə deyirdilər ki, ağladanın yanında oturun, güldürənin yox. İnkişaf etmək üçün tələbkar müəllimin yanında olmaq lazımdır. Tənqiqçilər tərəfindən ifaya hansısa təndiqi bir fikir varsa, ondan incimək lazım deyil. Əksinə nəticə çıxarmaq lazımdır. Bu baxımdan tənqidə münasibətim yaxşıdır. Hansısa bir qüsur var ki, deməli, tənqid də olunur. O qüsurun düzəlməsi insanın inkişafıdır. Fikrimcə, hətta tənqidə görə “çox sağ ol” da demək lazımdır. Xətalara qalanda isə bəli olub. Böyük bir auditoriya qarşısında çıxış edərkən hansısa bir problem olanda konsert sonrası iradlarla rastlaşırsan. Zamanla bunlar da düzələn işlərdir.

-Sənətdə daha çox çətinlikləriniz olub, yoxsa şəxsi həyatda?

-Təbii ki, sənətdə çətinliklər olub. Bu yolu tək gedirsən və qarşına çıxan maneələri dəf etməlisən. Adından da göründüyü kimi, incəsənətin incəlikləri çoxdur. Bəlkə də, kənardan çox asan sənət kimi görsənir. Kimsə deyir ki, kostyum geyinib və səhnədə ifa edir. Bu 6 aylıq hazırlığın sadəcə görünən 6-7 dəqiqəlik tərəfidir. Amma ora qədər olan prosesləri heç kim görmür. Hansı əziyyətlərdən keçdiyimizi kimsə bilmir. Musiqiçi də insandır, şəxsi həyatında onun da problem olur. Amma musiqiçi o problemini dinləyiciyə yansıtmamalıdır. Dinləyici musiqi dinləmək, zövq almaq üçün konsertə gəlir.

-İncəsənət elə bir sahədir ki, insan uğurlar qazandıqca onu qısqananlar da olur. Sizi necə qısqananlar çoxdur?

-İncəsənət sahəsində qısqanclıq belə deyim ki, var, həm də həddən çox. Amma bizim ixtisas milli sahədir deyə bir o qədər də görmürəm. Bəlkə də, yaşım azdır ona görə. Həmişə ünsiyyətdə olduğum musiqiçi dostlarla sağlam rəqabətdə olmuşuq. Qısqanclıq olsa da, mən tərəfdən olmayıb.

-Çox sağ olun ki, dəvətimi qəbul edib müsahibə verdiniz.

-Siz sağ olun.

Rövşən Tahir