Aqil ABBAS: DƏMŞALAX 

AQİL ABBAS
169795 | 2020-11-03 12:35

Əslində  ədəbi dil  normalarına görə bu söz «dəmşalaq» kimi yazılmalıdı.  Amma bu sözü ən çox ağdamlılar işlətdiyinə görə, onların  ləhcəsində yazdım.

«Dəmşalax» nədi? Özüm ədəbiyyatçı olmasına baxmayaraq, bu sözün ədəbi dildə  və ədəbiyyatda işləndiyini bilmirəm, amma mən özüm  işlədirəm.

Ağdamda  dəmşalax  kimə deyirdilər? Dilimizdə səfeh var, axmaq var, təlxək var, sarsaq var, düşük var, quşbeyin var, gicbəsər var.

Ağdamlılar  bütün  bunların  toplusuna «dəmşalax» deyirlər. Deməli , kimə dəmşalax desələr  həmin adam həm sarsaqdı, həm axmaqdı, həm quşbeyindi və sair və ilaxır.

Məsələn, Dostoyevskinin «İdiot» əsərinin  adını «Səfeh» kimi  tərcümə ediblər. Əslində əsəri oxuyanda görürsən ki, qəhrəman idiot deyil ey, dəmşalaxdı.

İndi Ermənistanın baş naziri dəmşalaxdı. Hətta dəmşalaxlar kimi  rəqs edir, dəmşalaxlar kimi  danışır. Müsahibə verəndə də  dəmşalaxlar kimi  müsahibə verir.  Yalnız dəmşalaxlar bir-iki günün içində öz fikrini  dörd-beş dəfə  dəyişə bilər. Yalnız dəmşalaxlar özü dura-dura  arvadının  əlinə silah verib harasa göndərə bilər. Yalnız dəmşalaxlar onu başından  eləmək  istəyən insanlara (dünya liderlərinə) tez-tez  zəhlələrini töküb telefon  aça bilər.

Ağdamlıların bir ifadəsi də var, bunu ən çox Rəşad Məcid işlədir: «Ə, pəpişqulu».

Baxıram ki, Rəşad Məcidin nəvəsi İpək iki gündən, üç gündən bir facebookda maraqlı çıxışlar  edir.

Srağagün  yenə bir  videosuna baxdım və güldüm.  Babasının «pəpişqulu» ifadəsini öz bildiyi  kimi dedi:

- Sən bizə şərt qoyurdun, Pəpişyan?!

Və bu gərginlikdə xeyli güldüm.

«Face»də  Rəşad Məcidin  səhifəsini  açın və İpək balanın həmin çıxışına baxın və bir az  ürəyiniz  açılsın.

Pəpişyan özü haqqında bütün  ifadələri  eşidib və sonda eşidəcəyi  ifadə də  dəmşalaxdı!

TƏQVİM / ARXİV