adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Noyabr 2020 10:06
119205
ƏDƏBİYYAT
A- A+

QİSAS QİYAMƏTƏ QALMADI

Mədəniyyət ocağımız Qarabağı itirdiyimiz otuz il ərzində bu günün həsrəti ilə ya­şayan, dünyasını ürək ağrısı və nisgillə dəyişən böyük şəxsiyyətlərin ruhu bi­zim­lə­dir. Onların əksəriyyəti ilə dostluq münasibətlərində olmuşam. Haqlarında məqalələr, bə­­ziləri haqda vida sözü yazmışam. Dost itkisi, torpaq itkisi haqda yazmaq çox ağrılı-acılı olur.

Bu dəfə sevinc gətirən, nisgilimizə son qoyan tarixi hadisədən söz açıram.

Ruhunuz şad olsun! Unudulmaz Abbas müəllim, Bəxtiyar müəllim, Bəkir müəllim, Fuad müəllim, Kamal müəllim (Talıbzadə), Tofiq müəllim, Kamal müəllim (Hacıyev), Əzizə xanım (Cəfərzadə), Qasım müəllim, Yaşar müəllim, Ağamusa müəllim, Vasim müəllim, Fəttah müəllim, İmamverdi müəllim, Yavuz müəllim, Müseyib müəllim, Bəhram müəllim, Xəlil Rza, Qabil, Cabir Novruz, Hüseyn Kürdoğlu, Məmməd Araz, Sabir Əhmədli, Şahmar Əkbərzadə, Zəlimxan Yaqub, Vaqif Səmədoğlu, Ağa Laçınlı, Nahid müəllim, Əlibala müəllim, Zakir müəllim (Zeynalov), Bəhlul müəllim (Abdulla), tələbə yoldaşlarım: şair Mətləb Misir, prof. Fərman İsmayılov, sevimli tələbələrim, tanınmış alimlər Zeydulla Ağayev, Məlumat Nurəddinov, gözünüz aydın olsun, ruhunuz şad olsun!

Şah İsmayıl Xətayi və Nadir şah Əfşardan sonra, üç əsrə yaxın bir dövrdə torpaqlarımızın hissə-hissə itirilməsinə son qoyulur, mənliyimiz geri qaytarılır. Ən yaralı yerimiz, mədəniyyət ocağımız Qarabağ müharibə yolu ilə azad edilir.

Ordumuz erməniləri əzəli və əbədi torpaqlarımızdan qovur.

Otuz ilə yaxındır ki, heç bir fayda verməyən çoxsaylı danışıqlar davam edirdi. Tez-tez deyirdilər: "Qarabağ düyününün hərb yolu ilə həlli yoxdur”.

Hörmətli prezidentimiz bütün bu illər ərzində ölkəmizin iqtisadi cəhətdən inkişafına çalışdığı kimi, gecə-gündüz qüdrətli ordu quruculuğuna da rəhbərlik etmişdir. Prezidentimizin rəsmi yığıncaqlarda dediyi: "Biz qüdrətli ordu yaratmışıq” sözlərinə nəinki xaricdə, ölkə daxilində də şübhə ilə yanaşanlar olurdu.

Böyük Ermənistan xülyası ilə yaşayan mənfur qonşularımız isə havadarlarına və otuz ildə Dağlıq Qarabağda yaratdıqları üçqat istehkamlarına, tunellərinə, saysız-hesabsız ağır hərbi texnikalarına arxalanaraq bizə meydan oxuyurdular. İş o yerə çatmışdı ki, Ermənistanın baş naziri Paşinyan dövlət başçılarının zirvə toplantısında bəyan etmişdi: "Qarabağ Ermənistandır, nöqtə”.

Prezidentimiz əminliklə demişdi: "Qarabağ Azərbaycandır!”

Prezidentimizin dediyi kimi də oldu.

Xoşbəxtəm ki, bu ahıl çağımda inanılmaz tarixi hadisənin şahidi oldum.

Azərbaycan döyüş taktikası ilə dünya tarixində şanlı səhifə yazdı.

Az bir vaxtda ən müasir silahlarla düşmənin hərbi texnikasını və canlı qüvvəsini məhv etdik. Ermənilərin 300-dən artıq tankı, onlarla topu, raket qurğuları, mina atanları, S-300 müdafiə qurğuları, hərbi maşınları və s. sıradan çıxarıldı. Onların çoxsaylı tankları, topları, raket qurğuları, hərbi maşınları, hərbi sursatı və s. hərbi qənimət kimi ordumuz tərəfindən götürüldü.

Ali Baş Komandanımızın dediyi kimi, indi qənimət götürülmüş texnikadan ermənilərə qarşı döyüşdə istifadə edilir.

Ruhunuz şad olsun! Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, şəhər, qəsəbə və kəndləri işğaldan azad edilib. Hər gün yeni-yeni ərazilər azad edilir.

Prezidentimiz uzun illər əzab-əziyyətə, sıxıntılara, böyük güclərin təzyiqinə inanılmaz iradə ilə sinə gərdi və müharibənin gedişində qüdrətli sərkərdə və şəxsiyyət kimi dünya tarixinə düşmək hüququ qazandı, xalqımızın fəxrinə, tükənməz enerji mənbəyinə çevrildi.

Ordumuzun tarixə qızıl hərflərlə yazdığı şanlı səhifə onun adı ilə bağlıdır.

Ulu öndərimizin qəbri nurla dolsun! İnanıram ki, onun ruhu sevinc içə­ri­sin­də­dir. Sevinir ki, arzularını özündən çox inandığı oğlu həqiqətə çevirdi, gerçəkləşdirdi.

Əzizlərim, şükürlər olsun ki, nisgilimizə son qoyuldu. Qarabağın düşmən torpağından tam azad olunmasına sayılı günlər qalıb.

Rahat uyuyun!

Əbədi qonşu olmağa məhkum olduğumuz qarı düşməndən nəinki Xocalının, xalqımıza qarşı törətdikləri bütün cinayətlərin qisasını aldıq. Bütün xalqımız sevinc içərisindədir. Qisas qiyamətə qalmadı.

Ali Baş Komandanın dediyi kimi, onlara elə bir dərs vermişik ki, bir də pis niyyətlə biz tərəfə baxmağa cürət etməyəcəklər.

Sizi heç vaxt unutmayan qardaşınız

 

QƏZƏNFƏR PAŞAYEV

2 noyabr 2020-ci il