adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
17 Noyabr 2020 13:13
43342
MƏDƏNİYYƏT
A- A+

“Tar səslərdən ibarət film rolunu oynamalıdır” - MÜSAHİBƏ

“İndi Qarabağ Şikəstəsi bizdə nisgil deyil, sevinc və qürur hissi doğurur. Çünki bu gün biz qalib bir Dövlətin vətəndaşıyıq. Çünki bu gün Qarabağda Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin faktiki nəzarəti bərpa edilib. Odur ki, indi Qarabağ Şikəstəsi bizim üçün tamam başqa bir anlam ifadə edir”. “Ədalət” qəzetinin qonağı görkəmli tarzən, Sumqayıt Musiqi Kollecinin müəllimi Ayaz İmranovdur.

-Laçın...O illəgeri k...Laçınlı nlərə...

-Laçınlı illərə geri dönmək dünən nə qədər kədərli idisə, bu gün bir o qədər sevinclidir. Buna səbəb 44 günlük Vətən Müharibəsi nəticəsində Ordumuzun düşmənə qalib gəlməsi, işğaldakı torpaqlarımızı azad etməsidir. Bildiyiniz kimi, hərb meydanında rüsvayçı məğlubiyyətə uğrayan düşmən kapitulyasiyaya bərabər təslimçi bəyanat imzalamağa məcbur oldu və bu bəyanata görə, dekabrın 1-də işğalçı Ermənistan ordusu Laçını tərk edəcək, Laçın yenidən Azərbaycan Ordusunun nəzarətinə keçəcək, ərazi bütövlüyümüz bərpa ediləcək. 

Mən və yaş etibari ilə mənim kateqoriyamdam olan insanlar Laçını gənc yaşlarında tərk etməli olduq. Təbii ki, bu, son dərəcə ağrılı, məşəqqətli, nisgilli bir hadisə idi. Çünki bütün uşaqlığımız, yeniyetməliyimiz Laçında keçmişdi. Onun hər bir daşı, hər bir ağacı, hər qarış torpağı bizim üçün əziz idi. Və təsəvvür edin ki, erməni işğalı nəticəsində elə bir situasiya yarandı ki, bizə əziz olan yerləri – ata-baba ev-eşiyimizi, uşaqlığımızın keçdiyi məkanı tərk etməli,  bizim üçün doğma olan hər şeylə vidalaşmalı olduq. Bu gün Ordumuzun qələbəsi bizə yenidən o yerlərə dönməyə, o torpaqlara yenidən qovuşmağa imkan yaradır və biz buna görə şanlı Ordumuza, hörmətli Ali Baş Komandanmıza minnətdarıq.

“Laçının müdafiəçiləri cəsarətlə döyüşürdülər” 

-Laçının işğalı tarixini necə xatırlayırsınız?

-Bildiyiniz kimi, Laçın 1992-ci ilin 18 may tarixində işğal edildi. Hansı ki, ondan 10 gün öncə  - 1992-ci ilin 8 may tarixində Şuşa şəhəri ermənilər tərəfindən ələ keçirilmişdi. Yadımdadır ki, Şuşanın ermənilər tərəfindən işğalı hər bri azərbaycanlı kimi, bizim üçün də həm mənəvi, həm də psixoloji baxımdan ciddi zərbə oldu. Qarabağın alınmaz qalası hesab edilən Şuşanın süqutu Laçının taleyini də sual altına qoydu. 

Laçının işğalının hərbi-siyasi səbəbləri ilə bağlı son 28 ildə çoxsaylı müzakirələr olub, mülahizələr səsləndirilib. Mən bu nüanslara toxunmaq istəmirəm. Ancaq bu məsələdə qeyd etmək istədiyim bir məqam  var. Bu da ondan ibarətdir ki, o dövrdə ölkəmizdə vahid komandanlıq altında fəaliyyət göstərən güclü nizami ordu mövcud olmasa da, Laçının müdafiəçiləri düşmənə qarşı cəsarətlə, mərdliklə döyüşürdülər. Biz bu gün də onların qəhrəmanlığını, igidliyini, doğma yurdun azadlığı uğrunda həyatından keçən bu insanların fədakarlığını minnətdarlıq hissi ilə anırıq. 

