adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ŞƏHİDLƏRİN QANI DAMAN YERDƏ...

FAİQ QİSMƏTOĞLU
64726 | 2020-11-11 17:52

... O millətin ki,  o xalqın ki, o ölkənin ki, döyüşən əsgəri yoxdur, o məmləkətin axırı ya puça çıxacaq, ya da yadellilər gəlib orda ağalıq eləyəcək. Tarixdə o qədər bu cür hadisələr baş verib. Ki, əgər sadalasaq böyük bir siyahı alınar. Sözümüzün canı bu deyil. Sözümüzün canı odur ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun aslan kimi döyüşən və vuruşan əsgərləri var... Azərbaycan xalqı xoşbəxtdir ki, onun əsgəri bu xalqın torpaqlarını erməni işğalından azad edib... Azərbaycan xalqı xoşbəxtdir ki, onun ordusunu və əsgərini bu gün yağı düşmən geri oturda bilmir...

Sentyabrın 27-dən oktyabrın 9-na qədər davam edən Böyük Vətən Savaşı bir daha Azərbaycan əsgərinin gücünü və qüdrətini dünyaya göstərdi. Hətta müharibə başlamamışdan öncə  dəfələrlə belə bir fikir səsləndirilmişdi ki, Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur və səhf eləmirəmsə, dünya ordusu arasında öncül yerlərdədir. Bu o deməkdir ki, bizim əsgərimiz, bizim ordumuz həqiqətən də çox qüdrətli və müzəffər bir ordudur. Ən azından ona görə ki, bu ordu 45 gündə Azərbaycanın işğal altında olan 6 rayonunu və çoxlu sayda  şəhərləri, qəsəbələri və yaşayış məntəqələrini azad edib. Təkcə oktyabrın 9-da bu ordunun gücü ilə 73 yaşayış məntəqəmiz erməni işğalından təmizlənib. Bu faktın özü bir daha göstərir ki, rəşadətli və müzəffər Azərbaycan Ordusunun qarşısında heç bir qüvvə duruş gətirə bilməz...

... O məmləkətin, o dövlətin ki, ordusu, əsgəri, torpağı qoruyur, işğal altında olan şəhərləri, kəndələri, yaşayış məntəqələrini azad edir, deməli, o ordu xalqına çox sədaqətli ordudur. Bizim işğaldan azad olunmuş rayonlarımız heç də asanlıqla yağılardan təmizlənməyib. Çünki bu döyüşlərdə və bu savaşda Azərbaycan əsgəri ölümdən, yaralanmaqdan belə çəkinməyib. 45 gündə möhtəşəm qələbə əldə etmək, zəfər çalmaq elə də asan deyil. Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını, Hadrutu, Şuşanı 30 illik əsarətdən xilas etmək üçün aslan kimi oğullar lazım idi. O oğulları Azərbaycan anaları doğmuşdu,  böyütmüşdü və yetişdirmişdi. Bu oğullar da Ana Vətəni xilas etmək üçün ölüm-dirim mübarizəsinə atılmışdılar. Böyük Vətən Savaşında o oğullar, o igidlər heç nədən qorxmadılar və döyüşə atıldılar...

Böyük Vətən Savaşı şəhidsiz ola bilməz və şəhid verməsək, biz nə Füzulini ala bilərdik, nə Cəbrayılı azad edə bilərdik, nə Zəngilanı, nə Qubadlını xilas edə bilərdik, nə də Məkkəmiz və Mədinəmiz olan Şuşaya gedib çıxardıq. Böyük Vətən Savaşında bu məkanları azad edərkən şəhid olan Azərbaycan oğulları tariximizə öz adlarını  qızıl hərflə yazdılar. Şəhid qanı daman yerdə günəş boylanar... güllər, çiçəklər dil açıb danışar... şəhid qanı daman yerdə səhərimiz rahat açılar... şəhid qanı axan yerdə bu millət, bu xalq heç vaxt torpağını düşmənə verməz... O millət, o xalq xoşbəxtdir ki, onun uğrunda döyüşən və torpağını azad edərkən şəhid olan aslan kimi oğulları var. O şəhidlər heç  vaxt nə ölümdən qorxublar, nə də yaralanmaqdan. O şəhdilər yalnız və yalnız ölüm-dirim mübarizəsi zamanı işğal altında olan torpaqlarımızı azad etmək barəsində düşünüblər. Bu savaşda mənim neçə-neçə doğmam şəhid olub. Əlbəttə, o şəhidlər olmasaydı, bu gün biz rahat nəfəs alıb Füzulinin, Şuşanın, Zəngilanın, Qubadlının, Hadrutun işğaldan azad olmasını görə bilməzdik.

