adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Noyabr 2020 11:13
50665
MÜSAHİBƏ
A- A+

“Müəllim üçün vacib olan şəxsiyyət yetişdirməkdir” - MÜSAHİBƏ

““McDonald's”ın mərkəzi filialına getdim. İçəri keçib baxmaq istəyəndə mühafizə işçisi içərinin dolu olduğunu və sifarişimi çöldən verə biləcəyimi dedi. İçərinin dolu olması mənə çox pis təsir elədi, bəlkə də elə o cümlə qığılcım oldu və məni orada dayanıb insanları maarifləndirməyə sövq elədi. Əslində nə boykot etməyi planlamışdım, nə də ki, bu qədər yayılmasını. Şəxsimin yox ancaq boykotun belə yayılması və səs salması açıqcası məni sevindirdi”. “Ədalət” qəzetinin qonağı bu yaxınlarda ““McDonald's”a boykot” şüarı ilə insanların qəhrəmanına çevrilən, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəllimi Hüseyn Həsənovdur.

-İlk olaraq oxuculara özünüzü təqdim edin...

-Hüseyn Həsənov. Orta təhsilimə Balakən rayonunda başlasam da, sonralar Şəki Azərbaycan-Türkiyə Özəl liseyində davam etmişəm. Daha sonra bakalavr təhsili üçün Türkiyəyə getmişəm. İngilis dili müəllimi, həm də təhsil psixoloquyam. Psixologiya təhsilimi Azərbaycan Dövlət Pedaqoji Universitetində magistr pilləsi üzrə almışam. Hər iki sahədə fəaliyyət göstərirəm. Özəl məktəblərin birində müəllim olaraq işləyirəm, 3-cü siniflərdə sinif rəhbəriyəm. Eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında magistr qruplarına ingiliscə ali məktəb pedaqogikası fənnini tədris edirəm.

-Müəllimlik fəaliyyətinizdən geniş şəkildə danışaq...

-Müəllimlik fəaliyyətim rəsmi və qeyri-rəsmi (Tələbəlik illərində Türkiyədə də müəllimlik fəaliyyətim olub) olaraq artıq 18 ildir. Hər zaman şagird və tələbələrimə və hətta valideynlərə açıqca bəyan etmişəm ki, ingilis dili sizlərə öyrətməyə çalışdığım ikinci şeydir, birincisi isə şəxsiyyətin formalaşmasıdır. Mənim üçün vacib olan şagirdlərin mənim öyrətdiklərimi quru-quru öyrənməsi yox, nə üçün öyrənməyin lazım olduğunu dərk etmələridir. Bu mənada onlara təhsilin niyə vacib olduğunu da izah etməyə çalışmışam. Tez-tez istifadə etdiyim bir ifadə var ki, elə bir mövqelərə gəlməlisiniz ki, atdığınız imzalar minlərcə insanın qədərinə təsir etsin. Bir müəllim olaraq qarşımdakı heç bir şagirdi bir insan kimi görməmişəm, hər zaman düşünmüşəm ki, o uşaq, o şagir dəyişərsə onun ailəsi də dəyişər, dost çevrəsi, gələcəkdə quracağı ailə və s. Və bu fikirdən doğan bir cümlə dilimdə əzbər olub: “Bir insan bir insan deyil!”

“Boykot müəyyən qədər alındı”

-Bu yaxınlarda “McDonald's”ın qarşısında insanları boykota səslədiniz. Təklif kimdənsə gəldi, ya özünüzün təşəbbüsü oldu?

