adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Noyabr 2020 09:53
102252
ƏDƏBİYYAT
A- A+

Adil Şirin: DÖZÜMÜN PARTLAYIŞI

(Müharibə şəkilləri)

 

(Poema)

 

Nə müddətdi əsir idi

Qarabağda doğmaların qəbri

Axır ki, dözə bilmədi,

odlandı Odlar Yurdunun

qeyrət, şücaət

nifrət yükü – səbri.

 

Hər yan yurdun bayrağına,

Hər kəs əsgər paltarına büründü.

Uşaqdan-böyüyə bir xalqın

Hürlüyü, birliyi göründü.

 

Bu gün ataları, qardaşları

düşmən üstünə səkir.

Uşaqlar rəngbərəng

müharibə şəkilləri çəkir.

 

Şəkillərdə top-tüfəng,

şəkillərdə qan-qada

şəkillərdə ölüm var.

şəkillərdə yaralı əsgərlərin harayı,

şəkillərdə əsgər analarının fəryadı...

 

* * *

 

Müharibə şəkilləri

çəkir bizim uşaqlar,

QARABAĞDI müharibənin adı.

Bu gün bizim bir adımız

Qarabağdı, Qarabağ!!!

 

 

Qarabağdı

udduğumuz hava,

içdiyimiz su.

Qarabağdı

öpüb göz üstünə

qoyduğumuz torpaq.

 

Qarabağdı

Arifin, Alimin, Mənsumun səsi

Bu məmləkət –

Qarabağ şikəstəsi...

 

İnsafın olsun, Qarabağlı oğlan,

Allahı sevərsən belə oxuma.

Gecələr ana yurdumun dağları

girir yuxuma.

 

Cökə qoxuyur

bizim dağların sisi, dumanı.

Ana südü, dağ çiçəyi

dərdimizin dərmanı.

 

Biz həm şahid olduq,

həm şəhid olduq

o dağlarda qalıb mənim ürəyim.

Söylə indi nəyə yarar

mənim arzum, diləyim.

 

Söylə indi qar yağırmı

güvəndiyim dağlara?

Söylə indi necə dönüm

mən o əski çağlara?

 

* * *

 

Xalqın özü cəbhədə,

Xalqın gözü cəbhədə.

Qulaqlar şəkli, şəkli

Xəbərlər rəsmi, rəsmi.

Uşaq qeyrəti güzgüsü,

Qarabağ həsrəti, üzgüsü –

balaların şəkli, rəsmi.

 

Cəbhədə qara yellər əsir,

toplar qulaq batırır.

İllərdi Qarabağ əsir.

Bir səbrin partlayışından

Yer titrəyir, göy əsir.

 

Uşaq şəkillərində

düşmənlər üstələnir.

Rənglərlə qələbənin

himni bəstələnir.

 

Qovulur Qarabağdan

Qara niyyət, qara yağı.

Səslənir

ucalır göyə,

Qarabağ şikəstəsi – nəğmə bayrağı.

 

Bir səbrin,

dözümün partlayışı

Qoyur qələbənin himini.

Bəstələyir hünərin,

zəfərin –

Qarabağ himnini!

 

* * *

 

Qarabağ şikəstəsidi

bu gözəlim məmləkət.

Dağlar bizə,

biz dağlara həsrət.

 

 

Şuşanı, Laçını bir də görmədən

ölümə can vermərəm mən –

dayanaram sinə gərib.

Şuşalı, Laçınlı uşaqlar böyüyür,

köçkün şəhərciyində

Qarabağı görmədən – qərib-qərib

 

Nə hərb, nə sülh

dövrünün uşaqları

yuxularında belə görməyib onlar

Qarabağın özünü,

Şuşa, Laçın dağlarını.

Hacısamlı meşəsini,

Şəlvə dərəsini,

Cıdır düzünü.

 

Köçkün şəhərciyində

oğul doğur analar.

O oğullar böyüyüb

Vətəni qoymaz darda.

