adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
21 Oktyabr 2020 17:21
77488
MÜSAHİBƏ
A- A+

Cavid həmişə xəlqimizin xatirindədir,

Vahid, o yoxsa, ruhi ilə həmvətənlərik

Hər ilin oktyabr ayında  ümummilli liderimiz Heydər Əliyevin  təşəbbüsü, xeyir-duası, qayğısı ilə uzaq Sibirin əlçatmaz yerlərindən Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavidin cənazəsinin qalıqlarının doğma yurdu Naxçıvana gətirilməsi kimi şərəfli bir işə rəhbərlik edən Həmid Cəfərovla “Şərqin Şekspiri” sayılan  böyük dramaturqumuzla bağlı tədbirlərdə görüşərdik. Bu il isə Həmid müəllimlə  bağ evində görüşdük. Görüşümüz Azərbaycan Ordususun, onun Ali Baş Komandanının tarix yazdığı günlərə təsadüf etdiyindən  "Cavidi çiynində gətirən kişi"nin də simasında yüksək əhval-ruhiyyə var idi.  Məlum pandemiya ilə əlaqədar kütləvi tədbirlərin keçirilməməsindən, o cümlədən Cavidlər ayı sayılan oktyabrın “sönük olmasından” tədbirlərə qatılmaq təşnəsi ilə yaşayan  Həmid müəllimlə   söhbətimizin elə ilk dəqiqələrindən hiss etdim ki, həmişə olduğu kimi o yenə də böyük Cavidin ruhu ilə üz-üzədir.   

  “Vətənimizin taleyüklü günlər yaşadığı,  tarxi sınaqlar qarşısında qaldığı bir məqamda Cavid bizə nə deyir?”  - ilk sualıma cavabında Həmid müəllim böyük filosofun sənət dünyasına üz tutdu:   

- Neçə müddətdir ki, 10 milyonluq  Azərbaycan xalqı möhtərəm prezidentimiz İlham Əliyevin ətrafında bir yumruq kimi birləşibdir. Sanki xalq bu həmrəyliyi ilə   Cavidin


         Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!

         Yatma artıq, yetər… Dəyişdi zaman;
         … Çoq əzildin, yetər, ər oğlu, ər o

        Çırpınıb çareyi-xilas ara, bul!
 

çağırışına səs verir.

Nə xoşdur ki, Cavidlər ayı sayılan oktyabr ayı bu il tarximizə şanlı səhifələr yazır, qələbələr ayı kimi tarixə düşür. Bu gün möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə  ata-baba yurdlarımız düşmənin qanlı əllərindən geri alınır. Möhtərəm Prezidentimiz   tarixin yaddaşında əbədi bir şöhrət qazanır,  Koroğlunun, Babəkin, Şah İsmayılın adı kimi onun adı dillərdə dastan olur. İlham Əliyev xalq qəhrəmanı kimi qəlblərdə taxt qurur. Onun Ali Baş Komandan olduğu Azərbaycan ordusunun əsgər və gizirləri,  zabit  və generalları zəfər yürüşləri ilə şanlı tarix yazırlar. Bütün qələbələrimizin kökündə təbii ki, vətənpərvərlik, vətənə sevgi durur. Elə Hüseyn Cavid yaradıcılığının ana xəttində   də vətənpərvərlik mövzusu həmişə öndə durub.

Hüseyn Cavidiə bağlı dəyərli alimlərimizin tədqiqatlarından bəllidir ki, böyük ədibin yaradıcılığının əsas qayəsi gənc nəslə vətənpərvərlik hisslərini aşılamaq olub.  Vətənpərvər şair Hüseyn Cavid özünün məs­lək eşqinə, əqidəsinə müvafiq bütün həyatı və yaradıcılığı boyu izlədiyi vətən­pər­vər­lik ideyasını yeni forma, yeni məzmunla ifadə edib. O, və­tən­pər­vər­lik haq­qın­da söy­lənilən fikirləri daha da zənginləşdirib, sözün əsl mənasında onu ən yüksək mər­hə­­ləyə qaldırıb. Hüseyn Cavidin vətən­pər­vər qayəli əsər­lə­ri­ haqqında elmi tədqiqatlarda haqlı olaraq qeyd olunur ki, onun və­tən­pərvərlik ide­ya­ları zo­rakılığa, is­tis­ma­ra, ədalətsizliyə, cəhalətə, nadanlığa qar­şı çevrilib. Cavidin 1907 və 1917-ci illərdə «Vətən» mövzusuna müraciət etməsi məhz döv­rün ictimai-siyasi hadisələri ilə bağlı idi.  Hüseyn Cavidin bir sıra əsərləri onu sübut edir ki, şair-müəl­­­lim gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına böyük əhə­miy­yət verib. Onun vətənpərvərlik hissləri aşılayan əsərlərinin tədqiqi göstərir ki, vətənpərvərlik Hüseyn Cavidə görə gənc nəslin Vətənin tərəqqisinə, səadətinə, onun əmək­çi insanlarına, di­linə, mədəniyyətinə şüurlu sədaqət və məhəbbət, əgər lazım gələrsə canını belə və­tən uğrunda əsirgəməmək ruhunda tərbiyə olunmasından iba­rətdir.

