adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: MƏNİM QİBLƏM AĞDAMIMDIR

FAİQ QİSMƏTOĞLU
103895 | 2020-11-13 10:11

... Adam var ki, bir gün, bir saat, bir dəqiqə olsun belə doğulduğu, boya-başa çatdığı torpağı yaddan çıxarmır və ömrünün sonuna qədər o torpağın havası, o torpağın ruhu, o torpağın səsiylə yaşayır. Və o torpaq, o yurd olmayanda özünü dirikən ölmüş hesab edir. Çünki vətənsiz insan, yurdsuz adam suyu və havası olmayan dünyaya bənzəyir. Mənim də uzun illər dostluq elədiyim, çörək kəsdiyim və bəzən də dərdimi bölüşdüyüm yazıçı-publisist Surxay Əlibəyli belə böyük ziyalılardan biri idi...

Surxay çox duru, təmiz və sadə bir insan idi. İnanın, onu balaca uşaq da aldada bilərdi. Çünki hamıya inanırdı, çünki hamıya güvənirdi. Amma onu tanıyan adamlar heç vaxt Surxay Əlibəylinin sadəliyindən və səmimiyyətindən sui-istifadə eləmirdi. Ən azından ona görə ki, onun böyük ürəyinə, sadəliyinə və ən nəhayət, dostluqda, yoldaşlıqda sədaqətinə görə, çoxları  sevgiylə yanaşırdı.

Surxay Əlibəyli iki il  bundan əvvəl noyabrın 5-də dünyasını dəyişib və Allahın  dərgahına qovuşub. Heç onun ölüm xəbərinə də çoxları inanmırdı. Çünki bir neçə dəfə ölüm xəbəri yayılmışdı və sonradan məlum olmuşdu ki, o, sağ-salamatdı. Hətta mən də bu xəbəri eşidən kimi ona telefon açmışdım, səsini eşidən kimi sevinmişdim və heç bir söz deməmişdim. Deməmişdim ki, sənin ölüm xəbərin yayılıb. Amma noyabrın 5-də bu xəbəri eşidəndə donub yerimdə qaldım. Özünə zəng eləməyə əlim gəlmədi. Yaxın dostlara telefon açdım, onlar da dedilər ki, Surxay Əlibəyli rəhmətə gedib. Təbii ki, Allah-Təala hər adamın alın yazısını yazıb. Kimin ömrü nə vaxt tamam olacaqsa, o vaxt da Haqqın dərgahına qovuşacaq. Allahın yazdığına heç vaxt pozu yoxdur.

Surxay yaşadığı 70 ilə yaxın ömrü çox mənalı və yaddaqalan sürüb. Yəni o, həm istedadıyla, həm də xoş xasiyyəti, qılığı, səmimiyyətiylə  yadda qalıb. Onunla bir dəfə kim yoldaşlıq eləsəydi, görərdi ki, Surxay hansı ürəyin sahibidir. Dəfələrlə Surxay Əlibəyliylə bizim redaksiyada işləyəndə rayonlara səfərimiz olub. Onda da bir daha Surxayın necə ürək sahibi olduğunu görmüşəm. Çörəyini dostundan, tanışından heç vaxt əsirgəməyib. Hansı vəzifədə olubsa, hansı yerdə işləyibsə, evi qonaq-qaralı olub. Və bəzən də Surxay bir tikəsini dörd yerə bölməyi bacarıb. Bunun üçün insanda böyük ürək lazımdır. Və o böyük ürək də  onda var idi...

Surxay Əlibəyli istedadlı yazıçı idi... istedadlı publisist idi... istedadlı jurnalist idi... Hansı janrda desən yazı qələmə almağı bacarırdı. Tək publisistika ilə məşğul olmurdu, həm də Ağdamın tanınmış sənət adamlarıyla, ziyalılarıyla və seyidləriylə bağlı bir-birindən maraqlı kitablar araya-ərsəyə gətirmişdi. Kitab yazmaq üçün isə yaradıcı adamdan həm istedad, həm axtarış, həm də zəhmət tələb olunur. Və bu üç dediyimiz məsələ Surxayın yaradıcılığında birləşirdi. Onun qələmə aldığı hər bir oçerk, reportaj, məqalə dil və üslub xüsusiyyətiylə digər yazarlardan tamamilə fərqlənirdi. Surxay Əlibəylinin yazı üslubu, manerası və heç kimə bənzəməyən qeyri-adi ifadə tərzi qələmə aldığı mövzuları oxuculara sevdirirdi.

Surxay həmişə Ağdam deyirdi... Şuşa deyirdi... Kəlbəcər deyirdi... Laçın deyirdi... Xüsusən Şuşanı və Laçını elə bir gün yox idi ki, yada salmasın. Bəzən Şuşa deyəndə dodağı dörd yerdən çatlayırdı. Danışanda həmişə onun gözünün içinə baxırdın. Gözünün içində isə bir kədər vardı; bu kədər Şuşa idi... Ağdam idi və işğal altında olan digər məkanlar idi...

Surxay Əlibəyli deyərdi: "Ağdamım-qibləgahım! Hər qarış torpağını Kəbə, Məkkə, Mədinə torpağından əziz bildiyim doğma diyarım! İndidən vəsiyyət edirəm ki, mən öləndə üzü qibləyə yox, üzü Ağdama tərəf basdırsınlar. Mənim qibləm Ağdamımdır".

 

Bu gün Surxayın ruhu  daha çox sevinir. Çünki uzun illər gözlədiyi gün gəlib çatıb. Şuşa işğaldan azad olunub. Ağdam da bir neçə günə ermənilərdən  təmizlənəcək. Yəqin ki, bizdən də qabaq, bizdən də öncə elə onun ruhu Şuşaya, Ağdama gedib görüb ki, biz yoxuq, orda bizi gözləyir. Şuşanın dağlarını indi duman alıb, çən alıb. O dumanın, o çənin içində dünyasını dəyişmiş  torpaqlarımızı sevən insanların ruhu dolaşır. Surxay Əlibəylinin də ruhu o ruhların arasında çox rahat, çox sakit dolanır.  30 illik həsrətdən sonra ruhların qovuşduğu şəhər özü də sevinir. Sevinir ki, 30 il gözlədiyi və onu sevənlərin ruhu ona qovuşub.

Surxay bir payız səhərində 2 il bundan əvvəl, noyabrın 5-də Allahın dərgahına qovuşub. Həmin gün hava tutqun olsa da, yağış yağmırdı. Və düşünürdüm ki, hava tutulubsa, bir payız yağışı yağacaq. Həmin yağış noyabrın 5-də yağmadı. Onun dünyasını dəyişdiyi 3-cü günü yağdı. Sanki bu payız yağışı onun ruhuna, qəlbinə bir nur çilədi. Tozlu-torpaqlı qəbiristanlığı yuyub təmizlədi. Və bir payız səhərində biz Surxayı itirsək də, onun dolaşan ruhu həmişə bizimlədir. Və bu ruh bu gün daha çox sevinir. Çünki Şuşaya qovuşur... Ağdama qovuşur... Kəlbəcərə qovuşur...

 

TƏQVİM / ARXİV