adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
16 Noyabr 2020 14:57
89477
ƏDƏBİYYAT
A- A+

TAPILDI - BARAT VÜSAL yazır

“Bu millətdən millət olmaz” dedilər,

Bu milləti millət edən tapıldı!

Yerdə ola-ola qalxıb göylərə,

Ayla-Günlə söhbət edən tapıldı!

 

Gedən döyüş nə döyüşdü, gördülər,

Xain başa daşlar düşdü, gördülər.

Bir aslandı hər döyüşçü, gördülər,

Gör bir mərdi nə mərd edən tapıldı!

 

Dur, a şəhid, a qəhrəman, irəli,

Durma, Şuşa qalasından irəli.

Əmr eyləyir Baş Komandan: “İrəli!”

Yer qət edən, Göy qət edən tapıldı!

 

Belə olar dava edən, qan edən,

Birləşdirib Vətəni bir can edən!

Nə varsa da şərəf edən, şan edən,

Nə varsa da şöhrət edən tapıldı!

 

Hücumdadı Azərbaycan Ordusu,

Qoy şəhidlər öndə durub yerisin!

Qoymadı ki, sözdə qalıb çürüsün,

Qeyrəti də qeyrət edən tapıldı!

 

08.XI.20

 

BU YOL ŞUŞAYACAN GEDİR

 

Bərdədən, Ağdamdan ötür,

Bu yol Şuşayacan gedir.

Daha yarıda qırılmır,

Bu yol Şuşayacan gedir.

 

Əyil, qarşısında əyil,

Bələdçi-zad lazım deyil.

Yollar qucaqlaşıb deyir:

“Bu yol Şuşayacan gedir!

 

Yeri, vur bir başa yolu,

Qoyma dəysin daşa, yolu.

Bütün yollar Şuşa yolu,

Bu yol Şuşayacan gedir.

 

Oğulların namı salıb,

Şəhidlərin qanı salıb,

Vətən üçün hamı salıb,

Bu yol Şuşayacan gedir.

 

Bax, dağ burda, dəniz burda,

Bax, yol burda, bax, iz burda,

Bax, görünür Təbriz burdan,

Bu yol Şuşayacan gedir.

 

Gözümün sağı səslənir,

Qarası, ağı səslənir.

Baxır, Kirs dağı səslənir:

“Bu yol Şuşayacan gedir!”

 

Bu yol Əvvəl-Axırımmı,

Dastanımmı, nağılımmı?!

Sevincimdən bağırımmı:

“Bu yol Şüşayacan gedir!”

 

Ağa, Bəyimi görəcəm,

Ağa evimi görəcəm.

Ağabəyimi görəcəm,

Bu yol Şuşayacan gedir.

 

Di kef ver bu kefə yolçu,

Ay Əfəndi-Əfə yolçu!

Əmin ol, bu dəfə yolçu,

Bu yol Şuşayacan gedir.

 

Yol da keçib başa,durub,

İstər yola düşə, durub.

Yollarla ötəşə durub,

Bu yol Şuşayacan gedir.

 

Duman enir, çən qayıdır,

Yerinə Vətən qayıdır.

Şuşa səfərdən qayıdır...

Bu yol Şuşayacan gedir.

 

Sual-sorğu olmayacaq,

Qara-qorxu olmayacaq.

Heç kim yolda qalmayacaq,

Bu yol Şuşayacan gedir.

 

 

QƏLƏBƏ BAYRAMI

 

Şəhid qəbirləri üstə yellənən,

Bayraqları görün, muştuluq verin.

Vətənin bir qarış torpağı üstə,

Təki mən də ölüm... muştuluq verin.

 

Elə ki, deyildi: “Şuşa alındı”,

Qaçanlar qəbristan səmtə qaçdılar.

Qəbirlər başına dönüb, dolanıb,

Qəbirlər başına bayraq sancdılar.

 

Alındı düşməndən intiqamımız,

Alındı Qarabağ-mərdlər yuvası!

Bayraq-bayraq olub yelləndi, gördüm,

Şəhid oğlu-qızı,

şəhid anası!

 

Tutduğu işindən peşiman olub,

Ölüm təbrik edir öləni, baxdım.

Şəhidlər hamısı qəbirdən durub,

Bayraqla yanaşı yellənir, baxdım.

 

Nə xoşbəxt vaxtıdır ana vətənin,

Qorundu şərəfi, qorundu adı!

