adalet.az header logo
  • Bakı 16°C
23 Oktyabr 2020 12:01
74989
ƏDƏBİYYAT
A- A+

CAVAD XAN HAQQINDA YENİ KİTAB NƏŞR EDİLİB

Azərbaycanın böyük sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökümdarı Cavad xan təkcə Gəncənin deyil, ölkəmizin qəhrəmanlıq tarixində çox şərəfli yer tutur. Onun qəhrəmanlığı haqqında bir sıra ədəbi əsərlər yazılmış, film çəkilmiş, elmi-tədqiqat işləri aparılmışdır. Gəncənin Ziyadoğlu-Qacar nəsli və onun qəhrəman nümayəndəsi, vətən uğrunda qeyri-bərabər döyüşdə şəhid olmuş Cavad xan haqqında tarixi mənbələrə əsaslanan daha bir kitab nəşr edilmişdir. 

AMEA-nın Gəncə Bölməsi və Əlyazmaları İnstitutu arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən hazırlanmış “Gəncə hökümdarı Cavad xan və Ziyadoğlu-Qacar nəsli” adlı kitab Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin “Elm” nəşriyyatında çap edilmişdir. Gəncənin Ziyadoğlu-Qacar nəsli və onun qəhrəman nümayəndəsi, vətən uğrunda qeyri-bərabər döyüşdə şəhid olmuş Cavad xandan bəhs edən kitab mötəbər tarixi mənbələrə əsaslanır, kitabda Gəncənin Ziyadoğlu-Qacaq nəsli və onun qəhrəman nümayəndəsi, vətən uğrunda şəhid olmuş Cavad xan haqqında tarixi mənbələrə əsaslanan məlumat verilmişdir. Layihənin rəhbəri AMEA Gəncə Bölməsinin sədsri, akademik Fuad Əliyev, elmi redaktoru filologiya elmləri doktoru Xəlil Yusifli, rəyçi akademik Teymur Kərimlidir. Kitabın tərtibatçısı, fars dilindən tərcümənin və şərhlərin müəllifi, AMEA-nın Əlyazmaları İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır. Yeni nəşr üzərində geniş elmi araşdırmalar aparılmış, Cavad xan haqqında İranda nəşr olunan kitablar və arxivlərdə saxlanan sənədlərdən istifadə olunmuşdur. Qədim şəhərdə yaşayıb işləyən tarixçi alimlərlə əməkdaşlıq, o cümlədən də qəhrəmanın həmyerlilərinin rəy və təklifləri, foto və arxiv sənədləri yeni kitabın elmi sanbalını daha da artırmışdır. Cavad xan Ziyadoğlu-Qacar Gəncə xanlğının sonuncu hökümdarıdır. Onun ömrünün ilk illərinə və cavanlıq dövrünə aidtəəssüf ki, zəngin məlumat yoxdur. Kitabın nəşrində məqsəd həm Cavad xanın həyatı və qəhrəmanlığı haqqında oxucu kütləsini daha geniş məlumatlandırmaq, həm də xalqımızda vətənə məhəbbət hissinin, xüsusilə də gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsinə təkan verməkdir. Xüsusilə indiki dövrdə, müharibə şəraitində yaşadığımız bir vaxtda bu çox önəmlidir. Yeni toplu Cavad xanın azadlıq və müstəqillik mübarizəsi tarixini araşdıran tədqiqatçılar üçün də qiymətli mənbədir. Ümumiyyətlə, Cavad xanın həyatı və mübarizəsihaqqında kitabların nəşri təkcə Gəncənin deyil, Azərbaycanın qəhrəmanlıq tarixinin öyrənilməsi və təbliği üçün çox mühüm əhəmiyyət kəsb edir. Qacarlar tayfasının ən böyük nəsillərindən olan Ziyadoğluların Azərbaycan torpağının qorunmasında xüsusi yeri vardır, canını və istismara qarşı, azad və müstəqil yaşamaq uğrunda mübarizədə qurban vermiş Gəncə hökümdarı Cavad xan isə bu nəslin parlayan mirvarisidir. Qəhrəman hökmdar özündən say və silah-sursat baxımından qat-qat güclü olan işğalçı qoşunun qarşısını almaqdanötrü qeyri-bərabər döyüşə atılaraq şəhid olmaqla adını Azərbaycan xalqının istiqlal mübarizəsi tarixinə qızıl hərflərlə yazdırmışdır. Məlum hadisələrdən sonra rus hakimiyyəti, istər çar dövründə, istərsə də bolşeviklərin vaxtında həm Cavad xanın, həm də Gəncə şəhərinin adını belə çəkməyi yasaqlamışdı. Lakin Azərbaycan xalqı öz tarixini unutmamış və XX əsrin sonlarında azadlıq bayrağını qaldıran zaman ilk əməllərindən biri Gəncəyə doğma adının qaytarılması və Cavad xan haqqında həqiqətin geniş şəkildə yayılması olmuşdur. Onun ibrətamiz həyatı və qəhrəman mübarizəsi haqqında tədqiqatlar aparılmış, məqalələr dərc olunmuş, bir neçə əsər, o cümlədən Ənvər Çingizoğlunun çox dəyərli məlumat ehtiva edən “Ziyadoğlu Qacarlar” kitabı nəşr edilmişdir. Yeni kitabın hazırlanmasında əsas məqsədCavad xanın hələ tam tədqiq edilməmiş həyatı və mübarizəsi haqqında Azərbaycan oxucusunun təəssüratını daha da zənginləşdirməkdir. Toplu iki hissədən ibarətdir. Birinci hissədə son illərdə İranda işıq üzü görmüş iki kitabın və internet saytında dərc olunmuş ayrı-ayrı məqalələrin icmalı fars dilindən tərcümə edilərək yerləşdirilmişdir. İran tədqiqatçıları Bəhmən Mirzə Qacarın nəvəsi Məhəmmədəli Bəhməni Qacarın, Cavad xanın nəvə-nəticələrindən olan Huşəng Talenin, Hüseyn Əhmədinin və Rəhim Rəisnianın qədim tarixi mənbələrə əsaslanmışaraşdırmaları böyük əhəmiyyət kəsb edir. İranda işıq üzü görən kitabların əldə edilməsinə təbrizli ustad Mohəmməd Amin Sultan Ol-Qurraiyə yaxından kömək etmişdir. 

