adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
28 Oktyabr 2020 12:32
40222
MƏDƏNİYYƏT
A- A+

““Dolu” filmindəki obrazımın memarı Elxan müəllimdir” - MÜSAHİBƏ

“Film kollektiv işidir. Bir filmin uğurlu alınması bir nəfərin zəhməti sayəsində baş verə bilməz. Filmin rejissoru çox böyük faktordur. Ona görə rejissordan başlayaraq bütün heyət uğurlu olmalıdır, komanda yaxşı çalışmalı, yaxşı hazırlaşmalıdır. Rejissor güclü olmalıdır, daha sonra onun seçdiyi aktyorlar güclü olmalıdır, bütünlükdə isə komanda güclü olmaldır. İş prosesində heç kim işi axsatmamalıdır”. “Ədalət” qəzetinin qonağı aktyor Elvin Əhmədovdur.

-Söhbətimizə elə baş rolu canlandırdığınız “Dolu” filmindən başlayaq. Bax bu filmdə ən maraqlı məqamlara toxunaq...

-“Dolu” filmində ən maraqlı məqamlardan biri əvvəlcə rejissor assistenti işləməyim, sonradan təsadüfən baş rolda çəkilməyim olub. Təqribən ay yarım baş rolda çəkilmişəm, bundan əvvəl-filmin hazırlıq dövründə isə rejissor assistenti kimi çalışmışam. Etiraf edim ki, uzun müddət oynadığım obraza Elxan müəllimlə aktyor da axtarmışıq. Xeyli axtarışlardan sonra Elxan müəllim dedi ki, elə baş rol sənə uyğundur. Digər maraqlı məqamlardan biri də heç bir təcrübəm olmadığı halda sol əllə qumbaraatandan istifadə etməyim olub. Bir də ölüm səhnəsi haqqında danışım. Bu barədə müsahibələrimdən birində də açıqlama vermişdim. Ölüm səhnəsində filmin bütün yaradıcı heyəti təsirlənmişdi. Mən bunu heç bir filmdə görməmişəm.

“Ölkəmizdə kino sektoru inkişaf etməyib”

-Dünyada bu gün ən pis filmin tamaşaçısı ən yaxşı kitabın oxucusundan çoxdur. Hazırda ölkəmizdə kinoların inkişaf səviyyəsi nə yerdədir?

-Azərbaycanda kinolar varmı? Fikrimcə, yoxdur. Hələ ki, ölkəmizdə kino sektoru inkişaf etməyib. Amerikasından tutmuş Türkiyəyə qədər bütün ölkələrdə filmləri siyasi silah kimi istifadə edirlər. Biz maksimum buna tərəf yönəlməliyik. Haradan başlamalıyıq, deyə bilmərəm, amma yönəlməliyik. Azərbaycan kinosunun miqdarının sayını artırmalıyıq. Kino dayanmadan çəkilməlidir.

-Müxtəlif obrazları canlandırmısınız. Bu obrazlar içərisində sizə ən doğma hansıdır?

­-10 ildir ki, sənətdəyəm. Bu illər ərzində çox obrazları canlandırmışam. “Dolu” filmində Pələng, “Savaşçı” serialında Məmmədəmin Əlizadə və bir də müxtəlif seriallarda fərqli obrazları oynamışam. Bu obrazların arasında Hikmət Zamanov, Şahbaz bəy, Emin və digərləri var. Obrazlarımın hər birini sevirəm. Hər biri mənə doğmadır. Böyük obrazlardan tutmuş kiçik obrazlara qədər heç birinin arasında ayrıseçkilik etmirəm. Obrazlarım arasında ayrıseçkiliyi tamaşaçı edə bilər. Tamaşaşı ən çox sevdiyi obrazı deyə bilər. Mənə qalanda isə obrazlarımın hamısını sevirəm.