Bayraq yellənmir ha, bayraq dillənir,

Deyir ki, şəhidlər, gözünüz aydın!

 

Belə ölməmişdi bu zülmət zülüm,

Belə görməmişdik biz aydınlığı.

Allahım, qoy mən də bayrağa dönüm,

Verim şəhidlərə göz aydınlığı.

 

Kişi adamların kişilər deyir,

Olanda bayramı bax, belə olar.

Hamımız şəhidin biri kimiyik,

Hamımız ölmüşük... diri kimiyik,

Qələbə bayramı bax, belə olar,

Qələbə bayrağı bax, belə olar!

 

 

ƏSGƏR YARASI

Qoymadın Vətəni yaralanmağa,

Qoy əsgərim, yaranı mən bağlayım.

Bu eşqimlə, bu şerimlə, sözümlə

Qoy əsgərim, yaranı mən bağlayım.

 

Hələ düşmən sədləri var qarşıda,

Hələ döyüş səfləri var qarşıda.

Hələ Təbriz səfəri var qarşıda,

Qoy əsgərim, yaranı mən bağlayım.

 

Ağı görüm, qaranı mən görməyim,

Səni keçib yaranı mən görməyim.

Qoy kor olum, yaranı mən görməyim,

Qoy əsgərim, yaranı mən bağlayım.

 

Mən özüm də bir əsgərəm, hər kiməm,

Özgə deyil, bu işlərə təhkiməm.

Bir az şair, bir azca da həkiməm,

Qoy əsgərim, yaranı mən bağlayım.

 

Dərdim çoxdu dəva-dərman olmadan,

Allah haqqı, sənin yaran olmadan.

Vətən yoxdu sənin yaran olmadan,

Qoy əsgərim, yaranı mən bağlayım.

 

Ay şərəfim, şanım əsgər yarası,

Ay tökülən qanım, əsgər yarası,

Sənə qurban canım, əsgər yarası,

Qoy əsgərim, yaranı mən bağlayım.

 

Nə daşdan, nə dəmirdəndi bu səhhət,

Bu yaranı ustuf-ustuf yu, Barat!

Əlim dəydi, sağalacaq o saat,

Qoy əsgərim, yaranı mən bağlayım!

 

XOŞBƏXT ADAM

 

Bəlkə də şair yox, səyyah oluram,

Mən söz axtaranda,

Söz arayanda.

Mən nədən gəzim ki, bu tərəfləri?

Söz o tərəfdədi... Söz anrı yanda...

 

Çəkmir öz eşqinə haralar məni,

Söz var ki, sağaldar, yaralar məni.

Sağalan, sağalmaz söz yeri kimi,

Var sözün öz izi, öz yeri, canda!

 

Söz cana can verir...sözsüz can çıxır,

Adam öz-özünün yadından çıxır.

Öz ağrım, öz acım yadımdan çıxır,

Can-can, of,deyirəm söz ağrıyanda!

 

Su kimi duru var-arı var, bildim,

Gülü tək qoymayan arı var, bildim.

Sözün də namusu, arı var, bildim,

Söz namusu qanda, söz arı qanda!

 

Sözsüz gül açmıram, daş bəxt oluram,

Ay Barat, boş yığval, boş bəxt oluram.

Söz xoşbəxt olanda xoşbəxt oluram,

Mən də yarıyıram söz yarıyanda!

 

YADİGAR ŞƏKİL

Zahirdə bir nəfərəm,

Sanırlar beş meydandayam.

Aşıq Alı

 

Çəkdirdim ki, sizə yadigar qalsın,

O ilk şəklim, elə son şəkilim də!

Mənim bir ömürdə neçə şəklim var,

Bişmiş şəkilində, xam şəkilində.

 

Uymadım yolların hamarlarına,

İz saldım izlərin kənarlarına.

Öləndə şerimi damarlarıma,

Vurarsız təp-təzə qan şəkilində!

 

Üstümə gün düşə, gün düşə, axır,

Özüm də döndüm bir günəşə, axır.

Niyə başdaşım da günəşə baxır?

İşığa beşiyəm Dan şəkilində!

 

Diləkmi tapılar diləyim kimi,

Çörəkmi tapılar çörəyim kimi?

Balaca görünən ürəyim kimi

Sinəmdə Saray var Dam şəkilində!

 

Gedirəm, özümə gələ bilirəm,

Boşaldığım kimi dola bilirəm.

