adalet.az header logo
  • Bakı 12°C

Faiq QİSMƏTOĞLU: ŞUŞAYA KİM BAYRAQ SANCSA...

FAİQ QİSMƏTOĞLU
93885 | 2020-11-04 13:20

... İşğal altında olan hər rayonumuzu, hər şəhərimizi, hər qəsəbəmizi və hər yaşayış məntəqəmizi Azərbaycan Əsgəri, Azərbaycan Ordusu azad edəndə onun sevincini bütün xalqımız yaşayır. İnsan çox sevincli anlar yaşaya bilər. Amma mənə elə gəlir ki, işğal altında olan torpağımızın azad edilməsindən böyük sevinc yoxdur. Bu xəbərə 10 milyon insan sevinir. Dərd bir yerdə çəkiləndə yüngülləşir. Sevinc isə paylananda daha da çoxalır. Və artıq biz işğalda olan torpaqlarımızı azad etdikcə sevincimiz daha da  artır. Çünki bu vətənin, bu ölkənin itirilmiş ərazisi yenidən özünə qaytarılır və yenidən böyük Azərbaycan yaranır.

Füzuli də, Hadrut da, Zəngilan da, Qubadlı da, Cəbrayıl da erməni işğalından azad  olunarkən orda Azərbaycan bayrağı dalğalanıb. Mən bilmirəm Füzuli şəhərinə, Zəngilan şəhərinə, Qubadlı şəhərinə, Cəbrayıl şəhərinə və Hadrut qəsəbəsinə Azərbaycan bayrağını kim sancıb? Kim sancıbsa, o, bu Vətənin, bu xalqın ən böyük oğludur. Və bir də bu xalqın, bu Vətənin ən böyük oğlu torpaqlarımızı azad edərkən şəhid olan, yaralanan Azərbaycan Əsgəridir! O Azərbaycan Əsgəri ki, bir ay müddətində 27 il gözlədiyimiz sevinci bizə bəxş edib... O Azərbaycan Əsgəri ki, Vətənin itirilmiş torpaqları uğrunda ölümün gözünə dik baxıb... O Azərbaycan Əsgəri ki, azad etdiyi şəhərlərdə, kəndlərdə və qəsəbələrdə Azərbaycan Bayrağının dalğalandırıb... Bizim qürur və sevinc yerimiz olan Bayrağımızı daha da yüksəkliklərə qaldırıb. Bu, Azərbaycan Əsgəridi! Vətənini və xalqını canından çox istəyir. Vətənini və xalqını canından çox istəyən Azərbaycan əsgərini 10 milyonluq xalq da gözünün üstündə saxlayır, onu sevir, əzizləyir...

Sözümün canı ondan ibarətdir ki, Vətən torpağı yalnız və yalnız öz şəhidlərilə erməni işğalından azad edilə bilər. Yəni o torpağa şəhid qanı axmasa, şəhid qanı dammasa heç vaxt yağı düşmən gözəl Qarabağı qoyub çıxan deyil. Bəli, biz Böyük Vətən Savaşında şəhid verə-verə 200-dən çox yaşayış məntəqəsini, 4 şəhərimizi, 3 qəsəbəmizi işğaldan azad etmişik. Qanı torpağımıza qarışan, şəhid və yaralı əsgərlərimizin gücü və qüvvəsi hesabına biz qısa zaman kəsiyində erməni işğalından bu qədər torpaqlarımızı xilas edə bilmişik.

Hər bir şəhidin torpağa qarışan qanı bu vətəni bizə daha da müqəddəsləşdirir, daha da sevdirir. Çünki şəhid qanı ilə suvarılan torpaqda çiçək bitir, gül boylanır, yasəmən görünür. O şəhid qanları lalələr kimi, qızılgül kimi bu Vətənimizə, bu ölkəmizə gözəl bir ətir gətirir, qoxu verir. Və biz şəhid qanı ilə suvarılmış torpaqlarımızın hər  qarışını dizimizi qoyub öpməliyik. Ona görə öpməliyik ki, işğal altından azad olunmuş torpaqlar o şəhidlərin qanıyla yenidən bizə qovuşub...