                                                                    

    Bən yetişdim atəşlə su

     Öpüşdüyü bir ölkədən
 

kimi vətən sevgili mis­raların müəllifi olan Hüseyn Cavidin  şeirlərində odlar diyarı Azərbaycan özünün zəngin təbiəti, dum­du­ru, göz yaşı kimi axan sərin bulaqları, qövsi-qüzeh, otları, çiçəkləri, gül­lə­ri, ağac­la­rı,  gözəl ormanları, əməksevər insanları   oxucunun gözü qarşısında canlanır. Cavidin bu cür Vətən sevgili şeirləri bu gün bizi Azərbaycanın hər bir qarış torpağının qədrini bilməyə, onu qorumağa səsləyir. Təsadüfi deyil ki, millətin milli mənəvi dəyərlərinə hücum olunan zaman Hüseyn Cavid tarixə müraciət edib və “Peyğəmbər” əsərini ərsəyə gətirib, türkün tarixi və torpağı hədəf seçilən zaman isə o, “Topal Teymur”u yazıb. Biz onun yaradıcılığında tarixi köklərə bağlılığın, Vətənə sədaqətin təcəssümünü görürük. Hesab edirəm ki, bu cür möhtəşəm tarixi əsərləri ilə Hüseyn Cavid də bu gün   Azərbaycanın ərazi bütövlüyü uğrunda mübariz aparır.

 Hüseyn Cavid qeyd edirdi ki, hər bir   şəxs vətənin, xalqın azad, xoş gə­lə­­cəyi uğrunda fəal, ciddi mübarizə aparmalıdır. Onun məqsədi məhz vətən öv­lad­larından vətəni, xalqı müdafiə edən mərd, mübariz vətənpərvər yetişdirmək idi.

- Xoşbəxtlikdən bu gün minlərlə vətən övladları Ali Baş Komandanın ətrafında sız birləşərək dədə-baba yurdlarını işğaldan azad etməyə tam səfərbərdirlər və onlar bu gün döyüş bölgələrində rəşadətli xidmətləri ilə mənfur düşmənə sarsıdıcı zərbələr vururlar.

- Bəli, bu gün biz müzəffər ordumuzla fəxr edirik. Bu  günkü qələbələrimiz Cavidin fərəh hissi ilə  yazdığı  «Səyavuş» əsərini xatırladır:

                     Yurdumuzu çignəyən
                     Sayğısız hər kim olsa.
                     İnan ki, çoq sürmədən,
                     Diz çökəcək qarşıda.
                     

                     Bizdə dəmir biləklər,
                     Çəlik qollar az deyil;
                     Saldırıcı, hünərvər
                     Mərd oğullar az deyil.

 

- Həmid müəllim, hamıya məlumdur ki, türkçülük məfkurəsinin dirçəlişinə, Turan elinin milli təfəkkürünün oyanışı uğrunda çalışan böyük türk övladı olaraq Hüseyn Cavid bütün varlığı ilə  qardaş Türkiyəyə bağlı olub. Türkiyəyə sevgisindən müəyyən sıxıntılar da  yaşayıb. Fəqət, zaman göstərdi ki, fədakar söz ustadı bu möhtəşəm sevgisində yanılmayıb. Elə bu gün apardığımız Vətən müharibəsi də göstərir ki, Azərbaycan tək deyil. Türkiyə Azərbaycanın yanındadır.

- Bəli, Hüseyn Cavid  Türkçülük ideyalarının alovlu tərənnümçülərindən biri idi. Cavid üçün türklük bir bütöv idi, tam idi. Cavidin anlamında ideal anlayışı Türkün birliyidir. Onun Türk birliyinə səsləyən, 1917-ci ildə yazdığı "Hərb və fəlakət" şeirində də bunu görürük:

 

...Nə zaman kişnəsəydi Türkün atı,

Qırılırdı bir ölkənin qanadı.

Həp krallar, prenslər, xanlar,

Ulu şahlar, kibirli xaqanlar,

 

Papalar, həp xəlifələr hər gün,

Diz çökərlərdi Türkə qarşı bütün.

Arkadaş, yoldaş! Ey vətəndaş, oyan!

Yatma artıq, yetər... Dəyişdi zaman.

Şaşırıb, durma böylə... Bir aydın

İdeal arxasınca qoş, çırpın!

