adalet.az header logo
  • Bakı 7°C
29 Oktyabr 2020 23:31
29160
SİYASƏT
A- A+

Pakistan daim Azərbaycanın yanındadır - Bilal Haye

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə görüşüb

DMX-dən Adalet.az-a verilən məlumata görə, Vüsal Hüseynov səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və Pakistan İslam Respublikasının Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk dövlətlərdən biri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində dost ölkənin hər zaman Azərbaycanın yanında olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Xidmət rəisi bu günlərdə Peşəvərdəki mədrəsədə baş verən terror aktı ilə əlaqədar günahsız insanların öldürülməsi və yaralanması ilə bağlı səfirə dərin hüznlə başsağlığı verib. Bildirib ki, hazırda Ermənistanın terror və işğalçılıq siyasətinə qarşı haqq mübarizəsi aparan Azərbaycan dövləti hər zaman sülhün və əmin-amanlığın tərəfində olub. Lakin beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsiz yanaşan Ermənistan dövləti bu gün də cinayət tərkibli çirkin əməllərindən əl çəkmir. Bugünədək bədxah qonşularımız Gəncə, Bərdə şəhərlərində, bir çox yaşayış məntəqələrində mülki əhaliyə qarşı terror aktları həyata keçirib. Dinc sakinlərə qarşı raket artilleriyası hücumları nəticəsində indiyədək ümumilikdə 92 nəfər qətlə yetirilib, 380-i yaralanıb.

Vüsal Hüseynov, həmçinin diqqətə çatdırıb ki, Bərdədə törədilən növbəti terror nəticəsində 21 dinc sakin həlak olub, 70-ə yaxını yaralanıb. Bu fakt bir daha sübut edir ki, döyüş meydanında mövqelərini itirən Ermənistan ordusu çıxış yolunu yalnız mülki əhaliyə qarşı yönəlmiş cinayətdə görür.

Xidmət rəisi Dövlət Miqrasiya Xidmətinin fəaliyyət istiqamətləri və pandemiyanın ilk günlərindən əcnəbilərə göstərilən elektron xidmətlər barədə də ətraflı məlumat verib.

Səfir Bilal Haye səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. Ölkəsinin hər zaman Azərbaycanı dəstəklədiyini və qarşılıqlı əlaqələrin bundan sonra da inkişafı istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb. Pakistanın daim qardaş ölkə Azərbaycanın yanında olduğunu bildirib.

Sonda Azərbaycan və Pakistan arasında miqrasiya sahəsində gələcək əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.