... Elə bil yadımdan çıxmışdı. Axı azad olunan şəhərlərimizə, kəndlərimizə və qəsəbələrimizə bayraq sancan igid Azərbaycan Əsgərindən söz açırdıq. Dövlət onsuz da hər bir şəhidinin, hər bir əsgərinin qədrini bilir. Amma bizi bir məsələ daha çox düşündürür. Çünki bizim ölkədə nə qədər desən pullu və varlı adamlar var. Bax, həmin pullu və varlı adamlar arayıb-axtarmalı, Azərbaycan Bayrağını işğaldan azad olunan şəhərlərimizə, qəsəbələrimizə və yaşayış məntəqələrimzə sancan Azərbaycan Əsgərini, daha doğrusu, əsgərlərimizi mükafatlandırmalıdılar. Bu mükafat mənzil də ola bilər, maşın da ola bilər, pul da ola bilər.

... Heç Azərbaycan Əsgərləri bayrağımızı azad olunan şəhərlərimizə, kəndlərimizə sancarkən bu barədə qətiyyən düşünmürlər. Bu barədə varlı və imkanlı adamlarımız düşünməlidilər. Kimi bu Vətənə Şəhid olmaqla xidmət edir, kimi  döyüşməklə, kimi də başqa vasitələrlə. Qoy pullu və imkanlı adamlar da Böyük Vətən Savaşında belə bir xidmət yolu seçsinlər.

... Onlar bayaq dediyimiz kimi, arasınlar, axtarsınlar, bayrağımızı işğaldan azad olunmuş zirvələrə sancan igidlərimizi mükafatlandırsınlar. Cəbrayıla, Füzuliyə, Zəngilana, Qubadlıya, Hadruta bayraq sancan Azərbaycan Əsgərini  sevindirsinlər.  Hələ bizim bayraq sancılası neçə-neçə şəhərimiz, qəsəbəmiz, yaşayış məntəqələrimiz var... hələ bizim bayraq sancılası Laçınımız durur... Kəlbəcərimiz var... Şuşamız durur... Onlara bayraq sancan oğulları bu insanlar çox böyük səbirsizliklə gözləyir. Şuşa bizim Məkkəmizdir, and yerimizdir! Bu bayrağı Şuşaya kim sancsa, mən öz bir aylıq əmək haqqımı həmin əsgərin hesabına köçürəcəm. Varlı adamlarımız isə Kəlbəcərə, Laçına, Şuşaya Azərbaycan Bayrağını sancanlara daha böyük mükafat verə bilərlər. Hər halda, tezliklə biz Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin və qüdrətli Ordumuzun gücüylə bu sevinci yaşayacağıq.

Bəs onda ay imkanlı və varlı adamlar, nəyi gözləyirsiniz? Tez hazırlaşın və işğaldan azad olunmuş torpaqlarımıza Azərbaycan Bayrağını sancanları tapıb mükafatlandırın. Üstəlik də bir az əlinizi açın, Şuşaya, Laçına, Kəlbəcərə bayraq taxacaq igid Azərbaycan Əsgərini sevindirin! Çünki o əsgərlər, o oğullar sıradan bir gənclər deyillər. Onlar ölümün gözünə dik baxan və ondan qorxmayan Şuşamızı, Laçınımızı və Kəlbəcərimizi azad edəcək Azərbaycan oğullarıdır.

Bu addımı atmaqla hər bir imkanlı insan həm də bu Vətənə, bu Xalqa, bu Dövlətə xidmət etmiş olacaq. On milyonluq əhali isə QƏLƏBƏ xəbərini böyük səbirsizliklə gözləyir. Bax, onda Şuşaya, Laçına, Kəlbəcərə Azərbaycan Bayrağı sancılacaq. O böyük və o qüdrətli bayrağımız dalğalandıqca biz 27 illik həsrətdən sonra kövrələcək və sevincdən gözlərimiz dolacaq. Təki gözlərimiz sevincdən dolsun!..

TƏQVİM / ARXİV