-Sevinc xanım Sarıyeva ilə müsahibə edəndə bir cümlə dedi: Qaçqın ifadəsini sevmirdim, biz qaçmamışdıq, bizi məcburi çıxarmışdılar. Ona görə də məcburi köçkünük”.

-Biz, həqiqətən də, öz torpaqlarımızı məcburi şəkildə tərk etdik və bu baxımdan bizi məcburi köçkün kimi xarakterizə etmək daha doğrudur. Bildiyiniz kimi, o zaman mülki insanlar arasında itkilərin qarşısını almaq üçün yerli icra hakimiyyəti orqanlarının təşəbbüsü ilə dinc sakinlərin düşmən bombardmanına məruz qalan, risk altında olan bölgələrdən köçürülməsi həyata keçirilirdi. İnsanlar göz yaşları ilə bu torpaqları tərk edir, daha təhlükəsiz ərazilərə köç edirdi. Lakin onların içində yenidən bu torpaqlara qayıdacaqları ilə bağlı dərin bir inam hissi mövcud idi. Və tarix sübut etdi ki, onlar öz hisslərində, düşüncələrində yanılmayıblar. Biz 28 illik zaman fasiləsindən sonra yenidən bu torpaqlara qayıdacaq, öz həyatımıza qaldığımız yerdən davam edəcəyik.

“Tarda Azərbaycan xalqının zəngin mədəniyyəti öz əksini tapır”

-Bu illər ərzində Qarabağ Şikəstəsini ifa edəndə əminəm ki, kövrəlirdiniz. Artıq o nisgili sevinc əvəz edər. Düzdürmü?

-Təbii ki, indi Qarabağ Şikəstəsi bizdə nisgil deyil, sevinc və qürur hissi doğurur. Çünki bu gün biz qalib bir Dövlətin vətəndaşıyıq. Çünki bu gün Qarabağda Azərbaycan dövlətinin, Azərbaycan əsgərinin faktiki nəzarəti bərpa edilib. Odur ki, indi Qarabağ Şikəstəsi bizim üçün tamam başqa bir anlam ifadə edir. 

Hesab edirəm ki, Qarabağın azadlığı sadəcə torpaqlarımızı bizə qaytarmadı, Qarabağın azadlığı özümüzə, gücümüzə olan inamı da bizə qaytardı. Biz Qarabağın azadlığı ilə yenidən bütövləşdik, yenidən müqəddəsləşdik, yenidən yenilməz və bölünməz olduq. Odur ki, bu gün sadəcə Qarabağ Şikəstəsi deyil, Qarabağla bağlı ifa edilən hər bir mahnı, hər bir musiqi bizim ovqatımıza tam başqa cür təsir göstərir. İndi Qarabağla bağlı hər bir mahnıda bir qalibiyyət ruhu, bir zəfər çaları var və mən bir daha bizə bu hissləri yaşatdığı üçün Azərbaycan Ordusuna öz dərin minnətdarlığımı bildirirəm. 

-Belə bir deyim var, tarı elə ifa etmək lazımdır ki, tar xanəndələr kimi dil açıb oxusun. Bu barədə nə deyə bilərsiniz?