Yeri gəlsə dönərlər

hər biri bir boz qurda.

 

Köçkün şəhərciyində

üzü ulu, doğma yurda boylanan

boynu bükük

bənövşədir sonalar.

 

Köçkün şəhərciyində

şeir yazır qarabağlı şairlər,

bağrı dağlı şairlər.

Quşlara qoşulub dağlara sarı

Uçmaq, uçmaq istəyir

yazdıqları şeirlər.

 

Köçkün şəhərciyində

şeir yazır Türk oğlu.

Yazdığı şeirlər

Yer üzünə, göy üzünə,

Dünyaya, insanlara

sevgi, məhəbbətlə dolu.

 

 

Baxın qan ləkəsi var

Azadlıq meydanında.

Qan ləkəsi var, şair,

biganələrin ütülü vicdanında.

 

Baxın qan ləkəsi var

şairlərin şeirlərində,

Uşaqların çəkdikləri şəkillərdə.

Baxın qan ləkəsi var,

yaralı könüllərdə.

 

Qan ləkəsi var

Qarabağlı oğlanın

yanıq səsində

Qan ləkəsi var

Qarabağ şikəstəsində.

 

* * *

 

Nə vaxtdı el yerimir

bizim dağlara sarı

Otuz ildi ərimir

əsir dağların qarı.

 

Yuxularda görürəm –

dağ yolu çınqıllı, daşlı.

Yol üstə mələk anam,

yenə gözləri yaşlı.

 

Yol üstündə bir gəlin,

lalə kimi həyalı.

Dağlar yağı əlində,

olubdu dağ xəyalı.

 

Yol üstündə bir uşaq

göz yaşını gizləyir.

Ay-ulduzlu ordunu

qələbəylə gözləyir.

 

Yol üstündə bir şair –

baxır dağlara sarı.

Misraları həsrətdən

Xəzan tək sarı, sarı.

 

Yol üstündə bir ağac –

Ağacda quş yuvası.

O kimdir oxuyur, Tanrım,

səsində qürbət havası.

 

* * *

 

Röyada bir dağ kəndi,

damı, daşı yaralı.

Kəsilib bənd-bərəsi

adamlardan aralı...

 

Ağacların içində

yanıq cökə ağacı.

O da ağac şəhidi

O da ağac qaxacı.

 

Geri dönə bilməyib

ordan keçən durnalar.

Susdurub "Vağzalı”nı

qız köçürən analar.

 

Ürəklərə dar gəlir

sinələrin qəfəsi.

Təsəlli deyil artıq

durna qatarının səsi.

 

Axır ki, bir millətin

Səbri ona dar gəldi.

Qarabağın itkisi

hər insana ar gəldi.

 

* * *

 

Qarabağ şikəstəsidi bu gözəlim məmləkət,

Dağlar oğludu

Laçınlı Əhməd.

İçini didir

bir dəli həsrət.

 

Bir vaxtlar vardı,

bir vaxtlar vardı –

Qarabağı Əhmədə

həm yurddu, həm də yardı.

 

Həkəri çayında axıb getdi Əhmədin

dəli-dolu gəncliyi.

Köçkün şəhərciyində

lövbər saldı dincliyi.

Birtəhər ömür sürür –

nə rahatlığı var, nə də dincliyi.

 

... Qarabağ şikəstəsidi məmləkət

"Aləm cənnətə dönsə

Yaddan çıxmaz Qarabağ”.

 

Yandım-yandım, ay ana,

ölümdən qorxmur Laçınlı Əhməd,

amma qəriblikdə ölmək

çox ağır gəlir ona.

 

O dağlar oğludu,

bəxtsiz, talesiz bir dağlar oğlu.

Qolları açıqdı,

yolları bağlı.

Bir ömür yaşayıb

ağlı-qaralı,

qaralı-ağlı.

 

Qarabağ şikəstəsi oxunanda

qarışır Əhmədin ağlı.

Mələk üzlü anası

dərddən yumağa dönüb

Sıxılıbdı bir küncə.

