Dağbəyi ƏSƏDOV: GEDİRƏM
GEDİRƏM
(vida şeirim)
Nələr bu dünyada qalıb bilirəm
Dünyaya hər şeyi atıb, gedirəm.
Könlüm saz istəyir ovuda bilsəm,
İçimdə Kərəmi çalıb, gedirəm.
Keçmiş xatirələr yadıma düşüb
Şirini acıyla dost eyləmişəm.
Yüzlərlə acını bağrıma basıb
Bir şirin xətrinə çözüb, gedirəm.
Atıram varımı, altun taxtımı
Qızıl Zəngilanı, qızıl baxtımı.
Vətənə getməyə arzu, kamımı
Sizlərə ərməğan qoyub, gedirəm.
Gedirəm, bir daha gəlməyəcəyəm
Heç kəsin xətrinə dəyməyəcəyəm.
Əsayla bir daha gəzməyəcəyəm,
Həblər ürəyimi üzüb, gedirəm.
Arzuma yetişib, kama çatmışam,
Oğluma, qızıma gün ağlamışam.
Vilini, Nizini, Bəhruz qaqamı
Ailəmə səngər qoyub, gedirəm.
Mən daha yaşamaq istəmirəm, Tanrım
Sənə şükür edirəm, ey yaradanım.
Arzuma, kamıma yetişib çatdım
Gedirəm, kabusa dönüb gedirəm.
Xeyirdə, şərlərdə qayıdıb gəlib
Başınız üstündə fırlanacağam.
Sizin dərdinizə şərik olacam,
Ruhum mələklərlə uçub, gedirəm.
Əlvida, əlvida deyirəm, dostlar
Əziz balalarım, yaxın qohumlar
Getməyin vaxtıdı, salamat qalın
Yanan bir çıraqdım, sönüb, gedirəm.
20.06.2019
***
XƏRÇƏNG YARASI
Tanrım bu millətdən əsirgəməyib,
Gözəl bir təbiət bəxş eləyibdir.
Amma o, sonradan bir bəla verib
Əcrini bizlərə çəkdirir, qardaş.
Bu bəla bilinmir yaranıb hardan,
Adı ermənidir, soy-kökü nadan.
O nə İsadandır, nə də Musadan,
İnsanlıqdan uzaq xilqətdir, qardaş.
Bu bəla yaradır – xərçəng yarası,
Düşüb Qafqazımın ana bətninə.
Yoxdur nə dərmanı, nə də davası
Olubdur dünyanın bəlası, qardaş.
Nə yaxşı anandı, nə pis qanandı,
Nə bir insan kimi dinc oturandı.
Hürəyən köpəyin bic balasıdı,
Hərdən ağız atıb, tutandı, qardaş.
Tutandı, dartandı, vartandı nəsli,
Mayası saxtadı, bilinmir əsli.
Əzazil, fitnəkar, xain, xəbisdi,
Aldadıb ər tutan zənandı, qardaş.
1996
***
HƏSRƏT QALASI
Zəngilan həsrəti sinəmə qonub,
Bu gecə mehmanı biz olaydıq kaş!
Başı ağrıyırsa çalması olub,
Dolanıb başına yataydıq, qardaş.
Qalxıb Ağ oyuğun düzünə çıxsam,
Ürəyin od tutub, yanacaq, qardaş,
Üzümü «Yazı»nın dizinə sürtsəm,
Gözlərim nur alıb görəcək, qardaş.
Tanrıdan , fələkdən imdad diləyib,
Süsənin dikinə çıxaydıq, qardaş.
Allahdan bir anlıq möhlət istəyib,
Doyunca yurduma baxaydıq, qardaş.
Kol basıb yolları, cığırlar itib,
Güllü zəmilərdə tikanlar bitib.
Süsənin dikindən Kəhrizə yenib,
O büllur bulaqdan dadaydıq, qardaş.
İz salaq yoluna Fərəcbəylinin,
İsgəndərbəyliyə yol alıb gedək.
Ürəyim istərdi Xasay müəllimin,
Dilindən bir dəvət alaydıq, qardaş.
Çıxaq Belənovun dikində duraq,
Allaha yalvarıb, göyə üz tutaq
Yatmış tənəkləri tutaq, qaldıraq
Can alsın bərəkət çöllərim, qardaş.
Neçə il qövr edib sinəmdə dağı,
İndi gəl, əyilib öpək torpağı.
Bol olsun məhsulu, bostanı, bağı,
Bac alsın Bərəkət ellərim, qardaş.
Gedək Kürrər yolu, yol tapa bilsək,
Çatıb «Nəcəkan»da bir az dincələk.