Necə çıxmaq olar yola, bilirəm,

Qədəh formasında, Cam şəkilində!

 

Murazın olmaya... Muraz alasan,

Nəsildən nəsilə miras olasan!

Bir azca ölsən də, bir az qalasan,

Həm öz varlığında, həm şəkilində.

 

Barat, oxşayıram atama, mən də,

Sirli-sehirliyəm a tamam, mən də!

Nə olsun, bir nəfər adamam mən də,

Görünnəm gözlərə on şəkilində.

 

 

YOL HİMNİ

 

Xeyli çətinləşib mənim də işim,

Başlayıb deyəsən mənim döyüşüm,

Başlayıb deyəsən yaşamaq yolum.

Gərək şerlərdən mən də daş yonum,

Gərək sətirlərdən mən də yol salım.

 

Haqqa yollar çəkir, gedə bilirəm,

Mən özümə qalan ləpirlərimnən,

Hərdənbir körpü də çəkə bilirəm,

Mən öz sözlərimdən, sətirlərimdən.

 

A zalım, insaf et vermə əlindən

Sən var kimi yolu,

Yox kimi yolu,

Oxumaq istəsən şeirlərimi,

Sən Allah, oxuma adi söz kimi.,

Cığır kimi oxu, yol kimi oxu!

 

 

Hamı gedə bilmir mən çəkən yolnan,

Hər gün çətin-çətin yollar salıram.

Hər gün şeir-şeir cığırlar açır,

Hər gün sətir-sətir yollar salıram.

 

İzdi, yoldu bəlkə göz işığı da,

Yoldu adi hərf də,

heca da elə?!

Ulduzlar yol çəkir öz işığıyla,

Yol çəkir gündüz də, gecə də, elə!

 

Demirəm yolların hansı yaxşıdı,

Yol var, yerdən, yol var, fələkdən keçir.

Çəkilən yolların hamsı yaxşıdı,

Sözün çəkdiyi yol ürəkdən keçir!

 

Elə duruluram, duruluram ki,

Elə vuruluram bu yollarda ki!

Paxıllığı tutur duru suların,

Ruhum da çevrilib olur Yol təki!

 

Sanıb şeiri ərzin ucuzu belə,

Şairə baxırlar...

Gözəl baxmırlar.

İndi mən neynim ki, gözucu belə,

Sətirə baxmırlar, sözə baxmırlar!

 

Yol çəkir qarışqa-o köhnə bəndə,

Deyilmi deyirsən, heç qabil, nəyə?

Yol çəkmək öyrənək hörümçəkdən də,

Çəksin beş ilə yox,

beş dəqiqəyə!

 

Mən yolu bilmişəm, yol da ha bilib,

Yoxsa bildiyimi yol daha bilmir!

Sözüm hara desən yol sala bilir,

Öldür, qəbristana yol sala bilmir!

 

Təzə yollarıydı bax səmti-yönü,

Yol çəkən ürəyin, yol çəkən gözün.

Başına dolanım, başına dönüm,

Yol salan ürəyim,

yol çəkən gözüm!

 

OLMASIN... OLSUN

 

Elə istəyirəm ömür dünyada

Tez tamam olmasın... tez tamam olsun!

Nə vaxtsa böyüyüb çevrilsin yola,

İz tamam olmasın...iz tamam olsun!

 

Üzün tutub dosta, tanışa, gülsün,

Qoy dil açıb dinsin, danışa bilsin!

Başqa ocaqlar da alışa bilsin,

Köz tamam olmasın... köz tamam olsun!

 

Çatsa da axıra hər iş, deyirəm,

Gəlib ürəyimə dərdiş, deyirəm:

Təki tükənməsin bu Eşq deyilən,

Yüz tamam olmasın... yüz tamam olsun!

 

İşığı bax aşıb daşar dünyada,

Yaşayan işıqtək yaşar dünyada.

İnsan, elə üzlə yaşa dünyada,

Üz tamam olmasın... üz tamam olsun!

 

Eşqdir əkinçi bu səpində ki,

Demək, əbədidir bu səpindəki!

Yar keçən yollara su səpin, təki,

Toz tamam olmasın ...toz tamam olsun!

 

Qızarmı düz-dünya, od ha qalansın,

Gərəkdir Barat da oda qalansın,

Bir də bu xalq deyən şair yaransın,

Söz tamam olmasın... söz tamam olsun!