adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Noyabr 2020 14:29
254386
ƏDƏBİYYAT
A- A+

İndi sən hamınınsan - Musa Ələkbərli yazır

Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevə

 

Ali Baş Komandanım,

İndi sən hamınınsan.

Rəssam fırçasınınsan,

Şair ilhamınınsan.

 

Bütün dünya eşidir

İndi qalib səsini.

Adına ünvanlayır

Bəstəkar bəstəsini.

 

İndi xalqın yanında

İki deyil bir sözün.

Qarabağdan başlayır

Ali sözün, pir sözün.

 

Adına məktub gəlir

Aranından, dağından.

Başı uca çıxırsan

Tarixin sınağından!

 

O məktubun hər biri

Qarabağa sevgidi.

Bu ağrı çox uzandı,

Bu döyüş çox ləngidi!

 

Otuz il sən çalışıb

Qalib ordu yetirdin.

Yağıların işini

Otuz günə bitirdin!

 

Yenilməz güc sahibi,

Məğrur bir sərkərdəsən.

Ən uca məqamdasan,

Ən möhtəşəm yerdəsən!

 

Sənin Qarabağ sevgin,

Sənin Vətən istəyin.

Vurğusuna dönübdür

Yurdunda hər ürəyin!

 

Xalqın bir yumruq kimi

Cani-dildən birləşib.

Yerişi vüqarlanıb,

Addımı mətinləşib!

 

Vətənimdə hər kəsin

Sənə dikilib gözü.

Səndən gözləyir ancaq

Açıq sözü, şax sözü.

 

Bu torpaq başdan-başa

Qələbə soraqlıdı.

Bu gün sözün-söhbətin

Hər kəsə maraqlıdı!

 

İndi sən hamınınsan,

İndi hamı sənindi.

Sarsılmaz birliyimiz

Bu şanlı Vətənindi!

 

Gəncə yarasına Şuşa dərmandı

 

Bu gecə od tutdu Gəncə torpağı,

Cavad xan ruhuyla hərəsan oldu.

Dəhşətə, vəhşətə qol qoydu yağı,

Yuxuda can verən neçə can oldu.

 

Mülki əhaliyə tuşlandı zərbə,

Mülkü viran oldu neçə soydaşın.

Dam, divar qoymadı saçılan qəlpə,

Külü göydə uçdu torpağın, daşın.

 

Yermi var, yurdmu var çıxıb gedələr,

Nifrətdə boğulur mənfur varlığı.

Döyüş meydanında məğlub gədələr

"Qələbə” saydılar bu barbarlığı.

 

Xocalı yarası açılan xalqın,

Qəlbində bir saysız ağrı-acı var.

Qəzəbi tufantək saçılan xalqın

Köklü intiqama ehtiyacı var!

 

Nizami qəbrinə tuşlandı zərbə,

Kor dünya bu səsdən indi kar oldu.

Xalqımın səbrinə tuşlandı zərbə

Günahsız qanlara səbəbkar oldu!

 

Dinc xalqa yönəlib raket hədəsi,

Bu hədə hər kəsi ayıltmalıdı.

Təcili bu yurdun Laçın zirvəsi,

Şuşa ucalığı qayıtmalıdır!

 

Ağzına su alıb BMT, ATƏT,

Qırılan bizlərik, tərpənmir tükü.

Şərin başlatdığı böhtan, ya qeybət

Çətin ki, haqq yoldan sapdıra türkü!

 

Hələ neçə qanlı döyüş var öndə,

Sonadək vuruşmaq şanlı fərmandı.

Gəncə yarasına bu ağır gündə

Yurdun şah vüqarı Şuşa dərmandı!

Kəlbəcər Laçınla qoşa dərmandı!!!

 

17.10.2020

 

 

Zəfər ünvanlı şəhidim...

 

Öyünc, qürur yerimizdi,

Sənin tökülən qanın.

Torpağımı xilas etdi

Torpağa dönən canın.

Namusu, şərəfisən

Bu gün Azərbaycanın.

