adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

DÖYMƏDƏN AÇILAN QAPI

FƏRİDƏ RƏHİMLİ
67394 | 2013-06-22 01:23
Xırdalanda Poçt şöbəsinin qarşısında qurulmuş çadırları görəndə əvvəl içimdən "Allah rəhmət eləsin!" kəlməsi keçdi. Fərqli quruluş, kondisionerli rahatlığı görəndə isə, "yəqin imkanlı adammış rəhmətlik" fikirləşdim. Yaxınlaşanda isə yas məclisi olmadığını görüb maraqlandım. "Asan xidmət"di, dedilər. Əhalinin rahatlığı üçün yerlərdə fəaliyyət göstərirlər. Elə oradaca şəxsiyyət vəsiqəmi verib, dəyişmək üçün nə lazım olduğunu soruşdum: Üstünüzdə şəkliniz varsa, daha heç nə lazım deyil, yoxdursa, beş dəqiqəyə çəkib verəcəklər, dedilər. Sanki nağıllar aləminə düşmüşdüm. Bir saatın içində şəkil çəkildi, ərizələr dolduruldu, şəxsiyyət vəsiqəsinin üzü çıxarıldı və bunlar hamısını işçilərin özləri bütün nəzakət qaydalarına riayət etməklə həll etdilər. Hava isti olduğundan vətəndaşlara pulsuz su təklif edilirdi. Təcili yardım maşınları həkimləri ilə bu xidmətdən sevinərək yararlananların sağlamlığının keşiyində idilər.
Xidmətin oradakı məsul şəxsinə yaxınlaşıb, bu möhtəşəm iş haqda soruşdum. Gənc kadr bülbül kimi ötərək fəaliyyətləri haqda danışdı:
"ASAN xidmət" mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012 - ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılmışdır.
Mərkəz dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.
"ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir.
Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur.
"ASAN xidmət" mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.
Düzü, bu barədə eşidəndə, inanmamışdım. Gözdən pərdə asmaq üçün o qədər belə elanlara, reklamlara, çıxışlara rast gəlmişik ki... Mətləbə gələndə deyilənlərin yalnız söz, özünüreklam xatirinə olduğunu anlayıb, inamım, etibarım qalmamışdı. Bu dəfə isə bambaşqa mənzərə idi. Oturduğum bir - iki saatın ərzində elə rahatlıq, huzur içindəydim ki... Növbəmin nə vaxt çatdığını bilmədim. Adətən hər hansı kütləvi işlərdə basabasın, dava - dalaşın, qanqaraçılığın şahidi olursan. Burada isə əsl xəyalında olduğum xidmət növü fəaliyyətdə idi. Sənədi təqdim edirsən və nəzakətlə təklif olunan yerdə əyləşib, verdikləri növbə vaxtını gözləyirsən. Hamının görə biləcəyi yerdə asılan lövhədə müxtəlif sənədlərə görə dövlət rüsumu, növbələrin xatırlanması, hansı kabinələrdə yerlərin boşalması haqda vətəndaşa bilgilər verilir və hər kəs rahatca sənədlərinə qol çəkərək məmnunluqla oranı tərk edirdi.
Düşüncələrin qoynunda, saatlarca günəşin yandırıcı şüaları altında pasport dəyişmək üçün növbədə dayandığımı, oğlumun şəxsiyyət vəsiqəsi almaq üçün günlərlə növbəyə düşə bilməyib əsəbiləşərək sənədlərini vermədən oradan uzaqlaşmasını, bacımın öz halal həyət torpağının yarısını satmaq istəyilə üç il(!) "get - gəl"lə bir qovluq sənəd toplayaq, Abşeron Rayon Daşınmaz Əmlakın Dövlət Reyestri İdarəsinə ayaq döyməsini və yalnız məsələyə ölkənin birinci xanımının qarışmasından sonra məsələnin bir saatda həll olunmasını, sovet dövründən qalma əmanətlərin qaytarılması zamanı bankların qarşısındakı saçyolduları, başyarmaları, tanışlıqla arxa qapıdan keçmələri, zəng edərək içəri alınmaları... bircə - bircə xatırladım.
Bəlkə də bunu reklam yazısı zənn edənlər var, amma onların indiki məqamda həqiqətən, reklama ehtiyacları yoxdur və işlərini vicdanla yerinə yetirirlər. "Asan xidmət"ə yaxınlaşsanız, hər şeyin dediyim kimi şəffaf olduğunun şahidi olarsınız. Ən əhəmiyyətlisi isə odur ki, bu xidmət insanların ayaqlarına gəlir. Adı düzgün seçilmiş bu xidmət növünün Azərbaycanda analoqu yoxdur.
Bu sətirləri oxuyan hər kəs yəqin ki, ömründə bir dəfə də olsa, süründürməçiliklə, korrupsiya ilə, rüşvətxorluqla qarşılaşıblar. Hazırlanması beş dəqiqəyə mümkün olan sənəd üçün beş gün, hətta beş ay ayaq döyüblər. Mən çox rastlaşmışam, çox əsəbiləşmişəm bu məsələlərə görə. Ömrümün çox hissəsi belə ədalətsizliklərə əsəblə, təəssüflə keçib. Dövlət idarəsinin divarında vurulmuş bildirişdə az miqdarda olan rüsumların yaş barmaqla silinib, görünməz hala salınması və vətəndaşdan on qatının istənilməsi barədə yazmışdım bir dəfə. Bütün bu, olanlara görə məni bu qədər təəssüratlandırdı bu xidmətin fəaliyyəti.
Yalnız minnətdarlıq bildirmək istəyirəm, bu rahatlığı əhali üçün yaradan vicdanlı adamlara. Kaş ki, dövlətimizin bütün strukturlarında bu keyfiyyətdə iş rejimi fəaliyyət göstərəydi və rüşvətin, korrupsiyanın kökünü kəsmək üçün bu cür alternativ yollara əl atmaq lazım olmayaydı.
P.S. Mənə maraqlıdı, "Asan xidmət" sayəsində neçə məmurun çörəyi kəsilib?
Fəridə RƏHİMLİ
[email protected]

TƏQVİM / ARXİV