adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Noyabr 2020 11:33
53025
MÜSAHİBƏ
A- A+

““Qarabağ şikəstəsi” toxunulmazdır” - MÜSAHİBƏ

 “Muğamlarımızın hamısı gözəldir. Onları ayırmaq olmaz. Bizə muğam ifaçılarımız muğamları necə irs qoyublarsa, biz də gələcək nəsillərə elə ötürməliyik. Muğam ifaçıları, həqiqətən, fədəkar insanlardır. Muğama aludə olan insan ondan ayrıla bilmir. Allah muğamı onu oxuyanların ürəyinə elə yatırır ki, istəsən də, ayrıla bilmirsən. Övladları ki, ata, ana necə seçə bilmirsə, xanəndələr də muğamları eləcə ayıra bilmir”. “Ədalət” qəzetinin qonağı xanəndə, muğam ustası Firuz Səxavətdir.

-Ağdamın Abdal Gülablı kəndindənsiniz. Oraları necə xatırlayırsınız?

­-Bəli, Abdal Gülablı kəndində doğulmuşam, böyümüşəm, əsgərliyə gedənə qədər orada yaşamışam. Bilirsiniz ki, məlum hadisələr 1988-ci ildə başlamışdı, 1990-cı ildə mən əsgər getdikdən sonra daha da qızışdı. Əsgərlikdə olanda kəndimiz işğal olunmuşdu. Sonrakı hadisələr də məlumdur. Məcbur Bakıya gəlib, orada yaşadıq.

-Uşaqlıq illərinizlə bağlı nələr yada düşəndə kövrəlirsiniz?

­-Uşaqlıq illərim bir az öncə dediyim kimi Ağdamda keçib, orta məktəbi orada oxumuşam. Uşaqlıq xatirələri nədən ibarət olar? Məktəb illəri, səfalı yerlər. Bizim kəndimiz, həqiqətən, çox səfalı olub. Orada yaşadığım hər il, gəzdiyim yerlər, meşələr, suyunu içdiyim bulaqlar bir gün də yadımdan çıxmır. Bir gün belə. Bu 30 il ərzində bir ümidim olub ki, biz oraya qayıdacağıq. Şükürlər olsun ki, ümidlərimiz reallaşır.

“Azərbaycanlıların ifa etdiyi kimi muğamı heç kim oxuya bilməz”

-Bu vaxta qədər heç evinizin görüntüsünə internetdən baxmısınız?

-Uşaqlar kəndimizi göstərirdi. Bizim yaşadığımız kənd, hansı ki, meşənin ətəyində idi, oralar dağılmış vəziyyətdədir. Kəndimizin bir az aşağı hissəsində yaşayış var idi. Düzdür, o da tam aydın görünmür, amma internetdə baxanda sezilir.

-Qarabağ həm də xanəndələr məkanıdır...

-Bəli. Qarabağın havası, suyu çox gözəldir. Bizim çox sənətkarlarımız olub və var ki, o torpaqdan çıxıblar. Qarabağın havasını udub, suyunu içib xanəndə kimi yetişən insanlarımız çoxdur. Düzdür, Qarabağdan ictimai-siyasi xadimlər, elm adamları da çıxıb, amma sənət baxımından xanəndələrimiz daha çox olub. Bu da oranın təbiəti ilə bağlıdır. İnsanın yaşadığı mühit onun formalaşmasına təsir göstərir. Qarabağın o qədər keyfiyyətli havası, suyu var ki. Odur ki, Qarabağ xanəndələrinin hər birinin ayrı-ayrılıqda gözəl səsləri mövcuddur.

-Adətən deyirlər ki, muğam fədakar insanların çiynində yaşayır...

-Muğam Allahın bizə bəxş etdiyi ən gözəl musiqi janrıdır. Muğamın tarixi, kökü bəlli deyil. Düzdür, bununla bağlı çox müzakirələr, diskusiyyalar olur, amma heç kim onun dəqiq tarixini deyə bilməz. Muğamın tarixi çox qədimdir. İnsan yaranandan olub, mən belə deyərəm. Düzdür, Şərq ölkələrində də muğamlar var, amma hamı bilir ki, onlar tam püxtələşmiş deyil. Allah Üzeyir Hacıbəyova rəhmət eləsin. Bizim dahi sənətkarımızdır. Allah elə insanları dünyaya yüz ildə bir dəfə bəxş edir. Nə yaxşı ki, Allah Üzeyir bəyi bizə bəxş etdi ki, o da muğamlarımızı sistemləşdirib kitab ərsəyə gətirdi. Azərbaycanlıların ifa etdiyi kimi muğamı heç kim oxuya bilməz. Muğam bir dəryadır. Muğamın konkret bir yeri yoxdur ki, öyrənib gedib orada bitirəsən. Nə qədər öyrənsən də, azdır.