Şəhidim, şanlı şəhidim,

Zəfər ünvanlı şəhidim.

 

Sən zülməti qova-qova

Dan yeritək söküldün.

Ölü yurda nəfəs verib

Bayrağıma büküldün.

Otuz ilin yarasını

Sağaltdın otuz günə.

Sadiq oldun bu vətənin

Hər əmrinə, hökmünə.

Qarabağın qara bəxti

Şükür çıxır ağ günə.

Şəhidim, şanlı şəhidim,

Zəfər ünvanlı şəhidim.

 

Keçdin cavan həyatından

Həyat verdin yurduna.

Qələbəni qanla yazdın,

Ənam etdin orduna.

"Hücum” deyib qanadlandın,

Öndə oldun həmişə.

Qorxu-hürkü bilmədiyin

Gündə oldun həmişə.

Qartal kimi qanadlanıb

Kəsdin yağı üstünü.

Qoy pir deyib qucaqlayım

Heykəlini, büstünü!

Şəhidim, şanlı şəhidim,

Zəfər ünvanlı şəhidim.

 

Dilimizdə ən yaralı

Bayatısan, ağısan.

Anaların göz yaşısan,

Sinələrin dağısan.

Ayın bulud örtüyüsən,

Günün qürub çağısan.

O müqəddəs pak ruhunla

Qovuşmusan Allaha.

Vətənini çıxartmısan

Bir işıqlı sabaha.

Şəhidim, şanlı şəhidim,

Zəfər ünvanlı şəhidim.

 

Bu torpağın yarasına

Sarğı olub bədənin.

Sən ən uca məqamısan,

And yerisən Vətənin.

Hüzurunda baş əyirəm,

Diz çökürəm mən sənin.

Bütöv əsər yazmalıyıq

Yarımçıq ömrün haqda.

Ruhun Tanrı qucağında,

Nəşin qara torpaqda.

Torpaq qədər əbədisən

Şəhidim, şanlı şəhidim.

Yurdun paklıq məbədisən

Zəfər ünvanlı şəhidim!!!

 

 

Bayraqlaşan Azərbaycan

 

İlhamıma qanad verir,

Yurdumun bayraq sevgisi.

Bu sevgiyə həyat verir,

Ordumun torpaq sevgisi.

 

Yerin-göyün tələbiylə,

Dindi Koroğlu təbiylə.

Cilovlanmış qəzəbiylə

Aşıb-daşan Azərbaycan!

 

Otuz il yol qət elədi,

Sülh naminə cəhd elədi.

Sonda zirvə fəth elədi

Dağlar aşan Azərbaycan.

 

Yağı solunda, sağında,

Ərdi namərd qabağında.

Döyüşür öz torpağında

Haqqa nişan Azərbaycan.

 

Heyfin qara şərdə qalmaz,

Bir qalmışdı, bir də qalmaz.

Heç bir zaman yerdə qalmaz

Günahsız qan, Azərbaycan!

 

Göstər qılınc kəsərini,

Yarat yeni "əsər”ini.

Ey şərəfli zəfərini

Sülhə qoşan Azərbaycan!

 

Al heyfini, düşməndən al,

Qaniçənə qələbə çal!

Oba-oba, mahal-mahal

Bayraqlaşan Azərbaycan!

 

Var gücünü elə cəmlə,

Zəfər yazsın qoy son həmlə.

Yenilməzsən Türkiyəmlə

Qoşalaşan Azərbaycan!

 

Yarat zəfər ehtişamı,

İlhamlandır sən İlhamı!

Bir ağızdan desin hamı:

Canımsan can, Azərbaycan!

Qoy dünyaya örnək olsun

Bu şərəf-şan, Azərbaycan!!!

 

 

 

Eyni tərəziyə qoyurlar bizi

 

Mən də döyüşürəm, sən də, məlumdu,

Ölüb itənlərin bilinmir sayı.

Mən atan silahlar – mənim pulumdu,

Sən atan silahlar pulsuz, havayı...

