adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
29 Oktyabr 2020 16:36
35988
MƏMLƏKƏT
A- A+

"Qarabağ  Azərbaycanındır,  nida!"

Hələ XIX əsrin əvvəllərində rusiyalı diplomat Qriboyedov çara məktubunda Türkiyə, İran, Suriya və digər bölgələrdən fitnələrinə görə qovulan ermənilərin məhz Azərbaycan torpaqlarında məskunlaşdırmalarını belə əsaslandırmışdı: "Əlahəzrət, biz, bizə tanış olmayan bir toplumu Azərbaycanda məskunlaşdırmaq üçün yerli əhalinin sakit və səbirli olmasını da nəzərə almışıq". Az sonra tarix də sübut etdi ki, Qriboyedov və onun təmsil etdiyi Rusiya diplamatiyası bizi bizdən daha yaxşı tanıyırmış. Törətdiyi fitnə və xəyanətlərə görə qovulan və ruslar üçün müəmmalı olan bu toplum, 100 il ərzində tarixi Azərbaycan ərazisində bir dövlət və Sovet Azərbaycanı tərkibində bir muxtar vilayət qurdu. Bu az imiş kimi, onlar məskunlaşdırıldığı ərazilərdən yerli əhalini (azərbaycanlıları) tədricən çıxararaq həmin bölgədə monoetnik bir cəmiyyətin təşəkkülünə də nail oldular.

Nəticə göz qabağında. Hələ də davam edən 31 illik münaqişədən sonra işğal edilən ərazilərimizdə maddi-mənəvi, dini-dünyəvi dəyərlərimiz həm məhv edilir, həm də  qriqoryanlaşdırılır. Bu müddət ərzində bir milyon qaçqın və köçkünlərimizin bir hissəsi  artıq dünyasını dəyişib. 31 il ərzində dünyaya gələn qarabağlılar isə əslən qarabağlı olsalar da, fəqət, o yerləri görmədikləri üçün, Qarabağ yanğısını valideynləri kimi daşıya bilməzlər. Deməli, zaman bu dəfə də bizim yox, ermənilərin xeyrinə işləyir.

 

ATƏM, ATƏT nə verdi?

 

Məlumdur ki, Qarabağ probleminin həll edilməsi üçün daha çox sülh və hərb variantlarının mümkünlüyü müzakirə olunur. Sülh yolu Azərbaycana faydalı olduğu qədər, Ermənistana da faydalıdır. Belə olduqda Ermənistan həm də beynəlxalq aləmdə təhlükəsiz bölgə kimi tanınıb inkişaf edə bilər. Lakin işğal edilən torpaqların Dağlıq Qarabağa muxtariyyat verməklə sülh yolu ilə qaytarılmasına hansı erməni prezidenti razılıq verər?!

Münaqişənin sülh yolu ilə - Azərbaycan və Ermənistanın seçdiyi format üzrə çözülməsi beynəlxalq qurum vasitəsilə dəstəklənib. Bu məqsədlə 1992-ci ildə ATƏM-in iştirakının

vacibliyi müzakirə olunub. Az sonra - 1994-cü il ildə ATƏM-in həmsədrlik institutu təsis edilib. 1997-ci ildən sülhməramlı adlanan bu qurum ATƏT-in Minsk Qrupu adı ilə bu günə kimi fəaliyyət göstərir.

ATƏM və ATƏT-in vasitəçiliyinə Azərbaycanın razılıq verməsi keçən əsrin 90-cı illərinin tələbındən irəli gəlirdi. Həmin dövrdə SSRİ qoşunlarının köməyi ilə torpaqlarımızı işğal edən Ermənistana qarşı gücümüz yetərli deyildi. Beynəlxalq informasiya və lobbi dəstəyi də Ermənistan tərəfində idi. Azərbaycana isə özünü toparlamaq üçün vaxt lazım idi. Mərhum prezident H.Əliyev ATƏM-in (sonradan ATƏT) sülhməramlılarının fəaliyyətinə razılıq verərkən vaxt udmuşdu. Digər tərəfdən, o, həm də karbohidrogen ehtiyatları ilə zəngin olan Azərbaycanı təhlükəsiz, stabil ölkə olduğunu dünyaya göstərirdi. Nəticədə xarici investorların ölkəmizdəki fəaliyyətinə şərait yaradıldı. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" buna bariz nümunədir. Göründüyü kimi, həmin dövrdə atəşkəsə nail olmaq və bunun ardınca xarici şirkətləri ölkəmizə cəlb etmək həm Azərbaycanın müdafiə qabiliyyətinin möhkəmlənsinə, həm də digər sahələrin inkişafına zəmin yaratdı...

Qeyd edək ki, həmin uzaqgörən siyasətə görə, müasir Azərbaycanda balanslaşdırılmış siyasət, güclü iqtisadiyyat və ordu, xalqla Prezidentin həmrəyliyi mövcuddur. Artıq dünya da bilir ki, müasir Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Deməli, həm də ölkəmizin büdcəsi ilə maliyyələşən, fəqət torpaqlarımızın geri qaytarılmasında heç bir əməli rolu olmayan bu vasitəçi qurumdan gec də olsa imtinanın vaxtıdır.