-Bilirsiniz, tar ifaçılığı göründüyü qədər də sadə bir məsələ deyil. Çünki tarda Azərbaycan xalqının zəngin mədəniyyəti, mənəviyyatı, tarixi ruhu, keçmişə və gələcəyə baxışı, mübarizə əzmi və s. öz əksini tapır. Buna görə də tar elə səviyyədə ifa edilməlidir ki, özündə bütün bu keyfiyyətləri əks etdirə, bunu dinləyiciyə çatdıra bilsin. Başqa sözlə desək, tar səslərdən ibarət film rolunu oynamalı, lazım gələrsə, sadəcə bir anı, lazım gələrsə isə bütöv bir tarixi dövrü kino kimi dinləyicinin xəyalında canlandırmalıdır. Məsələn, “Cahargah” muğamı döyüş, mübarizə ruhlu bir muğamdır. Bu muğam elə ifa edilməlidir ki, bunu dinləyən şəxs özünü bu mübarizənin içində, ortasında hiss etsin. Əgər ifaçı bunu dinləyiciyə yaşada bilmirsə, burada peşəkar ifadan söhbət gedə bilməz. Hər halda, mənim düşüncəm bundan ibarətdir. 

Bir də, unutmaq olmaz ki, hər hansı bir hissi, düşüncəni qarşı tərəfə çatdırmaq üçün öncə ifaçının özünün bunu duyması, qəlbən, ruhən yaşaması vacibdir. Çünki insanın özünün hiss etmədiyi, varlığına hopdurmadığı bir hissi, düşüncəni kiməsə çatdırması mümkün deyil. Məşhur kəlamda deyildiyi kimi, bir hiss ki, ürəkdən gəlir, o, ürəklərə də çatır. Ürəkdən gəlməyən bir hissi ürəklərə çatdırmaq mümkün deyil. 

Azərbaycan Ordusu hərb tarixinə öz adını qızıl hərflərlə həkk etdirdi”

-Laçının həsrəti ilə neçə ildir ki, yaşayırsınız. Amma dekabrın 1-i Laçın da tamamilə azad olunur. Necə hisslərdir?

-Dekabrın 1-də doğma yurdumuz azad ediləcək. Biz yenidən – 28 illik fasilədən sonra o torpaqlara qayıda biləcəyik. Bu hissi sözlə ifadə etmək mümkün deyil. Çünki bu, bizim sadəcə doğma şəhərimiz, kəndimizlə görüşümüz olmayacaq. Bu, bizim öz uşaqlığımız, yeniyetməliyimiz, atalı-analı günlərimiz, xatirələrimizlə görüşümüz olacaq. Biz bu görüşlə 28 il müddətində necə böyük bir müqəddəslik, necə böyük bir xoşbəxtlik, necə ali bir səadətdən ayrı qaldığımızı bir daha kəşf edəcəyik. Bu, bizim üçün özünəqayıdış, özünədönüş olacaq. Mən indidən hər bir Laçınlını bu münasibətlə təbrik edirəm.

-Bu qələbə tariximizin şanlı səhifəsidir…

-Azərbaycan Ordusu Vətən Müharibəsində əldə etdiyi qələbə ilə yalnız Azərbaycan və türk tarixinə deyil, həm də dünya hərb tarixinə öz adını qızıl hərflərlə həkk etdirdi. Mən 30 ilə yaxındır ki, həsrət qaldığmız qələbə sevincini bizə yaşatdığı üçün Azərbaycan Ordusuna, Ali Baş Komandana təşəkkür edirəm. 

Nəzərinizə çatdırmaq istəyirəm ki, müharibə dövründə bütün sənət sahibləri kimi biz də qələbəmizə öz müstəvimizdə töhfə verməyə, bu istiqamətdə əlimizdən gələni etməyə çalışdıq. Bu müddət ərzində “Cahargah” muğamını, o cümlədən “Ay Laçın” xalq mahnısını lentə yazdırdım. Bu istiqamətdə fəaliyyətimiz bu gün də davam edir və İnşaAllah, yaxın günlərdə yeni ifalarla dinləyicilərimizin görüşünə gələcəyik. Düşünürəm ki, Ordumuzun əldə etdiyi tarixi qələbə mədəniyyət və incəsənətimizin bütün sahələrində, o cümlədən musiqimizdə öz əksini tapacaq və əbədiləşəcəkdir.

Rövşən Tahir