 

İndi sən onları atıb qaçırsan,

Döyüş meydanında tükənib tabın.

Sivil insanlara atəş açırsan,

Bir gün sorulacaq bunun hesabı!

 

İşğalçı işğala məruz qalanla,

İndi bir tutulur, mən necə dözüm?!

Sənin uydurduğun saysız yalanla

Yenilir, danılır haqqım, haqq sözüm!

 

Eyni tərəziyə qoyurlar bizi,

Bir gözü əyilən tərəzidir bu.

Günah pərsəngindən qızarmır üzü,

Zamanın əxlaqsız qərəzidir bu!

 

Biz geri aldıqca doğma torpağı,

"İntiqam” hissiylə kükrəyir qanın.

"Dənizdən dənizə” yurd gəzən yağı,

Səbri dəniz deyil Azərbaycanın!!!

 

Baş vursaq tarixə, dönsək keçmişə,

Üstünü toz basmış sənədlər qalır.

Dünya birtərəfli baxdıqca işə

İnsanlıq şərəfi enir, alçalır!

 

Sayı yox sinəmə çəkdiyin dağın,

Yalan "soyqırım”a bir son ver, axır...

Xocalı yaramda yanan ocağın

Tüstüsü hələ də başımdan çıxır.

 

Eyni tərəziyə qoyurlar bizi,

Bir gözü əyilən tərəzidir bu!

Qanlı terrorundan qızarmır üzü,

Sağalmaz erməni mərəzidir bu!

 

Pərsəngi yerinə qoymasa dünya

Bu dava heç zaman sovuşan deyil.

Bizim fərqimizi duymasa dünya

Haqqa, ədalətə qovuşan deyil!

 

Döyüş Qarabağdadı

 

Mərmi yağdırırsan hər gün başıma

Namərd, doy gələsi mərdim var sənə.

Sülh dedim yeddi şərt qoydun qarşıma,

İndi bircə dənə şərtim var sənə!

 

Rədd ol Vətənimdən, çəkil yurdumdan,

Daha izin-tozun burda qalmasın.

Zorla öz "pay”ını alma ordumdan,

Açma qapısını kədərin, yasın.

 

Şərəfi tapdayıb, namusu yeyib

Dünyayla bu qədər ara vurmusan.

Timsah göz yaşınla "soyqırım” deyib

Mənə Xocalıtək yara vurmusan!

 

Bir gün "yox” deyəcək, dünya sənə "yox”

Sağalar bu yara, səngiyər bu dərd.

Sən bu zərbələrlə təkcə mənə yox,

Bütün insanlığa yağısan, namərd!

 

Cəbhədən qaçırsan, aranda, dağda,

Bütün sərhədboyu cəbhə açırsan.

Döyüşü uduzub sən Qarabağda,

Gəncəyə, Tərtərə ölüm saçırsan!

 

Cavab alacaqsan bu barbarlığa,

Atdığın bu daşlar özünə dəyir.

Tanrı xainliyə, gözüdarlığa

Torlaşan göz verir işıq verməyir.

 

Çöküb yaddaşına qan qaranlığı,

İlahi işıqdan məhrum olmusan.

Qaç get, çıxış yolu san qaranlığı,

İndi bu qaçışa məhkum olmusan!

 

Əyişib zamanla, döyüşüb haqla,

Bir alçaq, şərəfsiz "tarix” yazırsan.

Dinc kəndi, şəhəri bombalamaqla

Qəbrini daha da dərin qazırsan.

 

Qələbə gözləyir xalqım haçandı,

Bu sözə köklənib doğması, yadı.

Yaxşı bil "Qarabağ Azərbaycandı!”

Son, qəti döyüş də Qarabağdadı!

Şükür bu günə ki...

 

Sökür ürəyimi dərd dağım-dağım,

Tanrım, bitəcəkmi görən bu zillət?!

"Gün o gün olsun”a qalıb torpağım,

"Gün o gün olsun”a qalıb bu millət!