Kəndimi qocalmış, pərişan görsək,
Dözə biləcəkmi ürəyim, qardaş!
Yenək «Çaxmaqlı»dan, çaylağa düşək,
Əyilib çaylağın daşından öpək.
Deyirəm kaş burda bir daşa dönək,
Olaq doğma yurdun tən daşı, qardaş.
Çaylaqdan yol alıb qəbiristanlığa,
O yolda, sən Allah, bir ayaq saxla!
Dədəmin, nənəmin, qohum-qardaşın,
Ruhunu oxşayıb, ağlayaq, qardaş.
Çatıb qəbirləri, məzar daşları,
Öpüb bir doyunca ağlayaq, qardaş.
Kabus tək ruhları dolaşanların,
Küskün könüllərin alaydıq, qardaş.
Dur gedək, dur gedək, gedək ahəstə,
Xan çinar qapıda gözləyir bizi.
Evə gedən yolda düşüb üz üstə,
Sürünə- sürünə gedəydik, qardaş.
Qarşımda keçilməz qala görürəm
Onu keçə bilib, gedə bilək kaş.
Həyət-bacamızı viranə görsək,
Vücudum od tutub yanacaq, qardaş.
Qalaqlı Zəmiyə adlayıb gedək,
Köhnə kənd yerini ziyarət edək
Xınalı daşlardan bir kətil seçək,
Oturub yurduma baxaydıq, qardaş.
Gedək kənd dərəyə, orda köküm var,
Əsədin, Səmədin orda ruhu var.
Bizi qarşılayır nənəmiz Bahar,
Alıb qucağında yatırar, qardaş.
O üstün açacaq bir həqiqətin,
İran xəfiyyəsi, o nadan kəsin.
Müdhiş bir gecədə babam Əsədin,
Qətlinə fərmanın deyəcək, qardaş.
Gəl gedək, dincələk Yaqub bağında,
Bu gözəl yurdumun xan oylağında.
Yaqub bulağının lap qırağında,
Bir nahar süfrəsi açaydıq, qardaş.
Xan Əhməd babamın yurduna gedək,
Onun torpağından, daşından öpək.
O soyuq bulağın suyundan içək,
Bəlkə də ömrümüz uzandı, qardaş.
Bu bir xəyal idi, xəyal kimiyəm,
Mən taram, kamanam, royal kimiyəm,
Dəryada sükansız gəmi kimiyəm,
Hara gedəsiyəm, bilmirəm, qardaş.
Mən Dədə Qorqudun soy-kökündənəm,
Qolları bağlanmış Tural kimiyəm.
Yuvası dağılmış qartal kimiyəm,
Hara qayıdacam, bilmirəm, qardaş.
Ürəyim tələsir, ürəyim gedir,
Doğma yurd həsrəti sinəmi didir.
Süsənim, Hərtizim yuxumdan getmir,
Gedən ömrümüzün günüdür, qardaş.
Dağbəyi bilir ki, gedəcək bir gün,
Həsrət qalasını keçəcək bir gün.
Ana vətənində öləcək bir gün,
Bir ovuc torpağa dönəcək, qardaş.
Sovrulub yurdumun dağ-dərəsinə,
Təzədən dünyaya gələcək, qardaş.
1996.
***
YURD HƏSRƏTİ
Neçə ildi əsarətdə inlədin,
Eşidən yox, ah-naləni, Zəngilan.
Taleyini sarı simdə köklədin,
Çalan gərək fəryadını, Zəngilan.
Ucalardan uca durub uzaqdan,
Əlim çatmır ətəyinə o elin…
Gözlərimdə qaranlıqdır Zəngilan
Görünməyən bir ümmandır Zəngilan.
Araz boyu qatar gedir, səs salır,
Xəyal məni o yerlərə aparır.
Vallah, məni bu dərd yaman ağrıdır,
Qorxuram ki, yolda qalam, Zəngilan.
Qanad alıb o yerlərə uçaydım,
Süsənimin sinəsinə qonaydım.
Torpağından kündə tutub yayaydım,
Ruzini tək mən yeyəydim, Zəngilan.
Mən arandan, sənsə dağdan boylanan,
Bir həsrətik bəlkə gəldim bir zaman,
Babadağdan, Savalandan boylanan,
Bəlkə səni görə bildim, Zəngilan.
Neçə ildir yazıq qalıb ellərim,
Bağçalarda solub, qalıb güllərim,
Axşam, səhər uzalıdır əllərim,
Tanrı bizi görüşdürə, Zəngilan.
1999