Qarabağlılar bu «dədən»dən sonra çox maraqlı bir ifadə işlədirlər, amma mən həmin ifadəni yazmıram, eldən ayıbdı.
Ermənilər alman faşistlərinin etmədiyi cinayətləri Qarabağda 30 ildi edirlər. Şəhərləri, kəndləri dağıdırlar, yandırırlar, meşələri yandırırlar, tarixi abidələri məhv edirlər. Biz də həmişə yazırıq, deyirik, beynəlxalq ictimaiyyət hara baxır? Mən də həmişə yazıram, beynəlxalq ictimaiyyət, beynəlxalq qanunlar, konvensiyalar, insan haqları və sair və ilaxır ermənilər üçün yoxdu.
İndi gedən ayaqda da evləri-eşikləri yandırırlar, meşələri yandırırlar, məktəbləri yandırırlar, beynəlxalq ictimaiyyət də dilini qoyub dinməz yerinə.
Beynəlxalq ictimaiyyətdən heç nə gözləməyin. BMT-nin məlum 4 qətnaməsini 28 ildən sonra öz ordumuz, öz əsgərlərimiz, öz Ali Baş Komandanımız yerinə yetirdi. Və Qarabağ azad olundu!
İndi o dağılan evləri, o məktəbləri, o uşaq bağçalarını, o ictimai binaları əvvəlkindən də gözəl tikəcəyik, əvvəlkindən də yaraşıqlı tikəcəyik.
Yandırılan meşələri yenidən salacağıq və şəhidlərimizin ruhları palıd olub, çinar olub, şümşad olub günəşə boylanacaq.
Necə ki hazırda Zəngilanda çinar meşəsini yenidən salırıq.