adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Oktyabr 2020 12:58
128975
ƏDƏBİYYAT
A- A+

Ağ tutu Aşot yeməyəcək! - Yaqut Bahadurqızı yazır

Esse

 

Rayonumuza pənah gətirən köçkünlər arasında zəngilanlı Mehdi dayı vardı. Küçələri, idarələri dolaşar, xırda-mırda şeylər, nə bilim corab, ülgüc, iynə-sap… satardı. Şalvarının ətəyini corabının içinə salar, yayda şəpik, qışda qaloş geyərdi. Qışın şaxtasından, yayın istisindən yanıb mis rəngində olan üzü daima tüklü olardı. Qaş-qabaqlı sifətindən qaramatlıq tökülərdi. Ancaq miskin görkəmli bu kişi heç kəsi qıcıqlandırmazdı, əksinə hamı onunla alver edərdi.

          Bir dəfə iş otağıma girib:

          - Oxley, xəlbir, milçək dərmanı, urşul … - deyə qışqırdı. Zatən, qışqırmasa da,  səsi bərk çıxardı.

          - Nə xəbər, Mehdi dayı, qulağım batdı. Bəs kitab satmırsan? Stolumun üstündəki kitabları gözdən keçirib təklifsiz oturdu.

          - Bir şeir deyimmi?

          - De!

          Ard -arda 2-3 şeir söylədi. Diqqətlə qulaq asdığımı görüb bir az da həvəsləndi. Sonuncu şeirdə kövrəldi. Belə bitirdi həmin şeir:

...Oyan a bakkuş satan,

Oyan , a saqqız satan,

Ağ tutu Aşot yeyir!

          Şeirin havası məni elə tutmuşdu ki, qeyri-ixtiyari bir misra da mən söyləmişdim:

Oyan, a millət satan!

Oyan , a torpaq satan!

Oyan , a qeyrət satan!

Milləti xiffət yeyir!

          Ondan sonra Mehdi kişi ilə dostlaşdıq. Hərdən kövrələ-kövrələ  dərdləşərdi mənimlə. Qaraqabaq , yazıq görkəmli Mehdi  kişinin, sən demə, iki ali təhsili varmış... Təzə nə yazsaydı, mənə oxuyardı. Hər dəfə də xırda bir şey alardım ki, könlü xoş olsun. Xasiyyətinə xas olmayan utancaqlıqla: - Qonaq ol, - deyərdi.                                                                               
          Dünyasını dəyişsə də, Mehdi dayını tez-tez xatırlayıram, xüsusən də “Oyan!” şeirini.

          Dədə-baba yurduna qayıtmaq ümidi ilə yaşayan, nisgili ilə ölən Mehdi dayı indi sağ olsaydı yəqin şerlərinin motivi dəyişərdi. İşğaldan azad olunmuş yurdundan – Zəngilandan, ard-arda zəfər çalan ordumuzdan yazardı... Ruhun şad olsun, Mehdi kişi, daha ağ tutu Aşot yeməyəcək...

 

 

Yaqut Bahadurqızı

Filologiya üzrə fəlsəfə doktoru