Hər gün yüz yol ölüb-dirilir

bu zavallı ananın gözlərini görüncə...

 

Ana, ana, ay anam,

saçları bəyazı anam;

həsrəti ayazlı anam

Az qalıb olacaqsan

Qarabağ yazlı, anam.

 

* * *

 

Hələ müharibə şəkilləri

çəkir bizim körpələr

Uzanır Qarabağa

Rəsmlərdən körpülər.

 

Müharibə şəkilləri çəkir

bu gün bizim uşaqlar.

Şəkil, ¬– zəfər yazılır,

Azərbaycan bayrağı.

o yerlərdən asılır.

 

Hər an, hər gün eşidilir

Murovdağdan,

doğma əziz Qarabağdan

Zəfər dolu sorağımız.

Doğma yurdun dağlarında

daha da gur alovlanır

öz odumuz, ocağımız.

 

* * *

 

 

Bir oğul da dönməyir

Yurdunun yad daşına.

Haqqın həqiqətiylə,

Xalqa sədaqətiylə

Qələbə, zəfər yazır;

Tarixin yaddaşına –

Tarix yazan sərkərdəmiz!

 

Hər sözündə, kəlməsində

Ümid var, qətiyyət var

Məğrur baxışlarında

Sevgi var, ləyaqət var.

 

Düz yolu – Heydər yolu,

Öz yolu – Heydər yolu.

Ulu öndərin oğlu

Ucaldır hür səsini.

 

Xalqımın gücüylədir

Xalqımın zəfər yolu.

Yazır Qarabağının

Hünər salnaməsini.

 

* * *

 

Bu gün bir döyüşçüdür

Millətimin əksəri.

Qarabağnamə yazır

Azərbaycan əsgəri!

 

Sənin ilə sona yetsin

bu ayrılıq, bu həsrət.

Sona yetsin bu intizar,

sona yetsin bu möhnət.

Azərbaycan əsgəri!

 

Sənin ilə qarşılarıq

müjdə dolu səhəri

Sən ey cəsur, qorxu bilməz,

Azərbaycan əsgəri!

Sənə qurban bu baş, bu can

Azərbaycan əsgəri!

 

 

Hər an səndən gözləyirik

Qələbəni, zəfəri.

Var ol! Var ol!

Yaşa! Yaşa!

Azərbaycan əsgəri!

 

Şəhidlərin qisasını

alacaqsan bilirəm.

Tarixlərin yaddaşında

qalacaqsan bilirəm.

 

Aman vermə

dəl bağrını düşmənin.

Şərəfləndir tarixini –

Zaman sənin, an sənin.

 

Qoy, kəsilsin torpağımdan

yad ayağı, nəfəsi.

Qoy yayılsın Qarabağdan

bu dünyaya haqq səsin.

 

Qələbəylə açılsın hər səhərin,

Tarixinə qızıl xətlə yazılsın hər zəfərin!

 

Hər an səndən gözləyirik

qələbəni, zəfəri.

Tanrı sənə kömək olsun,

Azərbaycan əsgəri!

 

* * *

 

Müharibə şəkilləri

çəkir bizim uşaqlar,

QARABAĞDI müharibənin adı.

Bu gün bizim bir adımız

Qarabağdı, Qarabağ!!!

 

Ağlamaqla, sızlamaqla

bu dərd çözülən deyil.

Şair dostum, ümidlən

ümid üzülən deyil.

 

Sınaqlara çəkdi bizi,

illər boyu bu həyat.

Vətən, canım sənə qurban!

Başqa bir yol yoxsa artıq

bir yolumuz var – CİHAD!

CİHAD! CİHAD! CİHAD!

 

Dağlar bizi gözləyir

Allah mənə qanad ver

QANAD! QANAD! QANAD!

 

... Hər mərmi bir zəfər toxumu

Ordumuz qələbə əkir.

Uşaqlar da sevincinə boyayıb

Qələbə şəklini çəkir...