Həmişə “Bayatı-Şiraz” səslənəndə tüklərimiz biz-biz olurdu. Və “Bayatı-Şirazı” da Tacir Şahmalıoğlu Ağdamda 7-8 yaşında oxuyub.  Və düşünürük ki, Allah, görəsən biz nə vaxt bu torpağa, bu yurda dönəcəyik? 30 il gözləmişdik və hələ də elə insanlar vardı ki, bir 30 il də gözləməli olacağımızı deyirdi. Və hətta yuxularımızda belə gedib gördüyümüz işğal altında olan torpaqlarımızı görəndə hönkür-hönkür ağlayardıq. İndi şükür ki, Azərbaycan xalqı işğal altında olmuş torpaqlarımızın azad olunmasını gördülər və görürlər.

Böyük Vətən Savaşındakı şəhidlər bizim and yerimizdi. İstər Birinci Qarabağ Savaşı olsun, istərsə də İkinci Qarabağ Savaşı. Onları heç vaxt, heç zaman yaddan çıxarmaq olmaz... Onların övladlarını gözümüzün üstündə saxlamalıyıq... Onların ata-analarını, bacı-qardaşlarını unutmamalı, sevməli və bu dərdi, bu kədəri bütün Azərbaycan öz çiynində daşımalıdır. Təkcə o şəhidlər anadan olduqları kəndlərdə, rayonlarda deyil, bütün Azərbaycanda xatırlanmalıdır. Mən belə bir təklif irəli sürmək istəyirəm. Respublikanın ölkəmizin 4 istiqamətinə  gedən avtomobil yollarında o şəhidlərin şəkilləri vurulmalıdır. Mən bu cür şəhid şəkillərini Təbrizə gedərkən avtomobil yolunda görmüşəm. Çünki bu o deməkdir ki, şəhidləri biz hər gün, hər an görürük, yada salırıq, xatırlayırıq.

...Və onlar barəsində orta məktəbdəki dərsliklərdə, ali məktəblərdəki proqramlarda xüsusi yer ayrılmalıdır. Ən azından ona görə ki, şəhidlərlə bağlı dərsliklərdə mövzu olanda istər-istəməz şagird də, tələbə də onları tanıyacaq və xatırlayacaq. Hələ bu da azdı. Biz o şəhidlərin hamısının adını əbədiləşdirməliyik. Bu addımımızla həm onları yaşatmış oluruq, həm də ata-analarına, doğmalarına bir təsəlli veririk. Onsuz da dövlət həmişə şəhid ailələrinə diqqət yetirib, qayğı göstərib. Eyni zamanda, özəl  qurumları da şəhidlərin xatirəsini həmişə yad etməli, ailələrinə, uşaqlarına diqqət yetirməlidir.

Bu gün biz o şəhidlərin, o aslanların qanı bahasına başımızı dik tutub yeriyirik. Çünki 30 il idi ki, başıaşağı idik, dilimiz də gödək idi. Bunu hamımız yaxşı bilirik. Başımızı uca tutmağı, dilimizi uzun eləməyi Şəhid qanı kömək etdi. O şəhid qanı ki, axan yerdə işıqlı bir səhər açılır... dağlarda bulaq çağlayır, xarı bülbül bizi səsləyir... güllərin, çiçəklərin ətrində onların qoxusunu, nəfəsini hiss eləyirik...

Şəhid qanı daman yerdə yeni bir dünya başlanır, yeni bir aləm işıq üzü görür. Və biz o şəhidləri, o igidləri nə vaxta qədər ki, Azərbaycan var, nə vaxta qədər ki, bu xalq var, heç vaxt unudan deyilik. Hər açılan səhəri, üfüqdən  boylanan günəşi gördüyümüz kimi, o şəhidlərin də ruhunu görəcəyik, səsini eşidəcəyik, övladlarının çöhrəsindəki təbəssümdə, gülüşdə o şəhidlər yenidən bu Vətənə qayıdacaq, bu Vətənin daşında, qayasında, meşəsində, ormanında, dağında bir günəş kimi bizi yenidən salamlayacaq. Ruhunuz şad olsun, Böyük Vətən Savaşının Şəhidləri! Biz sizi heç vaxt unudan deyilik!!!

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV