adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

Aqil ABBAS: ÖNLƏRİNDƏ BAŞ ƏYİLƏSİ İNSANLAR!

AQİL ABBAS
54637 | 2020-10-28 14:07

Bir hospitaldayam. Hansı hospital olduğu vacib deyil. Yaralı əsgərlərimizlə görüşürəm.
Hamısının bir arzusu var: tez sağalıb yenidən döyüşə atılmaq.


İki qəribə hadisənin şahidi oldum. Tibb bacısı əsgərin ayaqlarını yuyur. Bu vaxt əsgərin anası
girdi palataya və bunu görüb tibb bacısını qucaqlayıb ağladı:


- Saa qurban olum, ay qızım.


Tibb bacısı:


- Mən də bu oğullara qurban olum.


Bir az keçmiş başqa bir tibb bacısı başıalovlu baş həkimi axtarır.


Baş həkim:

- Nolub, ay qızım?


- Həkim, üçüncü palatada bir yaralı əsgər qaçıb.


- Hara qaçıb, necə qaçıb?


- Yanına döyüşçü dostları gəlmişdi, onlara qoşulub qaçıb. Bir dənə də məktub qoyub.
Baş həkim məktubu alıb oxuyur.


«Mənim iki ayağım və sağ qolum sağdı. Mənim qardaşlarım ön cəbhədə düşmənlə vuruşur.
Mən onları tək qoya bilmərəm. Getdim ön cəbhəyə, məni bağışlayın».


Yaralı əsgərlərin ana və atalarına!


Hörmətli analar və atalar!


Xəstəxanalarımızda və hospitallarımızda sizin o yaralı balalarınıza həkimlər, tibb bacıları elə bir
qayğıyla, elə bir diqqətlə yanaşırlar ki!


Mən o övladları yetişdirən sizlərin və həmin övladlara öz qardaşları, balaları kimi qayğı
göstərən tibb işçilərinin önündə baş əyirəm!


Özü də and olsun Həzrət Abbasa, yuxarıda qeyd etdiyim kimi, hamısının bir arzusu var – tezliklə
yenidən döyüşə atılmaq!


Və sonda. Şəkil paylaşmağı sevmirəm və heç kəsə də məsləhət görmürəm.

TƏQVİM / ARXİV