adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

Faiq QİSMƏTOĞLU: ARXA CƏBHƏ

FAİQ QİSMƏTOĞLU
95085 | 2020-11-06 14:37

... Ön cəbhədə Azərbaycan Ordusudu, Azərbaycan Əsgəridi! Və bu Azərbaycan Ordusu gecə-gündüz bilmədən erməni işğalçıları ilə döyüşür, torpaqlarımızı yağılardan azad edirlər. O Azərbaycan Əsgəri ki, onun gücü, qüvvəsi qarşısında erməni  ordusu diz çöküb və pərən-pərən düşüb... O Azərbaycan Ordusu ki, bir ay müddətində 4 şəhərimizi, 3 qəsəbəmizi, 200-dən çox yaşayış məntəqəmizi ermənilərdən xilas edib... O Azərbaycan Ordusu ki, əsgərlərimizin boyuna-buxununa baxanda qürur duyuruq... Ki, onlar işğaldan azad olunan şəhərlərimizə, kəndlərimizə, qəsəbələrimizə bayrağımızı sancıblar...

... Ordu ön cəbhədə öz sözünü deyib və deyir. Hələ ən böyük sözü isə yaxın zamanda – Laçın, Şuşa, Kəlbəcər azad olunanda deyəcək. Və biz o anları, o dəqiqələri, o məqamları hər an gözləyirik, hər zaman gözləyirik! Və bu an Allaha and olsun ki, tezliklə gəlib çıxacaq. Bunlar hamısı gün kimi aydındır. Müharibədə iki cəbhə var: biri ön cəbhə, biri də arxa cəbhə! Və bu hər iki cəbhə bir-birilə çox doğma, çox əziz və çox yaxındılar. Hər ikisi bir-birinə arxa, bir-birinə söykək, bir-birinə kömək olmasa, o birində vəziyyət axsaya bilər.

Biz  tarixən həmişə ön cəbhəylə arxa cəbhənin qardaş olduğunu görmüşük. Bizim xalq çox əzab-əziyyət, çox müsibətli günlər görüb. Heç uzağa getməyək, 1941-45-ci ildə Böyük Vətən Müharibəsində Azərbaycan 400 minə yaxın şəhid verib. Üstəlik də Bakı nefti  olmasaydı və arxa cəbhə ön cəbhəyə söykək durmasaydı, çoxdan almanlar SSRİ-ni almışdı. Çox təəssüf ki, bizə bu ölkənin başbilənləri heç vaxt dəyər vermədilər. İndi durub yekə-yekə danışırlar. Bakı neftinin gücünü və qüdrətini kim bilməsə də, o başbilənlər yaxşı başa düşürdülər.

Bunlar hamısı tarixin arxivində qalıb. İndi isə əsl Böyük Vətən Savaşıdır. Biz bu savaşı alman faşistlərindən də vəhşi və amansız olan erməni faşistlərinə qarşı aparırıq. Artıq ön cəbhədə Azərbaycan Ordusu onların dizini yerə qoyub və anasını ağladıb. Deməli, bizim əsas vəzifələrimizdən biri arxa cəbhədə üzərimizə düşən işi yerinə yetirməkdir. Yəni bu da ondan ibarətdir ki, ölkəmizdə hərə öz işiylə məşqul olmalıdır. Pambıqçı pambığını yığmalıdı, bostançı bostan-tərəvəz məhsullarını toplamalıdır, meyvəçi meyvələrini yetişdirib bazara çıxarmalıdır. Başqa sözlə demiş olsaq, hər bir kəs müharibə vəziyyətinə uyğun olaraq işləməli, çalışmalı, öz üzərinə düşən missiyanı yerinə yetirməlidir.

Öncə cəbhəyə gedib müharibədə, yəni Böyük Qarabağ Savaşında döyüşən əsgərlərimizin, zabitlərimizin və müddətdən artıq qulluq edənlərimizin ailəsinə, övladlarına, valideynlərinə öz doğmalarımız kimi baxmalıyıq. Cəbhədəki əsgər arxayın olmalıdır ki, onun ailəsi, uşağı, anası, bacısı arxa cəbhədə qorunur və onlara hörmətlə yanaşılır. Əgər bir kimsə əsgər ailəsinə kəm gözlə baxırsa, o gözü çıxarıb atmaq lazımdır. Əsgərin, döyüşçünün bütün fikri-zikri ancaq döyüş olmalıdır. İrəli gedib torpağımızı azad etmək və bayrağımızı həmin əraziyə sancmaq! Bax, bu, Azərbaycan Əsgərinin əsas işidir.

Düzdür, indi fabrik-zavodlarımız elə çox deyil. Amma adətən müharibə şəraitində fabrik-zavodlar cəbhəyə görə  24 saat işləyirlər. Amma bu gün də Azərbaycan əsgəri üçün paltar tikən, ayaqqabı tikən və zəruri əşyalar hazırlayan müəssisələrimiz var. Təbii ki, onlar 24 saat çalışırlar. Və ona da çalışırlar ki, gördükləri iş daha keyfiyyətli olsun. Əsgərlərimizin qış geyimləri istiliyilə seçilsin. Bax, bu işləri görən insanlara da eşq olsun!

