adalet.az header logo
  • Bakı 17°C
28 Oktyabr 2020 13:39
45937
MƏDƏNİYYƏT
A- A+

“Xalqımız yumruq kimi birləşib” - AÇIQLAMA

“Ordumuz, həqiqətən, çox güclüdür. Peşəkar, nizam-intizamlı kadrlarla zəngin, müasir texnika, ağıllı strategiyaya malik Ordumuzla yalnız qürur duymaq olar. Həm mənəvi, həm də fiziki çəhətdən hazırlıqlı olan hər bir əsgərimizlə fəxr edirəm. Məni qürurlandıran odur ki, əsgərlərimiz  döyüşə gülərək, sevinərək, böyük ruh yüksəkliyi ilə gedirlər. Baxmayaraq ki, müharibə özlüyündə çox pisdir, arzuolunmazdır, böyük itkilər bahasına başa gəlir, amma əsgərlərimiz haqq yolunda döyüşdüklərini bilir və  bu onlara güc-qüvvət verir. İlqar Fəhmi demişkən, dünən başını telefondan qaldırmayan uşaqlar, bir neçə günün içində cəbhədə böyüyüb kişi oldular. Bu çox qürurvericidir. Ali Baş Komandan Ordumuzun arxasında bir sipər kimidir, əlindən gələni əsirgəmir ki, əsgərlər orada ürəklə döyüşə bilsinlər. Cənab Prezindent çalşır ki, əsgərlərin rifahı yaxşı olsun.

Bu günlərdə xalqımız  həmrəylik nümayiş etdirib, bir yumruq kimi birləşibdir. Hər kəs Orduya nəyləsə  kömək etməyə çalışır. Hər kəs bacardığı qədər dəstək olur. İnsanlarımız  işlədikləri sahədə daha məsuliyyətli olmağa çalışırlar. Baxmayaraq ki, dünyada pandemiya hökm sürür, bunun da öz çətinlikləri var və bizdə də öz əksini tapır. Amma  bu günlərdə hər bir kəsin, uşaqdan tutmuş böyüyə kimi işinə, təhsilinə  vicdanla yanaşması, həqiqətən, bu xalqın böyüklüyündən xəbər verir. Biz bütün gücümüzlə Orduya dəstək olmağa hazırıq və həmişə Ordumuzun yanındayıq.

Qələbə xəbərlərini aldıgım zaman keçirdiyim hissləri sözlə ifadə etməkdə acizəm. Hər dəfə sevincdən məni qəhər boğur. Bu,  başqa bir hissdir. Heç vaxt yaşamadığım bir hiss. Bilirsiniz, insanın həyatında hansısa sevincli günləri, anları olur. Uşaqlıqda hansısa çox sevdiyin oyuncaq səni xoşbəxt edir, sonra məktəbə gedirsən, universitet tələbəsi olanda qürurlanırsan, oranı  bitirib sevdiyin işlə məşğul olursan, sonra ailə qurursan, həyatın daha anlamlı olur, daha sonra bir valideyn kimi övladlarının arzularının həyata keçməsinin şahidi olursan, sevinirsən. Düşünürəm ki, bu sevinclərin hər biri daha cılızmış, evimizin qapısından kənara çıxmırmış. Amma qələbə xəbərinin sevinci bütöv Azərbaycan boydaymış. Daha möhtəşəm, müqəddəs hiss imiş. Sözlə ifadə olunmayacaq böyük hiss imiş. Mənə yaşatdıqları bu  gözəl hisslərə  görə  torpaqlarımız uğrunda döyüşən əsgərlərimizin hər birinin qarşısında baş əyirəm. Şəhidərimiz də var. Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun”.

Bu sözləri “Ədalət” qəzetinə açıqlamasında Gənc Tamaşaçılar Teatrının aktrisası Zemfira xanım Əbdülsəmədova deyib:

“Düzdür, bu  günlərdə şahidi olduğum hadisələr (Gəncənin, Tərtərin, Bərdənin və digər ərazilərin vurulması) var ki, onlar məni də çox sarsıdır. Ermənilərin xislətini onsuz da yaxşı  bilirdim. Tarix boyu xalqımıza qarşı etdikləri  vəhşi, insanlıqdan uzaq alçaq hərəkətlərini  indi də davam etdirirlər. Biz görmüşük, düşmən döyüş meydanında döyüşər. Amma bunların gücü dinc əhaliyə çatır. Şəhərləri, kəndləri bombayırlar, neçə günahsız körpənin ölümünə bais olurlar, məzarlığa mərmi atırlar. Bu vandalizmdir. İnsan, əgər onlara insan demək olarsa, gərək nə qədər şərəfsiz, murdar, qansız olsun ki, bu hərəkətləri edə bilsin. Əgər kimsə bunu edə bilirsə, bir  körpəyə əl qaldırırsa, qadına, qocaya qıyırsa, demək  o insan deyil.

Mən özüm Bakıda doğulub boya-başa çatmışam. Azərbaycanın demək olar ki, bütün bölgələrini gəzmişəm. O cümlədən, Qarabağı gedib görmək xoşbəxtliyi  də nəsib olub. 1985 il idi. O zaman teatrımızla bərabər Şuşaya qastrola getmişdik. O yerlərin təbiətini, gözəlliyini tərif etməyə sözüm yetməz. Laçında oldum, Ağdamın Abdal Gülablı kəndində qonaqpərvər, sadə insanların qonağı oldum.  İstisuda soyuq bulaqlardan su içdim, Kəlbəcərdə  qayaların, daşların min bir rəngini gördüm. Cıdır düzündə oldum, o qədər hündürlükdə sanki yerə yaşıl xalça salınmışdı. Möcüzə idi. İsa bulağında, meşənin içində xanəndələrin ifa etdikləri muğamları dinlədim. Ən unutmadığım an isə Şuşadan öz əllərimlə dərdiyim Xarıbülbül çiçəyi oldu. Qayıtdığımda evdə güldanda  bir xeyli qaldı Xarıbülbül. İnşaAllah tezliklə bütöv Qarabağımızı düşmən işğalından azad edərik. Tezliklə Şuşada tamaşa olmayacağımız günü səbirsizliklə gözləyirəm. Allah cəbhədəki əsgərlərimizi qorusun. İnşaAllah, hər kəs evinə, eşiyinə sağ-salamat qayıtsın. Amin. Bütün xalqıma minnətdarlıq borcum var. Allah xalqımızı qorusun”.

Rövşən Tahir.