adalet.az header logo
  • Bakı 7°C
30 Oktyabr 2020 10:35
14565
MƏMLƏKƏT
A- A+

Azərbaycanda 18 yaşadək nikaha daxil olanların sayı artıb

Azərbaycanda son 4 il ərzində 18 yaşadək rəsmi nikah bağlayan qadınların sayı artıb.

Adalet.az-ın məlumatına görə, 2016-cı ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 312, bəylərin sayı 3, 2017-ci ildə gəlinlərin sayı 317, bəylərin sayı isə 1 nəfər olub.

2018-ci ildə nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı 338 (18 yaşadək oğlanların nikaha daxil olması baş verməyib), 2019-cu ildə nikaha daxil olan 18 yaşadək gəlinlərin sayı 366 nəfər, bəylərin sayı 1 olub.

Ümumilikdə Azərbaycanda 2011-ci ilədək nikahları rəsmi qeydə alınmış 18 yaşadək gəlinlərin sayı daha çox olub. Yalnız 2011-ci ildə ölkədə 18 yaşadək nikaha daxil olan gəlinlərin sayı 5138 nəfər, bəylərin sayı 11 nəfər olub.

2011-ci ildən sonra 18 yaşadək nikaha daxil olanların sayında nəzərəçarpacaq dərəcədə azalmanın müşahidə olunmasının əsas səbəbi Azərbaycanda ailə qurmaq üçün minimum yaş həddinin kişilərdə və qadınlarda 18 yaş müəyyən olunmasıdır.

Qeyd edək ki, Uşaq Hüquqları Haqqında Konvensiyaya uyğun olaraq, yaşı 18-dək olan hər bir insan uşaq sayılır.

Azərbaycanda nikah yaşı 18-dir. Lakin bəzi üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Bu səbəblər daha çox nikaha girmək istəyən tərəflərin ailə vəziyyətləri ilə bağlı olur. Məsələn, onların valideynləri ağır (ölümcül) xəstə olduqda, qız hamilə olduqda və s. hallarda tərəflər 17 yaşında nikaha daxil ola bilərlər.