Azərbaycan tədqiqatçılarının yazıları, o cümlədən uzun illər ərzində Cavad xanın əcdadı Uğurlu xan Gəncəvinin yaradıcılığını tədqiq etmiş mərhum şərqşünas Firəngiz Xəlilovanın məqaləsi, gəncəli tədqiqatçı Elnur Həsənovun Cavad xanın səcərə tarixi ilə bağlı məqaləsi, tarixçi İlqar Niftəliyevin Gəncə xanlığının Ziyadoğlular tərəfindən idarəedilməsi tarixinə həsr olunmuş məqaləsi və şərqşünas Hacı Rauf Şeyxzamanlının Cavad xanın qardaşı Fətəli bəy haqqında yazdığı məqalə də kitabın birinci hissəsinə daxil edilmişdir. Kitabın ikinci hissəsində Cavad xanın Sisianova yazdığı məktubun mətni dərc edilmişdir. 

Həmin məktub xalqımızın qəhrəmanlıq tarixinin ən parlaq səhifələrindəndir, xalqına inanan, onun azad, müstəqil yaşamaq ehtirasından güc alan rəhbərin qətiyyətinin təntənəsidir. “...Biz də döyüşə hazırıq. Əgər öz topundan və topxanadan danışırsansa, Allahın lütfündən bizim toplarımız sizinkindən az deyil. Sizin topunuz bir gəzdirsə 1 , bizim topumuz üç gəz və dörd gəzdir. Qələbə Allahın əlindədir. Haradan məlum oldu ki, siz qızılbaşlardan cəsursunuz? Siz öz davanızı görmüsünüz, amma qızılbaşların davasını görməmisiniz. Yazmısan ki, döyüşə hazırsan. Biz sizin Şəmsəddinluya gəlib bizim camaatımızı özünüzə tabe etdiyiniz vaxtdan bu günədək tədarük görüb davaya hazırlaşırıq. Döyüşəcəksənsə, gəl döyüşək. Yazmısan ki, əgər sənin sözünü qəbul etməsəm, başım çox bəlalar görəcəkdir. Biz isə o fikirdəyik ki, Siz o xəyalla gəlmisiniz, amma Sizi Peterburqdan buraya gətirən elə Sizin qara bəxtinizdir...” Heç təsadüfi deyildir ki, Cavad xanın məktubu Dağlıq Qarabağ uğrunda bu günkü müharibəmizdə ölkə başçısı ilə xalqımızın sıx birliyinin tarixi köklərindən xəbər verir. İkinci bölmədə Cavad xanın qəhrəmanlığını tərənnüm edən Əbdürrəhman Ağanın və gəncəli şairə Fəridə Əliyarbəylinin mənzum əsərləri, Adil xan Ziyadoğlu-Qacarın (Ziyadxanovun) “Qələmin uçuşu” adlı kitabın bir bölümü və Adil xanın rəhbərliyi altında Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyətinin 1920-ci ildə İrana rəsmi səfəri barədə o vaxtkı İran mətbuatında dərc olunmuş xəbərlər də yer almışdır. Topluya tarixi şəxsiyyətlər, dövlət adamları və sərkərdələr, həmin dövr hadisələrində adı keçən müxtəlif ölkələrin imperator, hökümdar və hərbçiləri haqqında qısa ensiklopedik məluumatlar da daxil edilmişdir. Kitab Cavad xanın keşməkeşli həyatı və qəhrəmanlıq mübarizəsi tarixini daha dərindən və əhatəli araşdırmaq üçün qiymətli elmi mənbə, həm də geniş oxucu kütləsi üçün sanballı töhfədir.

Vaqif TANRIVERDİYEV 

Gəncə.