 

Zaman sülhün alternativini diktə edir

 

26 illik fəaliyyətinin səmərəsiz olduğunu anlayan ATƏT indi iki ölkə jurnalist və din xadimərinin görüşünü təklif edir. Halbuki, təşkilat özü də bilir ki, yaxın keçmişdə olan belə görüşlər də heç bir nəticə verməyib. Beynəlxalq hüquq və beynəlxalq münasibətlər sisteminin işləmədiyi bir zamanda belə görüşlərdən nə gözləmək olar?

Deməli, Azərbaycan hazırki Minsk Qrupundan imtina etməli və münaqişənin həlli üçün ya BMT (təşkilatın məlum beş qətnaməsi var ), ya da ən azı bir müsəlman ölkəsi olmaqla yeni təmsilçilərin vasitəçiliyinə nail olmalıdır. Belə sülhməramlı, ədalətli və prinsipial qrup yaranmazsa və ya onun da fəaliyyəti qənaətbəxş olmazsa, onda Azərbaycan dünyaya bəyan etməlidir ki, o, beynəlxalq hüquqa söykənərək torpaqlarını işğal edən erməni terror və separatizminə qarşı alternativi olmayan hərb yolunu seçir.

Ölkədaxili bəzi mühafizəkar dairələr hesab edirlər ki, Qarabağ uğrunda Vətən müharibəsinə başlasaq, Rusiya Ermənistanın strateji müttəfiqi kimi Azərbaycana qarşı vuruşacaq. Əvvəla, qondarma "DQR"-i müstəqil dövlət kimi tanımayan Rusiya, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü rəsmən qəbul edib. İkincisi, Rusiya Ermənistanla müttəfiqdir; rəsmən qəbul etmədiyi, tanımadığı psevdo "DQR"-lə yox. Üçüncüsü, Rusiya heç bir ölkənin rəsmən tanımadığı oyuncaq quruma görə, beynəlxalq hüququn haqlı saydığı tərəfə - Azərbaycana qarşı müharibəyə girişməz. Bu, onsuz da işğalçı kimi qınanan Rusiyanın beynəlxalq aləmdə nüfuzunun çökməsini daha da dərinləşdirər.

Bəzi dövlət rəhbərləri və siyasilər isə təklif edirlər ki, münaqişənin həll yolu 2 dövlət başçısının vasitəçi olmadan öz aralarında razılaşması ilə mümkündür. Sual olunur: Vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda erməni tərəfi qeyri-konstruktiv mövqe tutursa, o, ikitərəfli danışıqlarda konstruktiv mövqedən çıxış edərmi. Əsla yox!

Göründüyü kimi, 26 illik fəaliyyəti (fəaliyyətsizliyi) dövründə vasitəçi rolunu oynayan Minsk Qrupunun faydalı iş əmsalı sıfır olub. Həmin səbəbdən bu təsisatın xidmətindən imtina edib, ölkənin suverenliyi və ərazi bütövlüyü naminə təxirəsalınmaz əməli tədbirlərlə yanaşı, cəmiyyəti Vətənin müdafiəsinə - münaqişənin hərb variantına hazırlamaq lazımdır. Bunun üçün həm də:

1) Mətbuatın bütün növləri ölkə daxilində və xaricdə söz sahibi olmalı, xarici ölkələrdə aparılan siyasi şou verilişlərində erməni yalanını ifşa etməli, xarici dillərdə ölkəmizin həqiqətlərini dünyaya tanıdan jurnalistlər, şərhçilər hazırlanmalıdır. Bu və ya digər tədbirlərin həyata keçirilməsinin aktuallığının fərqinə varmaq üçün təkcə Rusiya TV-də canfəşanlıq edən erməni jurnalist və siyasilərin fəaliyyətini izləmək kifayətdir...

2) XİN, Diaspor üzrə Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, İdman və Gənclər Nazirliyi, xarici ölkələrdəki səfirliklərimiz, qeyri-hökumət təşkilatları və başqa qurumlar, eləcə də bu ölkənin havasını udan, suyunu içən, çörəyini yeyən hər birimiz fəaliyyıtimizi  hərb rejminə uyğunlaşdırmalıyıq. Uyğunlaşdırmalıyıq ona görə ki, tarixi ərazimizin 80%-ni, 1989-cu ildən sonra isə 20%-ni itirib, bir milyon qaçqın və köçkünü olan acı bir durumdayıq. Bu durumdan çıxmağın yeganə yolu isə, itirilmiş Qarabağı hər birimizin şərəf və ləyaqətinə bir qəsd olduğunu dərk edib, sülhlə qaytarılmayan ləyaqətimizi hərblə qaytarmaqdır. Məncə Paşinyanın sülhə hesablanmayan "noqtə"sinə Prezident İ. Əliyevin:"Qarabağ Azərbaycanındır, nida"sı da, məhz bu məqamdan xəbər verir.

 

Malik Mahmudov

Beyləqan rayon Qeydiyyat şöbəsinin rəisi