 

(Ötən əsrin doxsanıncı illərində yazdığım şeirdən)

 

Ansaq başımızdan ötüb-keçəni,

Bir dua vird etdik illərdən bəri.

"Gün o gün olsun”la yatdıq gecəni,

"Gün o gün olsun”la açdıq səhəri.

 

Yollarda ləngiyib azan "Lazım”ın,

Tutdu yaxasından "Gün o gün olsun”.

Simləri dil açdı könül sazımın

"Ürək bütün olsun, yurd bütün olsun!”

 

Efirdə, ekranda coşub çağladıq,

Bu söz dilimizdə vərdişə döndü.

Şəninə o qədər "dastan” bağladıq,

Təsiri azaldı, marağı söndü.

 

Elə kükrəyirdim, elə dolurdum,

İçimdə ümmanlar ləpələnirdi.

Onu eşitdikcə dəli olurdum,

Qəzəbim qəlbimdə qəlpələnirdi.

 

Nədən yapışaydım, bir tutalqa yox,

Səssiz çağlayırdım, sözsüz gedirdim.

Vuran yağıya yox, susan xalqa yox,

Elə bu sözə də üsyan edirdim!

 

Görüşdə, tədbirdə, toyda, düyündə,

Natiqlər onunla bitirir sözü.

Düşmür dilimizdən elə bu gün də,

Qayıdır əvvəlki alovu, közü...

 

Torpağı yağıdan aldıqca geri,

Köksümdə dil açır "Gün o gün olsun!”.

Bir sonsuz qürurla yazıram şeiri,

Dilimdə gül açır, "Gün o gün olsun!”

 

Şadlıq üstə dinir könül tarımız,

Sevincdən, fərəhdən gözlərim doldu.

Tanrıya yetişdi dualarımız,

Şükür bu günə ki, "Gün o gün oldu!”

 

 

Torpağı

 

"Yarama torpaq tökün...”

Barat Vüsal

 

Şərəflə ötürək bu ağır günü,

Bilək dərdimizə çara torpağı.

Özünə qaytaraq bütövlüyünü,

Bir daha görməyək para torpağı.

 

Yetər ki, bu qədər qırıb-çatdılar,

Əsil sahibinə çamur atdılar.

Otuz il köksündə at oynatdılar,

Yağılar çəkdilər dara torpağı.

 

Silahdan silahım, vardan varım var,

Bayrağı ucaldan bayraqdarım var.

Zirvələr fəth edən qartallarım var,

Verməz, qəti verməz sara torpağı.

 

Göyləri şimşəklə sökək, ay Barat,

Düşmənin üstünə çökək, ay Barat.

Yaramıza necə tökək, ay Barat,

Köksü oyuq-oyuq yara torpağı?!

 

Qarabağ ruhumdan qopan nalədi,

Qanımla qızaran qızıl lalədi,

Səmada şəfəqlər halə-halədi,

Ağ üzlə dindirək qara torpağı.

 

Başında dolanan dumandı, çəndi,

Didərgin külfəti çətən-çətəndi.

Bizə candan əziz ana Vətəndi,

Hara qoyub gedək, hara torpağı?!

 

Gedək çəmənindən yenə gül gərək,

Atılaq qoynuna dəntək cücərək.

Gözümüz dolusu əkək, becərək,

Yetirək nübara, bara torpağı!

 

14.10.2020

 

Mənəvi qələbə

 

İlham və Fərizənin göynəkli sevgi əfsanəsi düz otuz ildən sonra Mehdi və Mələyin şəxsində yenidən təkrar olundu. Bu faciəni bizə mənfur yağılar yaşatdı.

 

Necə təkrar etdi tarix bu dağı,

Bu yol Fərizənin getdiyi yoldu.

Mehdi doğulduğu ana torpağın,

Mələk öz eşqinin şəhidi oldu.

 

Mələkdi yurdumun qızı, qadını,

Yerdəki əksidir ulduzun, ayın.

Tarixə həkk edin onun adını,

Döyüş bayrağıtək uca saxlayın!

