adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
02 Noyabr 2020 10:07
54130
ƏDƏBİYYAT
A- A+

MƏBƏD - BARAT VÜSAL yazır

Sənə bir şey olarsa, onda bil ki, ey Vətən,

Oğlun dara çəkilib...ürəyindən asılıb.

Mənim Azərbaycanım, o üç rəngli bayrağım

Hardan asılsa gördüm,

Ürəyimdən asılıb!

 

Mən ora yer demərəm, yer məbədlik deyilsə,

Adam harda yaşayar, əgər məkan olmasa.

Bu ürəyim sinəmdə əbədilik döyünsə,

Ona ürək demərəm,

Azərbaycan olmasa!

 

Torpağıma bağlıyam, bayrağıma bağlıyam,

Mən gərək yaşadıqca bu sevgidən doymayam!

Qan deyil damarımda belə coşan, çağlayan,

Bayrağımdı çağlayan...

Bayrağımdı oynayan!

 

Bayrağımın ey Vətən, keşikçisi mənəm, mən,

Sənə qurbandır ömür, ona qurbandır ömür.

Bayrağına bükülən şəhid ürəyə dönür,

Döyüşlərə yollanır...

Sinələrdə döyünür!

 

Öz dərdinə-qayğına axı qalmağa nə var,

Yurd dərdini çəkəsən gözdən od yağa-yağa...

Dünyada şeir yazıb, şair olmağa nə var,

Mən gəlmişəm dünyaya

Azərbaycan olmağa!

 

Ürəyimin eşqi var, ürəyimin tabı var,

Hər nə olsa hazıram, ürəyimdən asılı...

Düz tapıblar, bayrağın yerini düz tapıblar,

Vətən, bir bax, bayrağın

Ürəyimdən asılıb!

 

Ürəyimdə oxşaram, gözlərimə təpərəm,

Ey Vətən, ölərəm ki, qoy bayrağım ölməsin.

Qanımı bayrağının üzərinə səpərəm,

Səpərəm ki, heç zaman

Rəngin-rufun solmasın!