“Önəmli olan nə reytinqdir, nə də mesaj ötürmək”

-“Dolu” filmində canlandırdığınız obraz ilə izləyicilərin sevgisini qazandınız. Obrazın bu qədər uğurlu alınmasının səbəbi nə idi? Elvin Əhmədovun özü?

­-Bu filmdəki obrazımın sevilməsinin səbəbini özümə bağlasam, yalnış olar. Yəni desəm ki, obraz Elvin Əhmədovdan asılı olaraq belə uğurlu alınıb, səhv səslənər. Belə olan halda ədalətsiz danışaram. Bilirsiniz ki, filmin rejissoru Elxan Cəfərovdur. Onunla mən bu rolu demək olar ki, çiyin-çiyinə oynamışam. Obrazı canlandırmağım üçün mənə çox köməkliklər edib. Düzdür, ekranda tamaşaçı məni görür, mənim oyunumu görür, mənim üzümü görür, amma Elxan müəllimin böyük bir töhvəsi var. Mən onu diqqətlə dinləmişəm, hərəkətlərinə fikir vermişəm. Zənnimcə, “Dolu” filmindəki obrazımın memarı Elxan müəllimdir.

-Mövzunu bir az dəyişək. Elvin bəy üçün reytinq önəmlidir, yoxsa hansısa bir mesajı ötürmək?

-Nə reytinq önəmli deyil, nə də tamaşaçıya bir mesaj ötürmək. Tamaşaçıya hansısa bir mesajın ötürülməsi ilə ssenari müəllifi çalışmalıdır. Odur ki, ssenarist yazdığı ssenaridə kütləyə mesaj ötürə biləcəyi şeyləri yazmalıdır və onları düzgün şəkildə tamaşaçıya çatdırmalıdır. Aktyor üçün önəmli olan nə reytinqdir, nə də mesaj ötürmək. Reytinq qazanmaq işin qeyri-ciddiliyindən xəbər verir. Aktyor üçün birinci növbədə sənət, yaradıcılıq vacib olmalıdır. Aktyor obrazı düzgün canlandırıb sevdirməlidir, insanları inandırmalıdır.

“Hamı filmin uğuru üçün çalışmalıdır”

-Oynadığını rollara əvvəlcədən hazırlaşırsınız?

-Bəli, əvvəlcədən hazırlaşıram. Amma bir şey də var, bu ssenarini əzbərləməkdən ibarət deyil. Yəni oturub ssenari əzbərləmirəm. Bu obrazın xarekteri ilə tanış olmaqdır, obrazı mənəvi cəhətdən tanımaqdır. Psixoloji cəhətdən özümü hazırlayıram, obrazla tanış oluram. Bütün bunlar ssenari oxuya-oxuya baş verir. Əvvəlcədən bu cür hazırlaşıram. Çəkiliş meydançasında heç bir problem yaşanmaması üçün öncədən bu kimi məqamlara diqqət yetirmək lazımdır.

-Sonuncu sualımı verim, filmin uğurlu alınması nədən asılıdır?

-Bildiyiniz kimi, film kollektiv işidir. Bir filmin uğurlu alınması bir nəfərin zəhməti sayəsində baş verə bilməz. Filmin rejissoru çox böyük faktordur. Ona görə rejissordan başlayaraq bütün heyət uğurlu olmalıdır, komanda yaxşı çalışmalı, yaxşı hazırlaşmalıdır. Rejissor güclü olmalıdır, daha sonra onun seçdiyi aktyorlar güclü olmalıdır, bütünlükdə isə komanda güclü olmaldır. İş prosesində heç kim işi axsatmamalıdır. Əksinə hamı filmin uğuru üçün çalışmalıdır. Bir sözlə, komanda üzvləri birlikdə işləyib bir-birinə dəstək olmalıdırlar.

-Təşəkkür edirəm ki, dəyərli vaxtınızı ayırdınız.

-Mən də sizə minnətdaram.

Rövşən Tahir