 

Bildinmi, xəbərin oldumu, Mehdi,

Mələyin göylərdən nə sayaq endi?!

Sevdiyin o qızın ilqarı, əhdi

Ağrılı, göynəkli nağıldı indi.

 

Qıydı öz canına göylər mələyi,

Tutdu sevgisini həyatdan üstün.

Qırıldı o qızın arzu, diləyi

Ruhuyla ruhuna qovuşdu o gün!

 

Sənsiz yaşamadı bircə an belə,

Getdi...Öz yasını yasa qatdı o.

Bu qəfil, bənzərsiz ölümü ilə

Əlçatmaz, ünyetməz bir həyatdı o!

 

Səninlə qovuşdu imana, dinə,

Tufanda tər-çiçək vaxtsız solurmuş.

Sevgi güc gələndə həyat eşqinə,

Ölüm həyatdan da uca olurmuş!!!

Vətən döyüşüdür, qansız ötüşmür,

Mələk də döyüşə yazdı adını.

Vallah bu ölümə göz yaşı düşmür,

Yerdə ağlamazlar göy övladını!

 

Tanrı qucaq açdı bu iki gəncə,

Sındı yer-yerindən, yer yara aldı.

Mələk bu döyüşü bitirdi məncə,

Düşmənə mənəvi qələbə çaldı!!!

 

15.10.2020

 

 

 

"Bir kərə qalxan bayraq”

 

Müzəffər ordumuzun Ali Baş Komandanı Cənab İlham Əliyevə minnətdarlıq hissləriylə

 

Gücümü, iradəmi

Heç bir kəs yenən deyil.

Bozqurdum uladısa

Sinsiyib sinən deyil.

 

Axan günahsız qandı,

Ölən sivil insandı.

Qəzəbim gur tufandı,

Səngiyib senən deyil.

 

Hanı təmas xəttiniz?

Bilindimi həddiniz?!

O əyilən qəddiniz

Dikəlib "dinən” deyil.

 

Elim-yurdum talanıb,

Yerinə su calanıb.

Sinəmizdə qalanıb,

Bu atəş sönən deyil.

 

Ordum ordundan üstün,

Yurdum yurdundan üstün.

Tarix yazıram bu gün

Bu sənə dünən deyil.

 

Sizdə olmayan yaraq,

Hökm edir: səddi yaraq!

"Bir kərə qalxan bayraq

Bir daha enən deyil!”

***

 

"Mübarizlik dərsi” poemamdan bir parça

 

İllərdi əli qoynunda

Ağlama, adam, ağlama!

Düşmən ağzında çeynənən

Kəlbəcər, Ağdam, ağlama!

 

Şuşam, sınma şüşə kimi,

Şax dayan görüşə kimi.

Gözlə son döyüşə kimi,

Sınmasın inam, ağlama.

 

Məğrur dayan, ay Qubadlı,

Arzular var şirin, dadlı...

Oğlun gəlir bir Ağatlı

Sözümə inan, ağlama!

 

Yaşıltunel Zəngilanım,

Oduna alışım, yanım.

Var axırda bir planım,

Ölməyib güman, ağlama!

 

Füzulim – Füzuli qəmi,

Kim görübdür bu sitəmi?!

Qurusun gözünün nəmi,

Daşacaq ümman, ağlama!

 

Xiffət çəkən Cəbrayılım,

Gün tək köksünə yayılım.

Mənim köçkünüm, sayılım,

Köksündə tufan, ağlama!

 

Laçınım laçın oylağı,

Qoynunda kef çəkir yağı.

Demə güvəndiyim dağı

Bürüyüb duman, ağlama!

 

Ağlar qalan Qarabağım,

Sinən olub dağım-dağım.

 

Ay girov yurdum, oylağım,

Ay mənim dünyam, ağlama!

 

Unut ağrı, təlaşını,

Vətən, uca tut başını.

Sərrast atıbsan daşını

Çin çıxıb röyam, ağlama!

 

2010