adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
23 Noyabr 2020 15:30
50276
ƏDƏBİYYAT
A- A+

Zakir Fəxri: Qara torpaq, muğayat ol Kamildən

Qara torpaq, muğayat ol Kamildən

Yükünü çəkə bilmədim

Arzusunda bünövrəsini qoyduğu

Evini tikə bilmədim.

 

 

Dumanı köçdən ayrılıb

Ocağı başında yanammadım

İşıq olub gözlərinə qonammadım

Qara torpaq, muğayat ol Kamildən.

 

 

Qulaq asmadım

xeyirxah dualarındakı yalvarışlara

Damar-damar qəmə dönüb

Çökdüm alnındakı qırışlara

Xəbər tutammadım şəhid düşəndə

Saxlaya bilmədim gözlərim üstə

Qara torpaq, muğayat ol Kamildən.

 

Ölüm bəlli, olum yox

Yeri soyuq düşməsin

Bürünməyə şalım yox

İsti közümü yetir

Külümdən duyuq düşməsin

Qara torpaq, muğayat ol Kamildən.

 

Qəbirinə gedən izlər

Barı itməsin

İllərin altında qalıb

Qoy məzarı itməsin

Qara torpaq, muğayat ol Kamildən.

Qara torpaq, muğayat ol

Kamil deyə-deyə Kamilə qovuşan anamdan.