adalet.az header logo
  • Bakı 13°C
23 Oktyabr 2020 22:14
19429
MƏMLƏKƏT
A- A+

Qoşqar Təhməzli Yaponiyanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yaponiyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüşüb.

AQTA-dan Adalet.az-a verilən məlumata görə, Q.Təhməzli səfiri ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və ona uğurlar arzulayıb. Görüş zamanı Qoşqar Təhməzli səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə ətraflı məlumat verib. Humanitar atəşkəs barədə razılıq əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından kənarda yerləşən yaşayış məntəqələrinə hücumları, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri nəticəsində mülki əhalinin həlak olmasını diqqətə çatdırıb.

AQTA sədri qeyd edib ki, Azərbaycan Ordusu ölkəmizin hüdudları çərçivəsində düşmənə qarşı uğurlu əks-hücumlar həyata keçirərək, işğal altında olan torpaqlarımızın bir hissəsini azad edib. Bu, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünü bərpa etmək məqsədi daşıyır. Bildirib ki, rəşadətli Azərbaycan Ordusu tərəfindən Ermənistanın hərbi təcavüzünə qarşı keçirilən əməliyyatlar nəticəsində işğaldan azad olunan ərazilərdə çəkilən kadrlar Ermənistanın uzun illər həyata keçirdiyi ekoloji terror nəticəsində həmin ərazilərdə bitki örtüyünün çox hissəsinin məhv edildiyini aydın göstərir.

AQTA sədri səfir V. Cüniçiyə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən respublikamızın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda istehsal edilən qida məhsullarının Ermənistan tərəfindən bəzi ölkələrə ixracı və qanunsuz satışının həyata keçirilməsinin qarşısının alınması istiqamətində görülən tədbirlər barədə məlumat verib.

Q.Təhməzli ölkəmizin Yaponiya ilə əlaqələrin inkişafına hər zaman xüsusi əhəmiyyət verdiyini və əməkdaşlığı genişləndirmək istiqamətində addımlar atıldığını diqqətə çatdırıb.

Görüşdə qonağa ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlar barədə məlumat verilib. Qeyd olunub ki, Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində qida məhsullarının izlənilməsi sisteminin təşkili, qida təhlükəsizliyi (heyvan və qeyri-heyvan mənşəli), fitosanitar və baytarlıq sertifikatlarının qarşılıqlı tanınması, qida təhlükəsizliyi riskləri, heyvan və bitki xəstəlikləri zamanı baş verə biləcək risklərin elmi tədqiqatlarının aparılması, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) tələblərinə uyğun olaraq, iki ölkə arasında məlumat mübadiləsinin həyata keçirilməsi, bir tərəfin ərazisindən digər tərəfin ərazisinə idxal, ixrac və tranzit zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alınması üçün lazımi tədbirlərin həyata keçirilməsi, qida təhlükəsizliyi və heyvan xəstəliklərinin diaqnostikası üzrə təcrübə mübadiləsinin aparılması istiqamətində Yaponiyanın aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq etməkdə maraqlıdır. Sözügedən istiqamətlər üzrə müvafiq müddəaların 21 noyabr 2019-cu il tarixində Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilmiş Azərbaycan Respublikası və Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 10-cu birgə iclasının protokoluna daxil edildiyi səfir V. Cüniçinin diqqətinə çatdırılıb.

Səfir V.Cüniçi Azərbaycanda diplomatik fəaliyyəti dövründə qida təhlükəsizliyi sahəsində əməkdaşlıq və ikitərəfli əlaqələrin geniş müstəvidə təşkili üçün səylərini artırmaq əzmində olduğunu vurğulayıb.

Görüşdə iki ölkə arasında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasında qida məhsullarının ticarət dövriyyəsinin artırılması məqsədilə “Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” və “Bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Saziş layihələrinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanaraq Yaponiya tərəfinə göndərildiyi barədə məlumat verilib. Səfir ölkəsinin bu sahələrdə hüquqi çərçivənin yaradılmasında maraqlı olduğunu vurğulayıb.

V.Cüniçi səmimi görüşə görə təşəkkür edib, diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasındakı münasibətlərin hərtərəfli inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.