Müharibə o demək deyil ki, elə hamı əlinə silah alıb döyüşə getməlidir. Böyük müharibə odur ki, məmə yeyəndən, pəpə deyənə qədər hamı cəbhə üçün çalışır. Yəni ona çalışır ki, səngərdə olan əsgər geyimdən, qidalanmadan və digər zəruri vasitələrdən korluq çəkməsin. Şükürlər olsun ki, Ordumuz bu gün bütün sahələrdə yüksək təchizata malikdir. Bu isə o deməkdir ki, qüdrətli Azərbaycan əsgəri üçün arxa cəbhə həmişə nə lazımdırsa onu edib.

İndi ölkəmizdə pambıq yığımı davam edir, mer-meyvə toplanır. Hətta sahələrdə olan kartof, soğan və digər bostan-tərəvəz məhsulları yığılaraq anbarlara gətirilir. Gədəbəydə kartof, Ağdamda soğan, Sabirabadda, Bərdədə pambıq, Qubada, Qusarda mer-meyvə, Lənkəran, Astarada subtropik meyvələr yığılaraq bazarlara göndərilir. Müharibə davam etsə də, arxa cəbhədə bir gün, bir saat da olsun işlər fasilə vermir. Elə belə də olmalıdır!

Əgər böyük savaşdırsa, bütün sahələrdə məsuliyyət və diqqət önə çəkilməlidir. Yəni müəllim öz işini vicdanla görməli, həkim daha diqqətli olmalı, çörəkçi keyfiyyətli çörək bişirməli, sükan arxasında olan avtobus sürücüsü insanları mənzilbaşına apararkən məsuliyyəti yadından çıxarmamalıdır. Əlbəttə, bütün bu deyilənlər olarsa, elə arxa cəbhədə ön cəbhəyə söykək durar.

Bir balaca da müharibə şəraitindən istifadə edib, öz maddi maraqlarını təmin etmək istəyən vəzifə sahiblərindən danışaq. Bəzi vəzifə sahibləri dövlətin müharibə şəraitinə başı qarışdığına görə, bundan sui-istifadə eləyir. Yəni onlar insanları get-gələ salır, nəsə umur və adamlardan bir şey qoparandan sonra onların işlərini həll edirlər. Bax, bu cür adamlar tamahlarını saxlamalı, heç olmasa müharibə şəraitində vicdanları varsa, bu çirkli oyunlardan uzaq durmalıdırlar. Ən azından ona görə ki, ölkədə  hərbi vəziyyətdir və biz hamımız ön cəbhəyə kömək etməliyik. Belələrinin ön cəbhəyə kömək etmələri bir yana qalsın, heç olmasa vicdanları oyanıb bu çətin durumda onların qəbuluna gələn insanları incitməsinlər və get-gələ salmasınlar.

Biz həmişə hər hansı məsələdə bir qədər ləngiyirik, bir qədər gecikirik və yubanırıq. Ancaq Böyük Vətən Savaşında heç vaxt ləngimək və yubanmaq olmaz. Əksinə, ön cəbhəyə arxa durmaq və lazım gələndə Vətən yolunda döyüşən əsgərlərimizə bütün köməklikləri göstərməliyik. Çünki Azərbaycan Əsgəri görməlidir ki, o, cəbhədə döyüşür və tək deyil. Onun arxasında 10 milyonluq Azərbaycan xalqı durur. Və bu 10 milyonluq xalq həm də Ali Baş Komandan, Azərbaycan prezidenti cənab İlham Əliyevə söykəkdir. Bir xalq ki, güclü olur, bir yerdə addımlayır, onun qarşısını heç bir qüvvə qətiyyən ala bilmir. Hətta sel gələndə belə xalq bir yerdə olanda onun qarşısını ala bilir. Yadıma bir xalq deyimi düşür: “El gücü, sel gücü”, yaxud “El bir olsa dağ oynadar yerindən”.

Bax, bu deyilənlərə istinad etsək, söykənsək və güvənsək, həqiqətən də görərik ki, bu gün Azərbaycanda çox böyük bir güc var. Bu güc Azərbaycan xalqıyla onun Prezidenti, Ali Baş Komandan İlham Əliyevin birliyidir. Allah and olsun, bu birliyi heç bir qüvvə; nə ermənilər, nə də onların havadarları dağıda bilər. Çünki bu birliyi yaradan göydə Allah, yerdə də Azərbaycan Prezidentidir. Və bizim ön cəbhəylə arxa cəbhənin bir-birinə söykək olması tezliklə çox möhtəşəm hadisələrin baş verməsinə gətirib çıxaracaq.

Və biz birlikdə Azərbaycan tarixində yeni bir qızıl səhifə yazacağıq. Və o qızıl səhifə də ondan ibarət olacaq ki, işğal altında olan bütün rayonlarımız, şəhərlərimiz, qəsəbələrimiz və yaşayış məntəqələrimiz azad ediləcəkdir. Bizim hələ gözəl günlərimiz, xoş anlarımız qarşıdadır. Birlikdə olaq ki, həmin anları görək və sevincli məqamları bir yerdə yaşayaq. Çünki biz  birlikdə daha güclüyük!..

 

  • Aprel:
  • 5

TƏQVİM / ARXİV