-Boykotu sosial şəbəkədə görmüşdüm. Səbəbini araşdırdım əvvəlcə. Sonra da maraqlı gəldi mənə ki, xalq olaraq necə bir birlik göstərəcəyik. Həqiqətən də, bir neçə günlük də olsa, bu “lyuks”umuzdan keçəcəyikmi? Bir neçə günlük də olsa, bu ritualımızı pozacağıqmı? Və günorta saatlarında “McDonald's”ın mərkəzi filialına getdim. İçəri keçib baxmaq istəyəndə mühafizə işçisi içərinin dolu olduğunu və sifarişimi çöldən verə biləcəyimi dedi. İçərinin dolu olması mənə çox pis təsir elədi, bəlkə də elə o cümlə qığılcım oldu və məni orada dayanıb insanları maarifləndirməyə sövq elədi. Əslində nə boykot etməyi planlamışdım, nə də ki, bu qədər yayılmasını. Şəxsimin yox ancaq boykotun belə yayılması və səs salması açıqcası məni sevindirdi. Məqsəd, bir ola biləcəyimizi görmək və göstərmək idi, yoxsa o müəssisələrin bağlanması yox. Doğrunu deyəcək olsam, tamamilə bağlanmalarını yox, ancaq əl, ya da konsept (menyu) dəyişdirmələri tərəfdarı olardım, çünki hamıya da, müdavimi olanlara da, hətta uşaqlarına da davamlı bu keyfiyyətsiz qidaları yedirənlərə də məlumdur ki, insan sağlamlığına tamamən zidd bir qida məhsulları var. Ancaq boykotun belə bir məqsədi yox idi. 3 gün, 5 gün, 1 həftə heçkim getməsəydi, xalq olaraq tərəfimizi göstərmiş və o müəssisələrin əmr böyüklərinə mesajımızı vermiş olardıq. Doğrudur, boykot müəyyən qədər alındı, bəlkə də, ancaq könül daha böyük bir kütlənin birləşməsini istərdi.

-Bir az da uğurlarınızdan söhbət açaq...

-Heç danışmaq istəmədiyim mövzu. Uğur izafi bir mövhumdur, mənə görə uğur olan bir şey bir digərinə görə elə deyildir, ya da bunun tərsi. Boykot üçün soruşursunuzsa müəyyən qədər səs gətirdi, deyə bilərdim ki, müəyyən qədər uğurlu alındı. Əminəm ki, kimlərinsə qulağına çatdı və elə məqsəd də o idi. Sadəcə bayaq da dediyim kimi, kaş həcmi daha böyük olardı ki, qulaqlara çatan qəlblərə də toxunardı. Bəlkə də, toxunub, onu zaman göstərəcək. Başqa hansı uğurumdan danışım bilmirəm, bəlkə də, yoxdur. Varsa da, bundan danışmaq, yəqin ki, mənə düşməz. Ümid eliyək ki, vardır (gülümsəyir).

“İndi hər şeyi internetdən tapa bilən bir nəsil var”

-Bir müəllim üçün vacib olan nələrdir?

-Bir müəllim üçün vacib olan şəxsiyyət yetişdirməkdir və nida. Bu, hər bir dövrün vacib bir tələbi olub. Əslində ancaq texnologiyanın sürətlə inkişaf etdiyi və yeni nəsillərin də çox asanlıqla bu sürətə inteqrasiya edə bildiyi bir dövrdə müəllimin rolu öyrədəndən daha çox formalaşdıran, yönləndirən kimi dəyişmişdir. İndi öyrənmək istədiyi hər şeyi internetdən tapa bilən bir nəsil var qarşımızda. Əlbəttə hər kəsin o internet imkanı olmaya bilər, ancaq biz onların sadəcə bu günki imkanlarını yox sabahkı üzləşəcəyi hal, ehtiyac və imkanları da nəzərə alaraq dövrə uyğun formalaşdırmalıyıq. Hz. Əli (r.a)'nin çox gözəl bir sözü var, deyir ki, övladlarınızı dövrünüzə görə yox, dövrlərinə görə yetişdirin. Bir müəllim də tam da bunu etməli və valideynləri də buna dəvət etməlidir, təbii ki, izah və təkidlə.

-Gələcəklə bağlı hansı planlarınız var?

-Gələcək planlarım çoxdur əslində. Ancaq təhsil sahəsində daha böyük işlər görmək istəyirəm və üzərində də işləyirəm. İstər sosial layihələr olsun, istərsə də iş olaraq görmək istədiklərimin hər biri eyni məqsədi güdür əslində: insanların formalaşması. Bu qədər. Müəllimlikdən əlavə elədiyim işlər var ki, onlarda da əsas fokus insanların formalaşmasıdır. Əlbəttə ki, bir qab dolduğu zaman daşa bilər ancaq, insanları formalaşdırmaq istəyən adamın da əvvəlcə özünün formalaşması lazımdır, sözsüz ki, bunu da ayrıca qeyd edim.

Rövşən Tahir