““Segah” kimliyimizi bildirən muğamdır”

-Muğamın müxtəlif ladları var ki, hər bir xanəndənin də ruhuna hansısa biri yaxındır. Firuz müəllim, siz özünüzə hansı muğamı doğma bilirsiniz?

­-Bilirsiniz, muğamlarımızın hamısı gözəldir. Onları ayırmaq olmaz. Bizə muğam ifaçılarımız muğamları necə irs qoyublarsa, biz də gələcək nəsillərə elə ötürməliyik. Muğam ifaçıları, həqiqətən, fədəkar insanlardır. Muğama aludə olan insan ondan ayrıla bilmir. Allah muğamı onu oxuyanların ürəyinə elə yatırır ki, istəsən də, ayrıla bilmirsən. Övladları ki, ata, ana necə seçə bilmirsə, xanəndələr də muğamları eləcə ayıra bilmir. Muğamlarımızın hamısı mənim üçün çox dəyərli, çox əzizdir. Azərbaycan xanəndələri üçün “Segah”ın öz yeri var. Dünyanın çox yerində “Rast” da var, “Şur” da var, amma “Segah” Azərbaycan xanəndələrinə məxsusdur. Görürsünüz ki, Qarabağ xanəndələri daha kövrək, daha duyğulu oxuyur “Segahı”. Çünki “Segah” analarımızın laylasıdır, bizim kimliyimizi bildirən bir muğamdır. “Segah” ladı daha çox bizə yaxındır. Onu oxuyanda daha çox içimizin hayqırtısını, nisgilini biruzə verə bilirik.

­-Qarabağ xanəndələrinin səsində bir yanğı var...

-Tamamilə doğrudur. Böyük sənətkarlarımızın ifalarını dinləyəndə şahidi ola bilərik ki, onların səsində necə bir yanğı var. Bir az öncə dediyim kimi bu torpağın, suyun nəticəsidir. Qarabağ sənətkarlarının səsində bu yanğı hər zaman olub.

-Nə düşünürsünüz, torpaqlarımız işğaldan tam azad olunduqdan sonra “Qarabağ şikəstəsi”nin sözlərində də dəyişiklik etmək lazımdırmı?

­-Xeyr, sözlərin dəyişməsinə ehtiyac yoxdur. “Qarabağ şikəstəsi”nin özü toxunulmazdır, onu dəyişmək olmaz. Qələbədən sonra başqa musiqilər ifa etmək olar, amma “Qarabağ şikəstəsi”nin özü daha gözəldir. Deyirlər ki, muğamlarda improvizə etmək olar, amma mən düşünür ki, olduğunu olduğu kimi saxlamaq lazımdır.

-Bir az da gənc xanəndələrdən danışaq. Gələcəyin Nəzakət xanımı, Mənsum müəllimi, elə Firuz müəllimi yetişirmi? Varmı elə gənclər?

­-Təbii ki, var. Bizdən əvvəlki sənətkarlardan sonra bizim nəsil gəldi, eləcə də bizdən sonra hansısa nəsil gəlir. Bizim xalqımız istedadlı, muğamsevər xalqdır. Çox gözəl gənc xanəndələrimiz var. Hətta balacalar arasında da var. Şükürlər olsun ki, Qarabağımıza geri qayıdırıq. Bu 30 il ərzində mən həmişə deyirdim, Qarabağ xanəndələrinin səslərində bir xanəndə görmürəm. Gənc xanəndələr burada doğulub boya-başa çatıblar, Qarabağın suyunu içməyib, havasını udmayıblar. Ona görə də Qədir müəllim, Arif müəllim, Səxavət müəllimin səsləri kimi səs yox idi. İndi əminliklə deyirəm ki, o səslərdən yenə olacaq. Qarabağa qayıtdıqdan sonra, orada böyüyən uşaqlarda həmin səslər olacaq. Allah Xalqımızı, Ordumuzu qorusun. Allahın izni ilə tezliklə bütün Qarabağımızı yağı düşməndən azad edək.

-“Amin” deyib sizə təşəkkür edirəm. Çox sağ olun ki, dəyərli vaxtınızı ayırdınız.

-Mən sizə təşəkkür edirəm.

Rövşən Tahir