Səni qurtarsa, qurtarar Birlik,

Çünki birlikdədir, fəqət Dirilik!

 

            Məfz bu birlik Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasına yol açdı.

Möhtərəm prezidentimiz cənab İlham Əliyevin “Əgər toqquşmaların ilk saatlarında Türkiyədən bu dəqiq mesajlar gəlməsəydibəlkə də bu işlərə başqaları qarışa bilərdiTürkiyənin bu mesajları hər kəsə “dur” dediAzərbaycan tək deyilTürkiyə işin sonuna qədər Azərbaycanın yanındadır kimi son olaylarla bağlı söylədiyi fikirlərdə də bu birliyin əzəmətini bir daha hiss etdik …   

 

  • Bəli, bu son savaşlarda da Hüseyn Cavidin

 

Türk oğlu sözündən dönməz,
Məhv olur da, sürüklənməz!

 

kimi müdrük kəlamı öz tarixi gerçəkliyini tapdı. Azərbaycan-Türkiyə dostluqu zirvələrə ucaldı. Türkiyə özünün qəti, dönməz mövqeyini ortalığa qoydu.

 

- Həmid müəllim, Ermənistanın dinc sakinləri - uşaqlar, qadınlar və ahılları qətlə yetirməsinin hərbi cinayət olduğu heç kimə sirr deyil. Ermənilər yenə də öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozurlar. Humanitar atəşkəsin əldə olunmasından sonra işğalçı tərəfindən Gəncə və Mingəçevir şəhərlərinin, digər yaşayış məntəqələrinin raket atəşinə tutulması, çoxmənzilli yaşayış binasına atəş açılması və mülki əhalinin hədəf alınması mənfur düşmənin təcavüzkar siyasətindən əl çəkmədiyinin bariz  göstəricisidir.  Bu vəhşiliklərə Cavidin münasibəti necə olardı?

- İlk olaraq qeyd edim ki, bütün dünyanın gözü önündə baş verən, insanlığa qarşı barbarlıq və vəhşiliyi açıq şəkildə əks etdirən bu hadisələrə və azərbaycanlılara qarşı yönəlmiş müharibə cinayətlərinə hüquqi müstəvidə qiymət verilməlidir. Beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən elan olunmuş humanitar atəşkəsi kobud şəkildə pozan Ermənistan rəhbərliyi törətdiyi cinayətlərə görə tam məsuliyyət daşıyaraq layiqli cəzasını almalı, beynəlxalq ictimaiyyət qarşısında cavab verməlidir. “Bu vəhşiliklərə Cavid nə deyərdi” sualınıza isə cavab olaraq bildirim ki, ulu Cavid sanki onillikləri qabaqlayaraq Azərbaycan torpağında törədilən bu vəhşiliklərin müəlliflərini görərək deyirdi:

İblis nədir? – Cümlə xəyanətlərə bais!
Ya hər kəsə xain olan insan nədir? – İblis!

Təəssüflər ki, bu gün Ermənistanın təcavüzkar dövlət olmasına, işğalçılıq siyasəti yürütməsinə açıq-aşkar göz yumulur. Dünya birliyinin hələ də səssiz qalması Azərbaycan xalqının bir nümayəndəsi kimi məni də naharat edir. Bu ikili standart Hüseyn Cavidin «Topal Teymur» əsə­rində fa­teh Teymurun dilindən xitabən  deyildiyi «Avropalıların dilləri başqa, yürəkləri da­ha başqadır” fikrini xatırladır. Biz bu ikili standartlardan narahat deyilik. Möhtərəm Prezidentimizin haqq səsi, onun məqsədyönlü siyasəti bütün dünyaya həqiqəti bəyan edir. Birinci Qarabaq müharibəsinin veteranı olaraq cənab Ali Baş Komandanın müxtəlif televiziya kanallarına verdiyiniz müsahibələri, çıxışları diqqətlə izləyirəm və qürur duyuram ki, İlham Əliyev kimi rəhbəri olan bir ölkənin vətəndaşıyam. Bizə, Azərbaycan xalqına bu tarixi fəxarət və qüruru yaşatdığına, xalqımızın vahid birliyini ən yüksək səviyyəyə çatdırdığına və milli tariximizin son yüzilliyinin müzəffər lideri olduğunuza görə  mən dövlət başçımızla fəxr edirəm.  

  • Maraqlı söhbət üçün təşəkkür edirəm, Həmid müəllim. Ümidvaram ki, 1991-ci ilin aprel ayında xidməti vəzifənizlə bağlı helikopterdə uçarkən səmasında vurulduğunuz Şuşanı yaxın günlərdə ziyarət etmək qismətiniz olacaq.

 

       Söhbəti qələmə aldı:

      Əməkdar jurnalist Hikmət Xudiyev